“Əks halda kazinolara yaşıl işıq yandıran Kipr daha çox inkişaf edərdi”
Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopyadır
“Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər”
“Əks halda kazinolara yaşıl işıq yandıran Kipr daha çox inkişaf edərdi”
“Əks halda kazinolara yaşıl işıq yandıran Kipr daha çox inkişaf edərdi”
Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirərkən maraqlı təkliflə çıxış edib. Deputat deyib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən xüsusi kazinolar açılmalıdır. Onun sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, bunu dəstəkləyib. Ancaq indi vəziyyət dəyişib:
"Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, turistlər üçün açıqdır. Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar”. "Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli də millət vəkilinin kazinoların yaradılması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib. Milyarder deputatın təklifini çox ağıllı və ölkə iqtisadiyyatı üçün faydalı hesab edir: "Mən iş adamı kimi hər zaman bu təklifi dəstəkləmişəm. Çünki Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. İmkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar pul götürüb
kazinoya gedirlər. Əslində onlar kazinolara uduzmaq üçün deyil, istirahət etmək və dincəlmək üçün gedirlər. Kazino da istirahət etmək üçün bir mədəni klubdur. Onu qumar və pul uduzduran məkan kimi düşünmək doğru deyil”. Nehrəmli bildirib ki, Azərbaycanda kazinolar üçün ən əlverişli yerlərdən biri özünün müəllifi olduğu "Xəzər adaları” şəhərciyidir: "Əgər "Xəzər adaları”nda kazino açılmasına icazə verilərsə, o zaman Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq və ölkəyə milyardlarla vəsait daxil olacaq”. Xatırladaq ki, millət vəkili Q.Həsənquliyevin və iş adamı Hacı İbrahim Nehrəmlinin məsələyə yanaşması ictimaiyyət nümayəndələri və iqtisadçılar tərəfindən birmənalı qarşılanmayıb.
VHP sədri, sabiq deputat Sabir Rüstəmxanlı Azərbaycanda kazino açmağa lüzum görmədiyini deyib: "Azərbaycanda kazinoların açılması ilə bağlı səslənən təklifləri gərəksiz hesab edirəm. Məncə buna ehtiyac yoxdur. Dünyada yetərincə kazino var. Onsuz da dünyanın bütün kazinoları məmurlarımızın ixtiyarındadır”.
Millət vəkili Fazil Mustafa bu təklifin müsbət tərəflərinin olduğunu vurğulamaqla yanaşı, mənfi tərəflərinin mövcudluğuna diqqət çəkib: "Bu da çoxsaylı təkliflərin içində yer alan məsələlərdəndir. Hansısa yolla büdcənin doldurulması imkanları müzakirə olunanda bu xarakterli təkliflərin səsləndirilməsinə normal yanaşmaq lazımdır. Hər halda qonşu Gürcüstanda bunun effektli olduğuna görə kazino mövzusu bizdə də aktuallıq qazanmaqdadır. Mənim fikrimcə, hər hansı qumar variantını genişləndirmək əvəzinə azad sahibkarlıq mühitinin gerçəkdən yaradılması kifayətdir ki, Azərbaycan insanının çevikliyi hesabına bu böhrandan çıxa bilək. Qumar oyunlarından gələn gəlirlər nə qədər əhəmiyyətli rəqəmlər olsa da, cəmiyyətin mənəvi aurasının pozulması üçün də münbit şərait yaradır. Hər halda səsləndirilən bütün təkliflərin fayda-zərərini dəqiq araşdıraraq optimal qərarlar qəbul edilməlidir”.
Tanınmış iqtisadçı Vüqar Bayramov da kazinolarla bağlı təklifə ikrah hissi ilə yanaşıb: "Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristian dövlətində belə Hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq keçmişdə qalıb. Əks halda kazinolara yaşıl işıq yandıran Kipr daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür. Kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər. Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər”.
İqtisadçı-ekspert Natiq Cəfərli də açıqlamasında kazinoların açılması ilə ölkəyə turist axınının baş verəcəyini düşünməyin yanlış təsəvvür olduğunu bildirib: "Dünyada elə bir yanaşma yoxdur ki, kazinolar məhz ölkəyə turizm axınının genişlənməsinə səbəb olur. Azərbaycanda turizmlə bağlı problemlər ancaq kazino ilə məhdudlaşmır. Bu istiqamətdə onlarla problem var. Kazinoların açılması fonunda yerli sakinlərin ora gəlişinə qadağa qoymaq isə ümumiyyətlə mümkün deyil. Dünyada belə bir praktika yoxdur. Kazinolar açılarkən belə addımın atılması əksinə korrupsiyaya yol açacaq. Kimlərsə ora düşmək üçün rüşvət verməli olacaq”.
İsmayıl