İndi nəinki uşaq filmləri, hətta böyük yaşlı tamaşaçılar üçün çəkilən filmlərdə də maraqlı, yaddaqalan uşaq obrazlarını görə bilmirik
Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən "Asif, Vasif, Ağasif”, "Qaraca qız”, "Mən mahnı qoşuram”, "Qərib cinlər diyarında”, "Şərikli çörək”, "Ögey ana”, "Skripkanın sərgüzəştləri”, "Bir qalanın sirri”, "Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.
Kinorejissor Həbib İsmayılovun "Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.
Əlisəttar Atakişiyevin "Bir qalanın sirri”, "Sehrli xalat”, "Qərib cinlər diyarında” filmləri Azərbaycan kinematoqrafiyasında nağıl janrında çəkilən uğurlu filmlər kimi ibrətamiz ideyalar daşıyırlar. Hər üç filmdə Xeyirin Şər üzərində qələbəsi, bu zəfərin məhz elm, bilik vasitəsilə əldə olunması, insanların elinə, obasına, torpağına məhəbbəti əks olunub.
Görkəmli kinorejissor, operator, rəssam Əlisəttar Atakişiyev elmi-fantastik üsulların kinoda o qədər də təşəkkül tapmadığı bir dövrdə kifayət qədər bədii keyfiyyətlərə malik filmlər çəkməyə müvəffəq olub. O, çəkdiyi filmlərin bir çox rekvizitlərini, heyvan maskalarını və s. şəxsən özü düzəldirdi.
"Qərib cinlər diyarında” filminin qəhrəmanı asan qazanc əldə etmək məqsədilə vətənindən uzaqlaşıb mənəviyyatını, şəxsiyyətini cinlərə satmaqla əslində ailəsinə xəyanət etmiş olduğunu gec anlayır. Asanlıqla cinin belində uçub qaranlıq dünyaya gedən Qərib oradan canını çox çətinliklə qurtarır. Filmin ideyası hər dövr üçün aktualdır və yüksək bədii ifadə elementlərilə zəngindir. Film uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər tərəfindən də maraqla baxılır.
"Sehrli xalat” filmində xalatın sehrindən yalnız mərd və zəkalı, dostluqda sədaqətli insanların istifadə edə biləcəyi ideyaları, fantastik quruluşdakı maraqlı kadrlar, dinamik və effektiv zaman, məkan dəyişikliyi uşaqlarda elmə, biliyə maraq hissi oyadır. Rəşidin (Azər Qurbanov) müxtəlif
zamanlarda göstərdiyi şücaətlər əslində uşaqların xəyallarında canlandırdıqları qəhrəmanlıqlardır ki, bunları da rejissor fərdi yaradıcılıq üslubunda göstərib.
"Qaraca qız” filmi acınacaqlı taleyi olan yetim qızın cəsarəti, nəcibliyi fonunda xeyirxahlığın həmişə xilasedici bir vasitə olduğunu psixoloji cəhətdən geniş aspektdə önə çəkir. Valideynlərindən məhrum olan azyaşlı Tutunun (Sevil Zeynalova) çalıb oynaması ətrafdakılar üçün yalnız əyləncə, varlığı isə köləlikdən başqa bir şey deyil. Mühitinin, dövrünün ona bəxş etdiyi sosial mənsubiyyəti sayəsində Tutunun cəmiyyətdəki mövqeyi acınacaqlıdır. Filmin finalında o, öz həyatı bahasına rəfiqəsi Ağcanın həyatını xilas edir.
Şamil Mahmudbəyovun hərbi-vətənpərvərlik mövzusunda çəkdiyi "Skripkanın sərgüzəştləri” filmi uşaqların "müharibəyə yox!” çağırışının əyani təzahürüdür. Filmin qəhrəmanları olan uşaqlar böyüklərdən heç də geri qalmayan cəsarətlərilə Böyük Vətən müharibəsində (1941-1945) alman faşistlərinə qarşı mübarizədə iştirak edirlər. Uşaqların mərd obrazları yeniyetmələr arasında müsbət həyat mövqeyini təbliğ edir.
"Şərikli çörək” filmində isə müharibənin arxa cəbhədə olan insanlara, uşaqlara vurduğu mənəvi zərbələrdən söhbət açılır. Filmdə təsvir olunan uşaqların düşündükləri bir şey varsa, o da bir qarın çörək tapmaqdır. Bəziləri oğurluqla, kimisi isə öz zəhməti hesabına bir parça çörək əldə edir. Filmin qəhrəmanı Vaqif fərdi cəhətlərilə cəmiyyət üçün örnək bir personajdır. Onu digər uşaqlardan fərqləndirən müsbət cəhətlərinin çoxluğudur. Vaqifin başındakı buxara papağı kişiliyin, əlində daim gəzdirdiyi kitab isə elmin, tərəqqinin simvolu kimi göstərilib. Filmdə ikigünlük ekran taleyini izlədiyimiz uşaqların məhv olmuş arzularını, kiçik yaşlarından müdrikləşmiş obrazlarını görürük.
"Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bütün uşaq filmlərinin ideyası cəmiyyət üçün yararlı vətəndaş anlamını təbliğ etmək, uşaqların gələcək səviyyəsinin püxtələşməsində müstəsna rolu olan ibrətamiz meyarları ekranlaşdırmaq olub. Bu mənada XX əsrin ikinci yarısından etibarən çəkilən bu tipli filmlərin bədii və texniki tərəfləri kiçik seyrçilərimizin diqqətini bu gün də özünə cəlb edir. İstər bədbin, istərsə də nikbin notlara ünvanlanmış filmlərin hər birinin intellektual aləmə mühüm çağırışları olub. Bu filmlərin hər birində qurub-yaratmaq, insani keyfiyyətləri dəyərləndirmək kimi cəhətlər üstünlük təşkil edir. Bu gün dünyanı uşaqlara qavradıqları şəkildə təqdim edən keyfiyyətli filmləri görmək kiçik tamaşaçılarımız üçün ən böyük hədiyyədir.
Amma XXI əsrdə belə filmlər nədənsə çəkilmir. Əslində nəinki uşaq filmləri, hətta böyük yaşlı tamaşaçılar üçün çəkilən filmlərdə də maraqlı, yaddaqalan uşaq obrazlarını görə bilmirik. Mütləq deyil ki, uşaq filmləri olsun, bədii filmlərin özündə də maraqlı uşaq obrazlarına yer ayırmaq olar ki, bu həm kiçik yaşlı istedadlıların üzə çıxmasına şərait yaratmış olar, həm də balaca tamaşaçılarda da filmə maraq yaradar. Axı kiçik yaşlı uşaqlar, yeniyetmələr filmdə hər öz yaşlarına uyğun obraz görəndə, filmdəki həmin qəhrəmanını izləyəndə onu təkrarlamağa can atırlar. Bu, uşaq psixologiyasına xas olan amildir. Bəs onda niyə son 20 ildə nə maraqlı uşaq filmləri çəkilir, nə də filmlərdə maraqlı uşaq obrazı görə bilirik. Bizim uşaqlığımızı xatırladan filmlər sırasında rəhmətlik Ceyhun Mirzəyevin "Ögey ana” filmindəki İsmayıl obrazı hələ də maraqla izlənir. Bu gün filmlərdə İsmayılı axtarıb tapa bilmirik. Kiçik film qəhrəmanlarımız niyə gözə dəymir? Niyə XXI əsrdə kinomuzun cocuqları yoxdu? Bugünkü Azərbaycan filmlərində İsmayıllar, Rəşidlər, Zərifələr, Tutular yaradılmır?
Dünya kinosunda kifayət qədər ekran əsərləri var ki, orada olan uşaq personajları maraqla izlənir. Dünyaca məşhur "Evdə tək olanda” filmi demək olar təkcə uşaqların, kiçik yaşlı tamaşaçıların deyil, böyüklərin də maraqla izlədiyi ekran əsərinə çevrilə bilib. Filmin əsas qəhrəmanı Makayley Çulkim kiçik yaşında olmasına baxmayaraq maraqlı obraz yarada bilib. O həm kiçik yaşlarından milyonların sevimli aktyoruna çevrilə bilib, həm də o yaşlarda böyük məbləğdə qonorarlara sahib ola bilib. Bəs bizdə niyə istedadlı uşaqların filmlərdə çəkilməsinə imkan yaradılmır? Filmlərimizdə uşaq obrazlarına niyə az rast gəlinir?
Suallarımıza tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov cavab verdi. "Şərq”in suallarına cavab verən Mərahim Fərzəlibəyov "Azərbaycan kinosu özü də əvvəlki səviyyədə deyil. Xüsusilə də uşaq obrazlarını filmlərimizdə görə bilmirik, bu, həqiqətən belədir. Azərbaycanda uşaq filmləri çəkən rejissorlar indi demək olar ki, yoxdur. Amma ötən əsrdə Əlisəttar Atakişiyev kimi rejissorlarımız var idi ki, onlar maraqlı uşaq filmləri çəkirdi. Uşaq filmləri çəkmək rejissordan xüsusi bacarıq, istedad, eyni zamanda səbr tələb edir. Ona görə də bu günün rejissorları özlərini yormaq, o məsuliyyətin altına girmək istəmirlər. Böyüklərlə işləmək daha asandır. Amma uşaqlarla işləmək çətindir. Rejissor bunun üçün daha çox çalışmalıdır. Rejissor filmində uşaqdan istədiyi obrazı ala bilmək üçün həm uşaq psixologiyasından xəbərdar olmalıdır, həm də buna özünün bir marağı olmalıdır. Ceyhun Mirzəyev niyə bu gün də İsmayıl obrazı ilə sevilir? Çünki o, istedadını filmdə göstərə bilib. Filmin rejissoru da peşəkar olduğu üçün Ceyhundan istədiyi obrazı ala bilib. İndiki rejissorlar filmə ciddi sənət əsəri kimi yanaşmırlar. Hamı kommersiya marağı güdür. Əslində bu, pis hal da deyil. Xarici filmlərdə də kommersiya maraqları var. Rejissor "Evdə tək olanda” filmi ilə kifayət qədər qonorar da əldə edə bildi. Bizim rejissorlar isə çətinliyə düşmək istəmirlər. Heç bu gün çəkilən seriallarda da maraqlı uşaq obrazları görə bilmirik. Əgər film həyatdan bəhs edirsə, uşaqlar da həyatımızın bir parçasıdır. Sadəcə bölgələrə üz tutmaq, böyük kastinqlər keçirib azyaşlı istedadları üzə çıxarmaq lazımdır. Bunun üçün vaxt gedir, əmək sərf olunur. Yenə qeyd edirəm ki, bəli, bu gün kino indüstriyasında uşaq filmlərində boşluq var. Bu isə gələcək nəslin kinoya olan marağına mənfi mənada təsirini göstərəcək. Bu gün o qədər bunun ziyanı hiss olunmasa da, bir müddət sonra fəsadları özünü göstərəcək. İstedadlı uşaqların filmlərə cəlb olunması istiqamətində işlər görmək lazımdır. Rejissorlar filmlərdə uşaq obrazlarına yer ayırmalı, bunun önəmini diqqətdən qaçırmamalıdırlar. Uşaqların kinoya marağını çoxaltmaq üçün mütləq uşaqlarla işləmək, onların da dünyasından xəbərdar olub uşaq dünyasını filmlərdə təqdim etmək lazımdır. "Bizdə niyə kiçik film qəhrəmanları yoxdur” sualı bizi düşündürməlidir. Bu məsələyə ötəri yanaşmaq da lazım deyil. Əslində çox önəmli bir məqama, problemə toxunmusunuz. Bir çox kino xadimləri tərəfindən "dəyirmi masa”da bu problem müzakirə olunmalı və bunun çözüm yolları axtarılmalıdır. Bu gün Azərbaycan kino bazarında uşaq filmləri yoxdur. Bu janrda ciddi boşluq var. Uşaq filmləri çəkilməlidir. Filmlərdə kiçik yaşlı obrazlara yer ayrılmalıdır. Həqiqətən kino sahəmizdə yaranan bu boşluq doldurulmalıdır”.
Tahirə