“Televiziyalarda reklamların lap “ağ”ını çıxardıblar”
Son illər yeni çəkilən bədii filmlər sanki geniş kütlə üçün deyil, kino arxivləri üçün nəzərdə tutulub. Tamaşaçılar yeni filmlərlə tanış ola bilmir. Dövlət tərəfindən kino sahəsinə müəyyən vəsaitlər ayrılsa da, yeni filmlər nədənsə televiziya və kinoteatrlarda olmur.
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev filmlərin televiziya ekranlarında nümayiş olunmasının əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, yeni çəkilən filmlər televiziya ekranlarında deyil, kinoteatrlarda verilməlidir:
"Şəxsən mən istəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin. Adamlar pul verib, bilet alıb kinoya getməlidir. Hətta köhnə kinolarımız üçün də ayrıca kinoteatr olmalıdır, həmin filmlər orda göstərilməlidir. Düşünürəm ki, filmlər televiziya üçün deyil. Çünki artıq internet resursları, kompyuterlər, noutbuklar var. Məsələn, mən bəzən aylarla televiziyadan istifadə etmirəm. İstədiyin məlumatı internet vasitəsilə almaq olur”.
Həmkarı ilə eyni fikirdə olduğunu deyən tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov "Şərq”ə açıqlamasında filmlərin nümayişi zamanı reklamların həddindən çox olduğunu bildirib. Onun sözlərinə görə, kino kompakt bir ideologiyanı ifadəli və obrazlı şəkildə tamaşaçılara çatdıran bir əsərdir:
"Sovet dönəmində bizə lazım olan qonorarları və mükafatları verib filmi alırdılar. Filmin "prokatı” deyilən, yəni filmlərin yayım işinə baxan bir idarə var idi. Bu idarə filmlərin reklam roliklərini hazırlayırdı və film kinoteatrlarda satılaraq qazanc gətirirdi.
İndi isə televiziyalarda reklamların lap "ağ”ını çıxardıblar, biabırçı bir vəziyyətdir. Film başlayır 3 dəqiqə keçməmiş reklam göstərirlər. İnsan kinoya baxmaq belə istəmir, tamaşaçıların səbri çatmır. Nümayiş zamanı fikir ayrılığı, tez-tez reklamların verilməsi istər-istəməz filmin bədii təsirinə çox ziyan vurur. Çünki tamaşaçının fikri dağılır, ardıcıllıq itir. Bu mənada Ayaz müəllimin narahatlığını başa düşür və fikirləri ilə razılaşıram. Kinoya olan münasibət dəyişməlidir. Bu sahədə müəyyən çatışmazlıqlar var. Bu problemlərin həll olunması olduqca vacibdir. Çünki kino böyük mədəniyyət, böyük sənət və böyük tarixdir”.
Ş.Ə.Mahmudbəyov köhnə filmlərimizin yaşadılmasının da vacib olduğunu söyləyib:
"Bu gün sovet dönəmində çəkilmiş filmlərlə yaşayırıq, hətta onların həsrətindəyik. Həmin filmləri bərpa eləmək üçün kino kimi əbədi və əzəli tariximiz, milli sərvətimiz dövlət nəzarətində olmalıdır. Film sahəsindən anlayışı olan, ziyalı, savadlı mədəniyyət xadimlərindən ibarət bədii şura yaradılmalı, hər şeyə dövlət nəzarət etməlidir. Çünki dövlətimiz kino sənəti üçün xeyli vəsait ayırır. Bu pullar boş yerə xərclənməməli və dövlətin zəhməti, mədəniyyətimizə göstərdiyi diqqət lazımlı səviyyədə olmalıdır. Ona görə də Ayaz bəyi dəstəkləyirəm. Bəli, xalq öz kinosuna getməli, kino sənətkarlarının zəhmətini qiymətləndirməlidir”.
Yeganə Bayramova