Ekspertlərə görə, publisistika jurnalistikanın hazırlayıb ortaya çıxardığı və artıq emala hazır etdiyi mətndir
Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan peşə sahəsidir. Bu peşənin lazımınca icra edilməsi jurnalistin bilməli olduğu çoxsaylı incə məsələlər, mətləblər var. Jurnalistikanın ayrılmaz tərkib hissəsi sayılan sahələrdən biri də publisistika hesab olunur.
Bu iki sahəni çox zaman biri-birinə qarışdırırlar, jurnalistika deyəndə publisistik mətn və əksinə, publisistika deyəndə də jurnalistika başa düşürlər. Hər iki hal jurnalistika ilə publisistika məfhumları arasındakı "sərhədlərin” fərqinə varmamaq və ya həmin sərhədləri təsəvvürə belə gətirə bilməməklə bağlıdır. Ekspertlərə görə, publisistika jurnalistikanın hazırlayıb ortaya çıxardığı və artıq emala hazır etdiyi mətndir. Eyni zamanda bədii-publisistik janrdır. Publisistika isə bu hazır mətnin ideya-estetik xüsusiyyətlərini, uğurlu və kəsir cəhətlərini müəyyənləşdirməklə məşğul olur. Yəni iki sahə arasında qovuşan məqamlar olduğu kimi ciddi fərqlər də var. Birinci olaraq jurnalistikanın fəlsəfəsinin nəyi ifadə etdiyini bilmək lazımdır. Media birinci növbədə cəmiyyəti informasiya ilə təmin edir. Günlə bağlı aktual, cəmiyyətdə baş verən hadisələri gündəlik, hətta indiki texnoloji şəraitdə saatbasaat çatdırmaq jurnalistikanın birbaşa vəzifəsidir. İkinci olaraq, media həmin xəbərlərlə bağlı auditoriyaya təhlillər verir, analiz edir, baş verən hadisələrin səbəb və nəticələrini ortaya çıxarır. Üçüncü isə o məlumatların
cəmiyyət üçün nə qədər faydalı, ziyanlı olmasını təyin edir. Bu mənada jurnalistika publisistika ilə qovuşur. Publisistikanın əsas işi günün aktual mövzularını izah və şərh etməkdir. Amma burada xəbər çaları yoxdur. Şərti anlayış kimi biz mətbuat materiallarına publisistika deyə bilirik. Lakin elmi baxımdan publisistika baş verən hadisəyə, mövzuya kiminsə, daha çox yazıçıların, jurnalistlərin, söz insanlarının subyektiv münasibətidir. Məsələn, buna ən parlaq nümunə olaraq esseləri göstərmək olar. Yəni, publisistika daha çox subyektivliyi, jurnalistika isə sənədliliyi özündə əks etdirir, həqiqəti deyir. Publisistikada həqiqət olmaya bilər. Jurnalistikada isə fərdi münasibət yoxdur. Publisistika "kütlə üçün hazırlanmış sənədli əsərlər toplusu” anlamını daşıyır. Normal analitik düşüncə tərzi olan və düşündüklərini sözə çevirməyi bacaran hər bir kəs publisist ola bilər. Jurnalistika ilə publisistikanın ortaq nöqtəsi bundan ibarətdir ki, media publisistik əsərlərin yayıcısı kimi çıxış edir. Jurnalistin publisist, publisistin jurnalist olması vacib deyil, lakin bu iki keyfiyyətin eyni şəxsdə cəmləşməsi ideal variantdır.
Xüsusən bir sıra hallarda jurnalistlər cəmiyyətdə baş verən olayları daha tutarlı, rəngarəng, təsirli formada insanlara çatdırmaq üçün publisistik janrlardan da istifadə edirlər. Məsələn, pamflet, felyeton, oçerk kimi. Bir sözlə, yalnız publisistika ilə jurnalistika olmur, o, jurnalistikanın bir alətidir.

Məsələ ilə bağlı fikirlərini bölüşən "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də düşünür ki, jurnalistika ilə publisistikanın eyniləşdirilməsi doğru deyil: "Jurnalistikanın daxilində publisistika ilə məşğul olmaq olar, amma publisistikanın daxilində jurnalistika ilə məşğul olmaq olmaz. Müasir dövrdə jurnalistika inkişafdadır. Peşəkar jurnalistikanın sərhədləri çəkilib, etik kodekslər müəyyənləşdirilib. Jurnalistin əsas işi xəbəri mövqe bildirmədən, bütün maraqlı tərəflərin münasibətini öyrənməklə oxucusuna çatdırmaqdır. Peşəkarlar xəbəri çatdıranda mütləq bunları nəzərə almağa və maksimum tərəfsizlik nümayiş etdirməyə çalışırlar. Publisistika isə hər hansı bir şəxsin baş verənlərə subyektiv münasibətini ortaya qoymaqdır. Bu zaman şəxsin hadisələrə baxışı, düşüncələri əsas götürülür. Yazar da, oxucu da bilir ki, ortaya qoyulan subyektiv baxışlar sistemidir. Publisistik yazını qələmə alan peşəkar jurnalist olmaya, mətbuat sahəsində çalışmaya da bilər. Amma, məncə, jurnalistika ilə peşəkarcasına məşğul olmaq lazım gəlir. Burda bir məqamı da qeyd etmək istərdim ki, son vaxtlar sosial medianın gündəmə gəlməsi və böyük populyarlıq qazanması ilə jurnalistika ilə publisistikanın sərhədləri itib. Vətəndaş jurnalistikasının hansısa peşəkar prinsipləri, kriteriyaları yoxdur. İnsanlar sosial şəbəkələrdə, bloqlarında rastlaşdıqları hadisə haqqında jurnalist kimi xəbər yazır, dərhal sonra da publisist kimi həmin xəbərə münasibətlərini ortaya qoyurlar. Bu zaman hansısa peşəkar prinsiplər gözlənilmir. Lakin bu da təbiidir. Sosial media komponentləri arasında konkretləşdirici, tənzimləyici faktorlar yoxdur. Bu baxımdan hesab edirəm ki, bu cür hallar jurnalistika və publisistikanın peşəkar səviyyədə fərqləndirilməsinə maneçilik yaratmamalıdır”.

"Ədalət” qəzeti baş redaktorunun müavini, Əməkdar jurnalist, publisist Əbülfət Mədətoğlu isə bildirib ki, jurnalistika ilə publisistika arasında fərq qoymaq doğru deyil:
"Elə təsəvvür edin ki, eşqlə sevgi, məhəbbətlə sevgi arasında fərq qoyursunuz. Bu iki sahə bir ağacın kökündəndir, sadəcə, hərəsi bir budağı təşkil edir. Jurnalistikada xəbər, informasiya, günün yazısı, oçerk və digər bölümlərdən fərqli olaraq publisistika daha genişdir. Burada yazıçılıq, sözlə nəfəs almaq daha çoxdur. Jurnalistika isə konkretdir. Hansısa bir mətbu orqanında işləyirsinizsə, siz günün xəbərlərini hazırlayır, informasiya çatdırırsınız, xüsusən də internet mediasında. Ona görə də iki sahə arasında fərq hiss olunur. Əslində isə belə bir fərq yoxdur, həmin sahələrdə ciddi bir fərq görmürəm. Tanıdığım jurnalistlər var ki, onların publisistikası çox yazıçının kitablarından sanballıdır. Yaxud da bəzi yazıçıların publisistik əsərləri bədii əsərlərindən daha güclüdür. Bu gün üçün jurnalistikanın vəzifəsi insanları baş verən hadisələrin mahiyyəti, necə cərəyan etməsi ilə bağlı məlumatlandırmaq, ilkin informasiyanı çatdırmaqdır. Publisistikanın vəzifəsi isə onu şərh etmək, araşdırıb haradan hara gəlib çıxdığını göstərməkdir”.

Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, fəlsəfə doktoru Natəvan Dəmirçioğlu deyib ki, fərqi bilmək üçün əvvəl oxşarlığı bilməliyik:
"Jurnalistika beynəlxalq terminlə "press”, türkcə "basın” adlandırılıb, təzyiq və təsir mənasını versə də, hətta ictimai institut olaraq IV hakimiyyət adlandırılsa da, əslində tirajlanma mahiyyətini daşıyır. Jurnalistikanın ilkin rüşeymi xəbərin tirajlanması - yayılması ehtiyacıdır. Demək, jurnalistika xəbərləyir, publisistika xəbəri, hətta olayı izahlayır. Bütün hadisələr olaydır, amma bütün olaylar xəbər deyil. Bəzən publisistikanı jurnalistikanın bədii forması olaraq dəyərləndirirlər. Bu doğru deyil. Baxmayaraq ki, iki əsr bundan əvvəl publisistika yarananda onu Avropada "sosial ədəbiyyat” adlandırırdılar. Azərbaycanda da böyük publisistlər nəsli var və bu sahənin tarixi zəngindir. Amma bu gün siyasi publisistika, elmi publisistika, kirminal publisistika və s. var. Araşdırma jurnalistikası getdikcə daha çox aktuallaşır. Onda publisistikanı jurnalistika ilə ədəbiyyat arasında körpü hesab edənlərin körpüsünü su aparır. Bəlkə belə də iddia etmək olar: İxtisasından asılı olmayaraq bütün publisistlər jurnalistdir, bütün jurnalistlərsə publisist ola bilmir”.

"Region TV”nin redaktoru, telejurnalist Səfurə Çərkəzqızı bəyan edib ki, bu cür müqayisənin özündə bir az qəribəlik var.
Çünki müqayisə elədiklərimizdən biri peşə, o biri isə həmin peşənin bir janrıdır: "Jurnalistika peşədir, publisistika isə janrdır. Jurnalistika ilə məşğul olan kəs həm də publisist ola bilər. Jurnalist yazısı daha çox faktların dili ilə danışmalıdır, elə ona görə də "jurnalist tərəfsiz olmalıdır!” deyirik. Amma publisistik yazılarda daha çox fərdi düşüncələrə yer verilir. Kimsə bu düşüncələrlə razılaşmaya bilər. Jurnalistikanın vəzifəsi faktı olduğu kimi cəmiyyətə çatdırmaqdır. Publisist isə baş verənləri öz arşını ilə ölçə bilər. Buna görə onu heç kəs qınamaz! Məsələn, bir reportyor yazdığı, çəkdiyi bir xəbərin, süjetin sonunda öz fikrini yazsa, desə, biz onu qeyri-peşəkarlıqda qınayarıq. Amma publisistin tam ixtiyarı var ki, hər hansı hadisəyə öz yanaşmasını sərgiləsin. Peşəkarlar öz fikirlərində jurnalistika və publisistikanın ayrıca vəzifələri və xüsusiyyətlərini izah etdilər. Nəticə olaraq bu iki sahənin birini obyektivlik çərçivəsində nisbətən subyektiv fikirləri ötürməsi (publisistika), digərini isə yalnız və yalnız obyektivliyi saxlamaq, şəxsi fikrin yolverilməzliyi ilə seçildiyini (jurnalistika) deyə bilərik”.
Nurlan Ağa
BDU jurnalistika
fakültəsinin ııı kurs tələbəsi
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb