Kəşfiyyatçılarının görüşü bir mesajdır

Müdafiə Nazirliyinin görüşü barədə məlumatı ictimailəşdirməsinin sətiraltı mənası var


Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü regionda sabitliyin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayacaq. Bir sıra siyasi şərhçilər bu fikirdədir ki, Türkiyə və Azərbaycan arasında istər hərbi, istər iqtisadi, istərsə də siyasi-ictimai sahədə əməkdaşlıq region üçün yalnız müsbət xarakter daşıyır.

İki ölkə kəşfiyyatçılarının görüşünü şərh edən politoloq Arzu Nağıyev adətən bu səpkili tədbirlər barədə məhz önəmi nəzərə alınaraq qısa məlumatlar verildiyini bildirdi:

- Məlumatlar, gözlənildiyi kimi, geniş deyil. Görüşün məqsədi bəllidir; iki ölkənin hərbi sahədə əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi, zəruri məlumatların vaxtında çatdırılması, regional və kiber təhlükəsizlik və s. Belə görüşlər ölkələr arasında əlaqələrin, sıx əməkdaşlığın mövcudluğunu bir daha təsdiq edir. Türkiyə Azərbaycan üçün hansı önəmi daşıyırsa, Azərbaycan üçün də təbii ki, keçərlidir. Bu baxımdan belə görüşlər əlbəttə, əhəmiyyətlidir.

Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov da Türkiyə və Azərbaycan kəşfiyyatçılarının görüşünün iki ölkə, həmçinin region üçün əhəmiyyətini vurğuladı:

- Belə görüşlər təkcə hərbi kəşfiyyatçılar deyil, bütün qoşun bölmələri arasında gerçəkləşir. Müdafiə Nazirliyinin hərbi kəşfiyyatçıların görüşü barədə məlumatı ictimailəşdirməsinin, sözsüz ki, sətiraltı mənası var. Bu da ondan ibarətdir ki, düşmən tərəfi Azərbaycanın və eləcə də Türkiyənin gərəkən məlumatları əldə etmək imkanının olduğunu bilsin. Yəni biz, əhəmiyyətli saydığımız məlumatları istənilən vaxt əldə edə bilərik. Başqa dövlətlər də bu işlə məşğuldur. Rusiya cənub dairəsi vasitəsilə Ermənistana məlumatlar ötürür. Ermənistan Türkiyəyə də qonşu dövlətdir. Azərbaycan da Ermənistan tərəfindən işğala məruz qalmış dövlətdir. Onsuz da biz heç vaxt Türkiyə ilə qardaş ölkə olduğumuzu, ümumi maraqlarımız, ümumi mənafeyimiz olduğunu gizlətməmişik. Hər iki dövlətin biri-birinə güvəni sonsuzdur. Hərbi kəşfiyyatçıların görüşü kimi ikitərəfli görüşlər həm də bu güvənin göstəricisidir, həm də hesab edirəm ki, region ölkələrinə Azərbaycanla Türkiyənin eyni mövqedə olduğunu göstərən növbəti bir mesajdır. Düzdür, burada hər hansı hərbi əməliyyatdan, yaxud hücumdan söhbət getmir. Ancaq belə görüşlərin praktik tədbirlərə transfer ediləcəyi də istisna sayılmaz.

Məlahət Rzayeva