"Kənd təsərrüfatını dədə-baba qaydası ilə inkişaf etdirməyə çalışırlar" - İqdisadçı RƏYİ

"Türkiyədə 1 hektardan alınan pomidor Azərbaycanla müqayisədə 2 dəfə çoxdur. İsraildə hətta 3 dəfə yüksəkdir"



"Kənd təsərrüfatında məhsuldarlıqla bağlı çox ciddi problemlər var”.
Bunu Sherg.az-a bazarlarda meyvə və tərəvəzlərin qiymətlərinin baha olmasının səbəblərini izah edərkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əkin sahələri təbii problemlərə görə azdır və məhsullar çox aşağı səviyyədədir:
"Həmçinin ətraf ölkələrə ixracat potensialı artıb. Ona görə, daxili bazarda olan tələbat ödənilmədən, xarici bazarlara üz tutmaq problemlərə səbəb olur. Bu da məhsulların çatışmazlığı, qiymətlərin artması ilə müşahidə olunur. Digər səbəblərdən biri də ölkədə istehlakın turizm hesabına artmasıdır. Turistlər artır və kənd təsərrüfatının məhsuldarlığı, istehsalı artmadıqca, sanki bazara çıxacaq məhsulların çatışmazlığı yaranır.

Kənd təsərrüfatı məhsullarının ixracatında təqribən 2,3 faizə yaxın artım var. Amma bu artdıqca istehsalat da artmalıdır. Təəssüf ki, burada köklü problemlər var.
Məhsuldarlığın artmamasına səbəb olan texnoloji yeniliklərin kənd təsərrüfatında, aqrar sahədə tətbiqi zəifdir. Məsələn, Türkiyədə 1 hektardan alınan pomidor Azərbaycanla müqayisədə 2 dəfə çoxdur. İsraildə hətta 3 dəfə yüksəkdir. Bu onu göstərir ki, yeni texnologiyalar, suvarma sistemləri, dərman preparatları lazımi şəkildə istifadə olunarsa, məhsuldarlıq da artar. Hələlik kənd təsərrüfatına innovativ yanaşma yoxdur, dədə-baba qaydası ilə inkişafa çalışırlar. Bu da məhsuldarlığa təsir göstərir.

İyirmi faiz torpaqlarımız işğal altındadır, o qədər də şoranlaşmış torpaqlarımız var. Dağlıq əraziləri də nəzərə alsaq, əkin üçün kifayət qədər az yararlı torpaq qalır. Bu problemlər olduğuna görə, daha az torpaqdan daha çox məhsul almalıyıq. Bunun da yolu kənd təsərrüfatında elmi, innovativ yanaşmadan keçir. Təəssüf ki, ciddi irəliləyiş nəzərə çarpmır”.

Qeyd edək ki, mövsümü olmasına baxmayaraq ən çox bahalaşan pomidor və qarpızdır. Satıcılar bunu bazara çıxarılan məhsulun az olması ilə izah edir və yaxın günlərdə qiymətlərin düşəcəyini deyir.

Aysel Aslan