Uşaq ölümlərinin bir səbəbi də valideynlərin peyvəndə laqeyd yanaşmasıdır
Son illər paytaxtımızda uşaq ölümlərinin sayı artıb. Statistik göstəricilərə əsasən 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub.
Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir. 2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-ı kənd yerlərində ölüb.
Bəs görəsən, paytaxtımızda uşaq ölümlərinin sayının artmasına səbəb nədir?
Hazırda səhiyyənin ən qlobal probleminin ana və uşaq ölümləri olduğunu deyən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov uşaq ölümlərinin əsas səbəblərindən biri kimi hamiləliyin düzgün getməməsini qeyd edib:
"20-ci əsrin sonu 21-ci əsrin əvvəllərindən şəhərə axın, qeyri-düzgün urbanizasiya var. Təkcə Bakıda deyil, bütün keçmiş sovet respublikalarının əksəriyyətində mərkəzi və böyük şəhərlərə düzgün olmayan axınlar var idi. Gənclərin əksəriyyəti şəhərə axıb.
Ölüm hallarının bir səbəbi budur.
Son vaxtlar doğuşların böyük əksəriyyəti keysəriyyə əməliyyatı ilə olur. Görün bu nə qədər ziyanlıdır. Keysəriyyə əməliyyatı ilə doğulan uşaqların əksəriyyəti risk qrupuna daxildir. O uşaqlar demək olar ki, normal doğulmur. Həmin uşaqlarda bir yaşa qədər ölüm hallarına təsadüf olunur. Bütün bunların da hər birinin ölüm hallarında rolu var. Sağlamlıq nöqteyi-nəzərdən hər şey hamiləlikdən gəlir. Hamiləlik normal keçmədiyinə görə normal doğuş olmur və yaxud uşaq ölü doğulur. Bildiyimiz kimi 1 yaşa qədər olan dövr uşağın yaşının ən çətin dönəmi sayılır. Hazırda penmaniyalar əleyhinə uşaqlarda peyvəndlər aparılır. İmmunitet olmadığına görə belə uşaqlar xəstəliyə tez yoluxurlar, tez də ölürlər. Respublikada həkimlərimiz, alimlərimiz var, hər dəqiqə cəhd edirlər ki, ana və uşaq ölümü az olsun, amma yenə də şəhər klinikalarında uşaq ölümü baş verir”.
Ş.Məmmədov həmçinin deyib ki, uşaq ölümlərinin baş verməsinin səbəblərindən biri valideynlərin peyvəndə laqeyd yanaşmasıdır:
"Axı dünyanın hər yerində profilaktik peyvəndlər aparılır. Bəlkə də milyonda bir uşaqda ola bilər ki, peyvənddən ona reaksiya keçsin və ölüm halı olsun. İnsanlarda bir qorxu yaranır peyvəndə qarşı, amma əslində bu boş şeydi. Peyvənddən qaçırlar, ona görə də uşaqların immuniteti olmur, tez xəstəliyə yoluxur və ağır keçirir, bəzən də həyatlarını itirirlər.
Uşaq ölümlərinin başqa bir səbəbi isə ana məsuliyyətsizliyi və savadsızlığıdır. Elə analar var ki, hamiləlik dönəmində həkimə müraciət etmir, hansısa məsləhətlər almır. Bütün bunlar problemlərə səbəb olur. Bu sahədə geniş maarifləndirmə aparılmalıdır. Sovet dönəmində belə deyildi. Rusiyada və Avropa ölkələrində hamiləlik dönəmində psixoterapiya aparırlar, hamilə qadınlar üçün xüsusi kabinetlər var. Doğuşa qədər onlarla məşğul olurlar. Yəqin ki, belə bir sistem bizə də gəlib çıxacaq. Tanıdığım bir xanım var, 4 aylıq hamilə olanda təyin eləmişdilər ki, onda hamiləlik daun sindromu ilədir. Xromosom çatışmazlığı var və bütün bunlar savadsızlıqdan irəli gəlir. Daun sindromundan uşaq dünyaya gətirib və indi onun əziyyətini çəkir”.
Yeganə Bayramova