“Kinomuz həqiqətən məhv olacaq”

Hüseyn Mehdiyev: “Onu həyata qaytarmaq üçün vəsait lazımdır”“Azərbaycanın gələcək nəsli hansı filmlərə baxacaq? Bu gün çəkilən bəsit, məişət səviyyəsində çəkilən qeyri-peşəkar seriallara?”
"Azərbaycan kinosunun çox güclü kadr potensialı bu gün işsizdi. Öz yaradıcılıq
imkanlarını xərcləyə bilmirlər”
Bəzən Azərbaycan filmlərində deyilən sözlər el deyiminə çevrildiyi üçün onlardan sitat olaraq istifadə edilir. Ya da ən azı o filmlərdə işlədilən fikirlər məkanına və məqamına uyğun olduğunda yarızarafat, yarıgerçək onlara müraciət edilir. Elə "Bəyin oğurlanması” filmində Xalq artisti Səməndər Rzayevin kino ilə bağlı söylədiyi fikir bu gün bir çox hallarda dillər əzbərinə çevrilib - "Bu kino ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib!!! "Həqiqətən kino sənət əsəri olaraq ən ciddi və qəliz janr sayılır. Kino çəkmək o qədər asan olmasa da, bir millətin, dövlətin mədəniyyətinin inkişafında müstəsna rol oynayır.
Azərbaycan kino tarixində də imzası bəlli olan kino xadimlərimiz, sənətkarlarımız, rejissor və aktyorlarımız var. Bu dəfə "Şərq”in qonağı "Qoca palıdın nağılı”, "Məkanın melodiyası”, "Özgə vaxt”, "Süd dişinin ağrısı”, "Şahid qız”, "Şəhərli biçinçilər” filmlərinin rejissoru, milli kinomuzda xüsusi yer tutan bu filmlərin rejissoru, Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevdi. Onunla Azərbaycan filminin bugünkü durumundan danışdıq.
- Bir müddət Azərbaycan kinosunda durğunluq yaşansa da, sonralar dövlətin dəstəyi ilə çəkilən filmlər və seriallar oldu. Amma tamaşaçı bu gün çəkilən filmlərdən tam məmnun deyil. Nə çatmır bizdə?
- İlk növbədə onu qeyd edim ki, bir müddət dövlət film çəkməyə maliyyə ayırsa da, sonradan bu proses dayandırıldı. İndi dövlət büdcəsi ilə hansı film çəkilir? Deyirsiz pul ayrılır. Pul hardan var? Pul olsa, film çəkilər. Vəsait yoxdu. Çəkənlər də ordan-burdan, xımır-xımır, qəpik-quruş tapırlar. Belə kino çəkmirlər. Film qəpik-quruşla çəkilmir. Bu gün Azərbaycanda kinoya qeyri-ciddi münasibət var. Film çəkmək özfəaliyyət şəklini alıb. Ona görə də filmə ciddi yanaşan da yoxdu. Aydın məsələdi ki, sponsorların verdiyi qəpik-quruşla çəkilən filmdən keyfiyyət gözləməyə də dəyməz. Qaldı çəkilən seriallara, onlarla da prodakşnlar məşğul olmalıdır. Orda da maliyyə özünü göstərir. Təbii burda da professionallıq olmalıdı. Serialları da professionallar çəkməlidir. Hərçənd bizdə buna az hallarda rast gəlirik. Hardaki professional var, bir balaca nəsə görmək olur.
- Yəni bu gün Azərbaycan kinosunun ağır durumda olmasının bir əsas səbəbi var - maliyyə, vəsait.
- Bəli, kinoda iki amil şərtdi. Professionallıq və vəsait. Vəsait olmadan film çəkmək olmaz. Ona görə də dövlət tərəfindən böyük vəsait ayrılmalıdır ki, Azərbaycan kinosunu basdırmayaq. Azərbaycan kinosu can verir. Onu həyata qaytarmaq üçün vəsait lazımdı. Bunu başa düşənə qədər kinomuz həqiqətən məhv olacaq. Bizim o qədər güclü aktyor, kino işçisi olaraq işsiz qalan kadrlarımız var ki, onlar film çəkməyə acdılar. Artıq həyəcan səsini duyurmaq lazımdı. Həyəcan təbili çalınmalıdır. Azərbaycanın gələcək nəsli hansı filmlərə baxacaq? Bu gün çəkilən bəsit, məişət səviyyəsində çəkilən qeyri-peşəkar seriallara? Bunu niyə lazımi orqanlar, lazımi məmurlar dərk etmək istəmirlər? Nəyi gözləyirlər?
- Dediniz kinoya bu gün qeyri-ciddi baxırlar...
- Bəli, bu gün kinoya qeyri-ciddi münasibət var. Kinoya münasibəti dəyişmək lazımdı.
- Bəs bu münasibəti dəyişmək üçün hansı addımlar atılmalıdır?
- Onu mən dəqiq deyə bilmərəm. Yuxarıda oturub kinoya, mədəniyyət sahəsinə nəzarət edən məmurlar düşünməlidir. Onlar kino inkişafı proqramı hazırlamalıdırlar. Kinoya nəzarət edən, cavabdeh olan, o yerdə kimi oturdublar, onlar düşünüb bir çıxış yolu tapmalıdırlar. Onlar niyə düşünmürlər ki, kinomuz niyə bu vəziyyətdədi. Biz yetərincə kinomuzun bugünkü durumu barədə informasiya vermişik. İstər mətbuat vasitəsilə, istərsə də onlarla söhbətlərimiz zamanı. Mədəniyyət Nazirliyi durumdan xəbərdardı. Niyə göz yumur?
- Son vaxtlar belə bir sual da yaranır. Qeyri-peşəkarları suçlayırlar. Niyə peşəkarlar film çəkmir, meydanı onlara buraxırlar. Konkret olaraq Hüseyn Mehdiyev niyə film çəkmir?
- Burada yalnız bir səbəb var. Maddi vəsait. Pul olmadan necə film çəkək? Qapı-qapı dilənib sponsor gücünə film çəkmək olmur. Mən tam əminliklə deyə bilərəm ki, bizim çox güclü, səviyyəli, intellektual kadr potensialımız var. Azərbaycan kinosunun çox güclü kadr potensialı bu gün işsizdi. Öz yaradıcılıq imkanlarını xərcləyə bilmirlər. Mən hələ demirəm ki, onlar bu gün pul qazana bilmirlər, ailələrini dolandıra bilmirlər. Mən hələ bunlardan danışmıram.
- Əslində bəzən bu günün tamaşaçısı Azərbaycan kino bazasını zəif hesab edir. Hətta türk filmlərini izləyən tamaşaçıda o təəssürat yaranıb ki, onların aktyorları da, çəkdikləri filmlər də bizdən daha güclüdü.
- Bunlar hamısı cəfəngiyatdı. Bilə-bilə yayılan söz-söhbətlərdi. Qətiyyən razı deyiləm ki, Azərbaycan kinosunun kadr potensialı kifayət qədər güclü və professionaldı. Azərbaycan kinosunun yetərincə imici var. Tarix də göstərir ki, indiyə qədər çəkilən ciddi filmlər də zamanın sınağından çıxa bilib. Zaman buna sübutdur. Mən heç də şübhə etmirəm ki, bu gün professional şəkildə çəkilən filmlərimiz də zamanla qəbul olunacaq, baxılacaq. Çünki filmlərimiz bədii əsərdi. Əsər heç vaxt korlanmır. Zəif belə güclü filmə çevrilə bilir. Sadəcə kinoya ciddi münasibət lazımdı. Kinoya qayğı olmalıdır. Bu gün əfsus ki, o qayğı yoxdu.
- Yəni o qayğı hiss olunmur?
- Qətiyyən o qayğı hiss olunmur. O qayğı sözü bəlkə ironiya kimi səslənə bilər. Düzdü, kino ciddi sənət əsəri olaraq qayğıya ehtiyacı yoxdu. Normal bazar iqtisadiyyatı olsaydı, təbii ki, kinomuzun dövlətin qayğısına ehtiyacı olmazdı. Sponsor da tapılardı. Əgər bu gün bu yoxdusa, bütün yük dövlətin üzərinə düşür. Yenə deyirəm, kinoya münasibəti dəyişmək lazımdı. Məmurlar kinoya ciddi yanaşsaydılar, kinomuz bu duruma düşməzdi. Kino tarixdi. Onu yaşatmaq lazımdı.
- Niyə bu gün çəkilən filmlərə maraq oyada bilmirik?
- Yanaşma yanlış olduğu üçün. Bu gün çəkilən filmlərin sırasında "Nabat” filminin adını çəkə bilərəm. Nəyi pisdi? Axı güclü kino sənəti olaraq o filmin adını çəkmək mümkündü. "Dolu” filmi ciddi sənət əsəridir. Heç bir Amerika filmindən də geri qalmırlar. Bunu professional olaraq deyirəm. Sadəcə imkanlarımız və maliyyə məsələsi tam məhduddur. Bizdə maddi-texniki imkanlarımız zəifdi. Bizim güclü aktyorumuz var ki, inanın, maddi durumları acınacaqlı vəziyyətdədi. 50 manat aktyora verəndə, ondan nə gözləmək olar? O aktyor çəkiliş meydançasında bilmir ki, alacağı 50 manatı evə gedəndə hansı yerə xərcləsin. Uşağının qarnını doydursun, evin kommunal və kirayə pullarına versin. Bilirsiz, aktyorun məişət problemi varsa, maddi sıxıntı yaşayırsa, ondan güclü obraz yaratmağı tələb etmək mümkün deyil. Bəziləri hətta sənətlərini ucuz tutmasınlar deyə, belə ucuz serial çəkilişlərinə də getmirlər. Xarici aktyorların gəliri ilə bizimkilərin gəliri, qazancı eyni deyilsə, onlardan ciddi nə tələb edə bilərik? Buna hüququmuz çatırmı, yox. Aktyor ac qarnına sənət əsəri yarada bilməz. Nə qədər biz bu problemləri yaşayırıqsa, kinomuz da o qədər şikəst, əlili xatırladacaq.
Tahirə Məmmədqızı