“Kimsə krediti qaytarmırsa, bunu kefindən etmir”

Samir İsmayıl: “Vətəndaş gözləmirdi ki, bir gecənin içində 50 faiz devalvasiya olacaq və o öz işini itirəcək”
“Düşünmək lazımdır ki, niyə görə iki il bundan qabaq hamı kreditini qaytarırdı, amma bu gün qaytara bilmir, ya da qaytarmır”
Burada mütləq çıxış yolu tapılmalıdır. Banklar vətəndaşların hamısını məhkəməyə verə bilməz. Yaxşı, tutaq ki, bütün borcluların əlində olan əmlakı müsadirə etdilər. Bəs onları kimə satacaqlar? Onsuz da hamının vəziyyəti pisdir...


Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı "Antikollektor” adlı hüquq şirkətinin insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrətdiklərini deyib. R.Aslanlı digər şirkətlərin də bu işlə məşğul olduqlarını iddia edib. Daha sonra o, vəkil Əkrəm Həsənovun yaratdığı "Antikollektor”un ofisinə gedib və özünü müştəri kimi təqdim edib.

Bununla bağlı mətbuata açıqlama verən Əkrəm Həsənov bildirib ki, "Antikollektor” qanuni yaradılmış hüquq şirkətdir və borcluları digər hüquq firmaları, vəkillər və hüquqşünaslar müdafiə edir: "Rüfət Aslanlı qiymət siyasətimiz haqda soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir. Amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim "Antikollektor” haqda fikrini dəyişib”. Vəkil rəhbərlik etdiyi şirkət barədə səsləndirilən fikirlərə də münasibət bildirib: "Antikollektor”un rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin iki şərtlə, qanun çərçivəsində və imkan daxilində. Azərbaycanda neçə ildir kollektor şirkətləri fəaliyyət göstərir, əhaliyə qan utdurur, qorxudur, dəng edir və s., buna heç bir dövlət orqanı münasibət bildirmir, amma 3 gün fəaliyyət göstərən "Antikollektor”a belə münasibət göstərilir? Deməli, insanların hüquqlarını pozan haqda susmaq, amma insanları müdafiə etmək istəyənin üzərinə getmək lazımdır?”. Ə.Həsənovun sözlərinə görə, bu cür fikirlərin arxasında banklar durur.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Media Consulting & Services” media xidmətləri şirkətinin rəhbəri, iqtisadçı ekspert Samir İsmayıl deyib ki, adıçəkilən şirkətlə tanış olub. Amma onun fəaliyyətini tam qiymətləndirə bilməyib. Ona görə də şirkətlə bağlı ekspert kimi münasibət bildirməyi düzgün olmazdı: "Mənim üçün açıq suallar var və özüm cavab tapmadığım suallarla bağlı kiməsə nəsə deyə bilmərəm. Ümumiyyətlə deyirəm ki, məsələni "necə edək, kreditləri qaytarmayaq” kontekstində qoymaq düzgün yanaşma deyil. Bu, heç mümkün də deyil. Sadəcə məsələni belə qoymaq olar ki, banklar və kredit verən şirkətlər indiki vəziyyətdən sui-istifadə etməsinlər. Bu istiqamətdə vətəndaşlara hüquqi yardım göstərmək olar. Düşünmək lazımdır ki, niyə görə iki il bundan qabaq hamı kreditini qaytarırdı, amma bu gün qaytara bilmir, ya da qaytarmır. Deməli, bunun səbəbi var. Səbəbi də devalvasiyadır, iqtisadi böhrandır. Yaranmış böhrana görə insanlar işini itirib, maaşları dəyərdən düşüb. Ona görə də aldıqları kreditləri qaytara bilmirlər”.

 Ekspert bildirib ki, şirkətlərin də xidməti kredit verənlərlə alanlar arasında normal bir körpü yaratmaq olmalıdır: 

"Məsələn, tutaq ki, mən bankdan kredit götürmüşəm və onu qaytara bilmirəm, amma siz də həmin banka əmanət qoymusuz. Ya həmin əmanətdən faiz, dividend götürmək istəyirsiz, ya da ümumiyyətlə əmanətinizi geri götürmək. Artıq burada zəncir qırılır. Çünki bankların istifadə etdiyi pulların əksəriyyəti əmanət kimi alınıb kreditorlara verilən vəsaitdir. Onda gərək banklar da özləri ayrıca bir qurum yaradıb əmanətləri geri qaytarmamağın yollarını axtarsınlar. Belə olmaz axı. Bu, bütün maliyyə sistemini dağıdar, iqtisadiyyatımızı çökdürər. Hər pulun sahibi var. Nəzərə almaq lazımdır ki, bank verdiyi kreditlərin hamısını öz hesabından ödəmir. Bu, başqa kreditlərin, kimdənsə, hansısa xarici ölkədən, digər banklardan, vətəndaşlardan alınan pullardır. Bankın da öhdəliyi var. Burda iki tərəf arasında güzəşt olmalı, problem razılaşma əsasında həllini tapmalıdır. Müqaviləni birtərəfli qaydada pozmaq olmaz. Çünki hər iki tərəf sənədi təsdiq edib, imza atıb. Yenə deyirəm, vahid sistemdə zəncirin qırılması bütün şəbəkəni dağıda bilər”. 

S.İsmayılın sözlərinə görə, krediti qaytarmamağın səbəbləri müxtəlifdir. Əvvəllər məsuliyyətsiz kredit götürənlər var idi. Onlar bilərəkdən qaytarmırdılar. Amma indiki məqamda qaytarılmayan kreditlər həddindən artıq kütləviləşib. Lakin bu, birbaşa vətəndaşların özündən asılı olmayan səbəblərdən olub: "Vətəndaş gözləmirdi ki, bir gecənin içində 50 faiz devalvasiya olacaq və o öz işini itirəcək. Bir il qabaq bankdan kredit götürüb, nəsə alıb və az-az borcunu ödəyib. Amma birdən-birə belə vəziyyət düşüb. Krediti qaytarmırsa, bunu kefindən etmir. Sadəcə olaraq qaytara bilmir, çünki iqtisadi vəziyyəti mürəkkəbdir, imkanı yoxdur. Burada mütləq çıxış yolu tapılmalıdır. Banklar vətəndaşların hamısını məhkəməyə verə bilməz. Yaxşı, tutaq ki, bütün borcluların əlində olan əmlakı müsadirə etdilər. Bəs onları kimə satacaqlar? Onsuz da hamının vəziyyəti pisdir. Heç kim onları almayacaq. Bazarda daşınan və daşınmaz əmlakın qiyməti düşüb. Alıcılıq qabiliyyəti yoxdur, alqı-satqı prosesi dayanıb. Ona görə də dialoq lazımdır, dövlətin köməyi lazımdır. Məsələn, Gürcüstanda belə bir problem yaranmışdı. Gürcü parlamenti bir qanun qəbul etdi. Həmin qanuna görə, əgər vətəndaş krediti qaytara bilmirsə, onun evi müsadirə oluna bilməz. Çünki vətəndaşın evindən qovulması sosial problem yaradır. Eyni zamanda ABŞ-da, Avropada bir müddət əvvəl insanlar ipoteka kreditlərini qaytara bilmirdilər. Həmin dövlətlərin hökumətləri vətəndaşların borcunu ödədi və onları işlə təmin edərək borclarını qaytarmaq üçün möhlət verdi”.    

 Ekspert bəyan edib ki, əgər insanlar kütləvi şəkildə kreditləri qaytara bilmirsə, deməli məsələ çox ciddidir. Amma bununla bağlı vətəndaşların hüquqşünas tutması və borcdan yayınmağa çalışması doğru deyil: 

"Çox vaxt banklar vətəndaşları kredit borcuna görə məhkəməylə, həbslə qorxudurlar. Amma kreditə görə həbs yoxdur. Buna görə kimisə tutmaq olmaz. Əgər borclu insanlar məhkəmələrin oyunundan baş çıxarmaq və məsləhət almaq üçün hüquq şirkətlərinə üz tutursa, bu, qanunidir. Yox əgər vətəndaşa borcu ödəməkdən boyun qaçırmağın yolları öyrədilirsə, bu, qanunsuzluqdur”.

İsmayıl