Rus və xarici dil Azərbaycanda “at oynadır”
Jurnalist günün mövzusunu qabartdı
İşə götürülən zaman ədalət prinsipinin pozulması ictimaiyyət nümayəndələrini də narahat etdi
Rus və xarici dil Azərbaycanda “at oynadır”
Rus və xarici dil Azərbaycanda “at oynadır”
Jurnalist Gülnarə İlham şəxsi feysbuk hesabında övladlarının rus dilli bağça və məktəblərə getməsində, xaricdə təhsil almasında maraqlı olan valideynlərdən yazıb. Bu tendensiyanı təhlükəli hesab edən həmkarımız problemin kökünü dövlət qurumlarında işə qəbul zamanı məhz bu cür kadrlara üstünlük verilməsi ilə əlaqələndirib: "Dövlət qurumlarından tutmuş metroların çıxışındakı köşklərə qədər işə götürənlərin rus dili tələbi çoxsaylı istedadlı kadrları "şikəst” edib.
Onların aqibətini görən Azərbaycandilli təbəqə neçə illərdir haqlı olaraq övladına rus dilində təhsil vermək üçün məktəblərdə yer üstündə dava aparır.
İndi isə yeni dəb düşüb. Yüksək vəzifələrə, şöbələrə əsasən Avropa və Amerika universitetlərində təhsil alanlar gətirilir. Ona görə də az qala hansı valideyni dindirirsən, deyir, "övladımı xaricə oxumağa göndərəcəyəm”. Hansı universitet məzununu dindirirsən, deyir, "heç olmasa, magistratura təhsilimi xaricdə davam etdirim. İmkan olsa qayıtmayacağam. Qayıtsam da, "hörmətlə” qarşılasınlar”.
Doğrudan, nə etmək istəyirsiniz? Ümumiyyətlə, planlarınız nədir? Bəs, buradakı nüfuzlu ali təhsil müəssisələrini yüksək nailiyyətlərlə bitirən tələbələr necə olacaq? Xaricdə oxuyub gələnlərin əlinin altında köməkçi işlədəcəksiniz?”
"Sherg.az” olaraq məsələnin kifayət qədər ciddi və ağrılı olduğunu nəzərə alaraq Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. Jurnalistin fikirləri ilə tamamilə razılaşdığını deyən S.Rütsəmxanlı bildirdi ki, Azərbaycan dilinin arxa plana keçirilməsi, vətəndaşlardan rus və ingilis dillərinin mütləq şəkildə tələb edilməsi prosesinin əsasını qoyan qüvvələr Azərbaycanın müstəqil dövlət statusunu əlindən alıb, buranı Rusiya və ya Qərbin əyalətinə çevirmək niyyəti güdürlər:
"Ola bilər, bu qüvvələr ümumiyyətlə, Azərbaycan dilini, Azərbaycanın varlığını sevməyənlərdir. Bu millətin qanını daşıyan, bu torpağın çörəyini yeyən, dövlətə sayğı duyan insanlar ilk növbədə qanunlara hörmət etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dilidir. Ona görə, bütün müəssisələrdə Azərbaycan dili tələb olunmalı, kadrların öz Ana dilini hansı səviyyədə bildiyi yoxlanmalıdır. Bundan sonra digər xarici dil məsələsi ortaya qoyula bilər. Niyə köşkdə, mağazalarda, adi marketlərdə çalışan işçilərdən rus, ingilis, digər dilləri mükəmməl bilmək tələb edilməlidir?
Orta məktəblərimizdə xarici dillər tədris olunur. Əgər bu proses yaxşı səviyyədə aparılsa, anadilli məktəblərdə öyrənilən xarici dillər yerli idarələrdə işləmək, hətta beynəlxalq əlaqələr qurmaq üçün kifayətdir. Xarici dillər üzrə təşkil edilən fakültələr var. Bir idarədə bütün işçilər hökmən xarici dil bilən olmalıdır deyə qayda yoxdur. Biz xarici dilə önəm verdikcə, ana dili arxa plana keçir. Baxın, məmurlarımız ana dilini hansı səviyyədə bilirlər? İdarələrdə, təşkilatlarda Azərbaycan dili hansı səviyyədə istifadə olunur? Bəzən şəhərin müxtəlif yerlərində elanlar vurulur, idarələrin, təşkilatların bildirişləri yayımlanır. Həmin sənədlərdə çoxlu səhvlər olur. Bütün bunlar sanki dilimizi aşağılamaq üçün qəsdən atılan addımlardır”.
S.Rüstəmxanlı vurğulayıb ki, hazırda beynəlxalq dil ingilis dili hesab olunur. Beynəlxalq əlaqələrdə belə rus dilinə o dərəcədə ehtiyac yaranmır: "Ona görə, israrla övladlarımızı rusdilli məktəblərdə oxutmağımıza lüzum yoxdur. Hesab edirəm ki, rus dilinin bu qədər təbliğ edilməsi, ona meyl edilməsi tələbatdan deyil, xəyanətdən irəli gəlir.
Bu cür fikirlər səsləndirdikdə, başqa istiqamətə yozurlar. Guya biz, xarici dillərin - rus dilinin öyrənilməsinin əleyhinəyik. Halbuki, orta məktəblərdə də tədris edilən bu dil öyrənilsə, yaxşıdır. Amma rus dilini ana dili, dövlət dili statusuna qədər yüksəltmək olmaz. Moskvada sonuncu Azərbaycan məktəbi də bağlandı. Halbuki orada bir milyona yaxın azərbaycanlı yaşayır. Gürcüstanda, Dərbənddə, İranda Azərbaycan məktəbləri yoxdur və fəaliyyət göstərənləri də bağlayırlar. Azərbaycan dilinə qarşı belə cəbhə yaradılmasının səbəbi nədir, əmri haradan verilir? Niyə 50 milyonluq xalqın dilinə qarşı düşmən siyasəti aparılır? Bir yazımda qeyd etmişdim ki, Bakıda ermənilərin təsiri rusların təsirindən çoxdur. Belə görünür ki, burada erməni barmağı var”.
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə problemin digər tərəfinə, işə qəbul zamanı xaricdə təhsil alan şəxslərə qarşı güzəşt edilməsi məsələsini ön plana çıxarıb və bunu digər ali təhsilli şəxslərə qarşı ayrıseçkilik kimi dəyərləndirib. Hər kəsin qanun qarşısında eyni olduğunu xatırladan hüquq müdafiəçisi xaricdə təhsil alan, xarici dil bilgisi olan məzunlara güzəştin istər-istəməz müəyyən narazılıqlara, qeyri-rəsmi münasibətlərə səbəb olduğu üçün bu addımın əleyhinə olduğunu deyib: "Hamı üçün bərabər imkanlarım yaradılması daha məqsədəuyğundur. Qanun da bunu tələb edir”.
Dövlət Qulluğuna qəbulun testlə olduğunu xatırladan Ə.Nuriyevin sözlərinə görə, işə qəbul zamanı universiteti xaricdə bitirən tələbələrin imtahansız işə qəbul olunması mövcud şəraitdən qaynaqlanan bir addımdır: "Azərbaycanda 3 min nəfər dövlət xətti ilə müxtəlif ölkələrin reytinqli universitetlərində təhsil alıb və almaqda davam edirlər. Öz hesabına xaricdə təhsil alan insanların da sayı minlərlədir. Ancaq bu insanlar ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Buna da səbəb onların işə qəbulu və əməkhaqqı məsələsidir. Məhz bu səbəbdən dövlətin vəsaiti hesabına xaricdə təhsil alan tələbələr qarşısında öhdəlik qoyurdu ki, onlar təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb çalışmalıdılar. Sonradan bu öhdəlik aradan qaldırıldığı üçün onların Azərbaycana qayıtmasını stimullaşdırmaq üçün imtahansız işə qəbul mexanizminə keçdilər. Hər nə qədər ayrıseçkiliyin əleyhinə olsam da, etiraf edim ki, Azərbaycanda təhsilin səviyyəsi qaneedici səviyyədə deyil. Həm orta, həm də ali təhsilimizdə ciddi problemlər var. Son illər bu istiqamətdə müəyyən islahatlar həyata keçirilsə də, kadrların hazırlanması sahəsində ciddi bir irəliləyiş yoxdur. Ali təhsil ocaqlarında 70-80-ci illərin dərs vəsaitlərindən istifadə olunub, o dövrün təfəkkürünə üstünlük verilir.
Dünya isə qloballaşıb və yeni texnologiyalar, yeni metodlar tətbiq edilir. Bu isə bizim tələbələrin rəqabət qabiliyyətini aşağı salır. Məhz bu səbəbdən də bir sıra dövlət qurumları və özəl şirkətlər yüksək vəzifələrə xaricdə təhsil alan və dil bilgisi olan şəxsləri təyin edirlər. Amma mümkün qədər ədalət prinsipini qorumaq lazımdır”.
Ə. Nuriyev hesab edir ki, yerli universitetlərə inam və etimadı gücləndirmək üçün təhsilin keyfiyyətini artırmaq və müasir texnologiyaların tətbiqi prosesini sürətləndirmək lazımdır. Bizim universitetlərlə dövlət orqanlarının arasında əməkdaşlıq olmalıdır. Kadr hazırlığı üçün tərəflər arasındakı əlaqələr gücləndirilməlidir ki, stimul rolu oynasın.
Xaricdə təhsil alan tələbələrin heç də hamısının yüksək bacarıq sahibi olmadığını qeyd edən Ə.Nuriyev deyib ki, bəziləri ölkəyə qayıtdıqdan sonra adi sənəd üzərində işləməyi belə bacarmır: "Sırf xaricdə təhsil alıb, xarici dil bilgisi var deyə hər hansı bir şəxs yerli universitet bitirən və ondan qat- qat hazırlıqlı kadr kimi özünü doğruldan birindən üstün tutulmamalıdır”.
Şəymən