"Karapetyan Rusiyanın, Paşinyan isə Qərbin adamıdır" - Vəziyyət mürəkkəbləşir






"Rusiya dünyanın müxtəlif regionlarında öz mövqeyini möhkəmləndirən və Moskvaya idmət edən rejimlər yaradan dövlətdir”.

Bunu "Sherg.az”a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

O vurğulayıb ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur:

"Rəsmi Moskvanın regionda təsir altında saxladığı yeganə ölkə Ermənistandır. Ona görə, Putin hərbi qüvvələrini yerləşdirdiyi erməni ərazilərindən çıxmaq fikrində deyil. Üstəlik, Rusiya rəsmi İrəvanın mövqeyini öyrənmədən oradakı siyasi məsələləri tamamilə həll edir. Yenə də Rusiya Ermənistandakı hadisələrə nəzarəti əldən buraxmır.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan Putinin adamıdır. Ona görə, Kreml K. Karapetyanın baş nazir postunda qalmasını çox istəyir. Etiraz dalğasının başlamasından bu yana Rusiya siyasətini gizli həyata keçirməyə çalışırdı. Artıq Putin açıq oyuan keçir, İrəvandakı xaosa müdaxilə edir”.

Etirazçıların rəhbəri Nikol Paşinyanın nazirlik iddialarına gəlincə, A.Nağı deyib ki, bu şəxs indiyə qədər Qərbi müdafiə etdiyindən vəzifə əldə etmək şansı azdır:

"Rusiya bilir ki, N.Paşinyan rus hərbi bazasının Gümrüdə yerləşdirilməsinin əleyhinədir. Hətta rəsmi İrəvanın Avrasiya İqtisadi Birliyinin tərkibindən çıxmasını dəstəkləyir. Ona görə, V. Putin K. Karapetyanı dəstəkləyir. N. Paşinyanın iddialarından əl çəkməməsi isə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. May ayının 1-də keçiriləcək baş nazir seçkisində ciddi qarşıdurma yaranacağı ehtimal olunur”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb. Kremlin bu barədə məlumatında bildirilir ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir.

Aysel Aslan