KİŞİ SEVƏNDƏ ÖLÜR




Cavidan (Orxan Sadəddin oğlu Əfəndi) Bakı şəhərində anadan olub. Böyük Azərbaycan şairi Molla Vəli Vidadinin nəslindəndir. Böyük övliya Hacı Ömər Əfəndinin kötücəsidir. Yaradıcılığa 14 yaşından şeirlərlə başlayıb. Daha sonra bir sıra poemalar və pyeslər qələmə alıb. Sözlərinə mahnılar bəstələnib, mahnıları dəfələrlə "V&V Company” tərəfindən keçirilən "İlin mahnısı" nominasiyası üzrə qalib olub.

2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilib, "Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası”nın sədr müavini vəzifəsində çalışmışıb. 9 bədii kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

TƏK BALIQ

Elindən, obandan gen düşmə bir an,
tək balıq acizdir dəryada, ey dost.
Özünü hamıdan ağıllı sayan
hamıdan axmaqdır dünyada, ey dost.

HƏYAT - ŞAHMAT OYUNUDUR

Həyat - şahmat oyunudur,

bölünüb ağa, qaraya.

Hər şey daha yaxşı olar

bozlar girməsə araya.

BU DÜNYA - OVUC İÇİDİR

Nə fərqi kimdir, nəçidir? -

Şahdır, yaxud dilənçidir.

Araya məsafə qoyma! -

Bu dünya - ovuc içidir.


YAĞIŞ DAMLASI

Buluddan süzülüb yarpağa düşdü,

yarpaqdan üzülüb torpağa düşdü

və öldü... növbəti yağış damlası.

Öldü... çiçəkləri yaşatmaq üçün...


KİŞİ SEVƏNDƏ ÖLÜR

Çiçək solanda ölür,

balıq susuz qalanda...

Ulduz sönəndə ölür,

yağış kəsdiyi anda...

Kişi sevəndə ölür,

qadın unudulanda...


ÖLƏNMİ YAZIQDIR, QALANMI YAZIQ?!..

Get-gedə seyrəlir sıramız bizim,

bir ovuc qalmışıq... nə yaman azıq!..

Soruşaq dünyadan bəlkə, əzizim,

ölənmi yazıqdır, qalanmı yazıq?..

Ömrün əvvəlində çiçəkli bahar,

ömrün axırında qışıq, ayazıq.

Hamının dünyadan gedən günü var!..

Ölənmi yazıqdır, qalanmı yazıq?!..

Allahın işindən baş açammırıq,

biz Onun yanında xeyli dayazıq.

Ölümdən qorxuruq, amma qanmırıq

ölənmi yazıqdır, qalanmı yazıq?!..


SOKRATIN XƏLƏFİ

(elegiya)

(Zati-möhtərəm dədəm Camal Vəli bəy oğlu Mustafayevin unudulmaz xatirəsinə...)

Öldü... Sokratın xələfi,-

o qocaman, pirani zat!..

Sonuncu mogikan təki

öldürdü onu da... həyat!..

Soyuq, qaranqu bir gecə

ruhu uçdu bədənindən...

gözlərimin önündəcə!..


QURTULUŞ!

Yumdu büllur gözlərini,-

daha görmək istəmədi

bu yalan-palan dünyanı...

iyrənc buqələmunları...

Nifrət etdi!..

Nifrin etdi!..

Lənətlədi!..

Karvanını çəkib getdi...

getdi Süd Yolu boyunca...

aşdı kəhkəşanları...

getdi... o işıq adam,

nur yolunun yolçusu...

Növi-bəşər deyildi sanki, Xudam!..

Bu dünyanın ən qərib,

ən qəraib insanı.

Fəza idi vətəni...

hə, fəza...

bütün fəza!..

Bu dünya - yekparə daş,

osa eynən Prometey,-

zəncirlənmişdi...


CƏZA!

O,-

ən qədim əsatir...

ən üsyankar həqiqət...

Gözləri - teyxa düşüncə...

İdrakı başqa aləm!..

O,-

xeyir təcəssümü...

vicdan mücəssəməsi...

Allahın sufi dostu...

Dimağı dərya dədəm!..



İKİ OVUC QƏPİK-QURUŞ VƏ MÜRÜVVƏT

Əfv ediniz, qəni, zəngin cənablar,

əcəba, neçəyədir mürüvvət?..

Yəqin ki, xeylaq baha.

İlla, qəhətə çıxmazdı.

Qiyməti yenəndə deyin,-

kəlisa kənarındakı

bir dəri, bir sümük qalan

o dilənçi qarıcığaz

varı-yoxu iki ovuc qəpik-quruş bahasına

bir dünya MÜRÜVVƏT alıb

tolazlasın

dünyapərəst xudbinlərin qafasına!


BÜTÜN DÜNYA - BİR SƏHNƏDİR...

"Bütün dünya - bir səhnədir... Və bütün kişilər və qadınlar sadəcə birər aktyor..."
Uilyam Şekspir.

Şekspir düz deyirdi ki,

"bütün dünya - bir səhnədir,

insanlarsa aktyorları...".

Hə... xanımlar və cənablar!..

Hərəmiz bir maska geyib

oynayırıq rolumuzu.

İntəhası,

kimi müsbət,

kimi mənfi qəhrəman.

Nə olsun ki?-

Hamımızın sonu eyni.

Yəni, ölüm.

Həə... elə ki, işıq sönür...

pərdə enir...

maska düşür üzümüzdən,

üzə çıxır gerçək üzlər.

Diri başqa, ölü başqa.

Bu dünyada özümüz ola bilmirik.

Mümkün deyil.

İnsanların içi başqa, çölü başqa.

Gözlərində gürzələr,

üzlərində iblisanə təbəssüm...

qəlbi başqa, dili başqa.

Pahatonnan!..-

ƏDAVƏTLƏR...

XƏYANƏTLƏR...

SUİ-QƏSDLƏR...

PULPƏRƏSTLƏR...

YALAN... YALAN!..

Beş quruşluq dünya üçün

ruhunu şeytana satan

abdal insan,

fani insan

anlamır ki, əvvəl-axır

məhv olacaq,

yox olacaq?!..

Aman Allah!..

Xirtdəyəcən çıxıb GÜNAH!..

Ümid kimə?!..-

İndən belə İsa Məsih doğulacaq?..

Dünyanı kim qurtaracaq???!!!

.........................................................

.........................................................

.........................................................

Hə... xanımlar və cənablar!..

Doğrudan da,

"bütün dünya - bir səhnədir"...


OKEANİDA

Əsir səmum küləkləri...

Bu necə həsrət səhrası?..

Ucu-bucağı görünmür...

Bircə ümid vahəsi var.

O da göyə sovrulacaq

bircə ovuc kül kimi.

Qeyb olacaq mirajlar...

Bu necə sevgidir, Yarəb?..-

Məcrası işgəncə, əzab.

Bu necə fəraq atəşi?..

Uf, ruhum tutuşdu, yandı!

Bu necə özləm, intizar?..

Əllərim uzalı qaldı...

Əllərimi tut, nə olar...

doyunca tut...

bütün ömür boyunca tut...

Gözlərim üzümdə qərib.

Gözlərim - issız okean...

sahilində ağ at qaçır...

yəhəri boş...

kimsəsiz...

səni gəzir... qəribanə...

Ey mənim EŞQ əsatirim,-

ilahəm...

Okeanidam...


YOLLAR

Zaman - sarban, insan ömrü - karıvan,

hünərin var dayan bir an, dur bir an.

Əzəldən bu yana bəzən ayrılan,

bəzən də birləşən yollardı yollar...

Necə qəribədir həyat yolları,-

şəfəqi, çiçəyi, yağışı, qarı...

Beşiyi götürüb tabuta sarı

uzadan vəfasız qollardı yollar!..

Sən demə, qəm imiş suyu, çörəyi,-

əzab kürəsiymiş insan ürəyi.

Nə qədər tikanı, daşı-kəsəyi,-

yaman yorub məni yollar... bu yollar...


AĞ ÖRPƏKLİ VƏ SƏMAVİ GÖZLÜ QIZ

(İncə ruhlu, dərin düşüncəli arqadaşım Fərizəyə ithafən...)

Camenin kandarında

ağ örpəkli qız durub...

və səmavi gözləri

bir cift göyərçin kimi

uçur ta uzaqlara,-

səma düzəngahına...

mavi dərinliklərdə

itib-batır, qeyb olur...

Pıçıltıyla, astaca

Yaradana yalvarır...

əcz ilə dua edir...

və qəlbinin ən dərin kədərindən

nəşət edən göz yaşı

kirpiyindən inci təkin sallanır,

axıb, axıb sinəsində göllənir...

Növi-bəşərdən küsüb...

inciyib...

gileylidir...

Bir dürlü barışmayır.

Elə bil ki,

qanadları qoparılmış mələkdir...

qulyabanılar içrə,

korgöz şeytanlar içrə

çırpınır...

uça bilmir!..

Dünya - günah lehməsi...

batdaqlıdır,

kirlidir...

Camenin kandarında

ağ örpəkli qız durub...

pıçıltıyla, astaca

Yaradana yalvarır...

ağlayır...

dua edir...


TANIŞ OLAQ, BU MƏNƏM!

Hisslərimdən... utanmıram!..

Eşq...

nifrət...

ehtiras... –

Bu mənəm!

Gizlətmirəm heç nəyimi!

Birdir üzüm, astarım!

"Nəsənsə, o cür də ol!” -

budur mənim şüarım...

Mən yalanı sevmirəm!

Qəşəng, şirin yalandan

yüz min dəfə yaxşıdır

çirkin, acı həqiqət!

Məni qəzəbləndirir üzəvari ibadət,

üzəvari itaət!

Gizlətmirəm tərzi-həyatımı,

fikrimi,

sözümü...

Barama qozasında gizlənmiş tırtıl kimi

gizlətmirəm özümü!

Mən su kimi şırıl-şırıl axıram,

cığırıma düşmən daşı dolsa da!

Mən günəşin düz üzünə baxıram

parıltısı gözlərimi yolsa da!

Külək kimi əsirəm,

yarpaq kimi əsmirəm!

Mən təklikdən qorxmuram, –

taleyimdən küsmürəm!..

Döyüşkəndir,

dəyişkəndir

içimdəki duyğular! –

Dörd fəsiləm:

baharım var...

yayım var...

payızım var...

qışım var...

Aşinamdır poeziya və şərab...

Məhəbbətdir fəlsəfəm! –

Bu mənəm!
MƏRHƏMƏT!

Mərhəməti öldürməyək, adamlar!

Qarlı qüzeylərdə üşüyüb...

xəstələnib mərhəmət!..

Sağaldaq!

Üst-başında ayaq izi, tapdaq izi, –

tapdalanıb mərhəmət!!!

Yuyunduraq,

saçlarını sığallayaq, darayaq.

Sinəsində dırnaq izi,

caynaq izi,

güllə izi,

bıçaq izi... –

yaralanıb mərhəmət!

Yarasını sarıyaq!

Mərhəməti öldürməyək, adamlar!

Mərhəmətsiz axırımız nə olar?!..


ƏLLƏRİM GÖYDƏN GƏLİRDİ...

Əllərim göydən gəlirdi,

Xudavəndin qapısından.

Ovucumda göyərçinlər uçuşurdu.

Göyərçinlər azad idi, –

nə qəfəs var idi, nə zindan.

Ovucumda ayaqyalın uşaqlar

oynaşırdı, ora-bura qaçışırdı.

Uşaqlar şad idi, –

nə daş-kəsək var idi, nə tikan.

Ovucumda küreyi-ərz fırlanırdı.

Küreyi-ərz abad idi, –

nə savaş var idi, nə də qan!..

Əllərim uzalı idi...

əllərimdən tutmaq üçün

İNSAN axtarırdım, İNSAN!


QIZIM

Qoy həyat üzməsin səni heç zaman, –

qəlbimi yandırıb-yaxmasın, qızım!

Mavi gözlərinin buludlarından

kədər çiskinləri yağmasın, qızım!

Olsa bircə zərrə dərdi-sərin də,

nigaran ürəyim durmaz yerində!

Gülgün taleyinin üfüqlərində

qaranlıq şimşəklər çaxmasın, qızım!

Saçına çələnglər hörsün ilk bahar,

əsməsin üstünə nə yağış, nə qar.

Həmişə yar olsun sənə yaxşılar,

qarşına yamanlar çıxmasın, qızım!

Könül ver... aşiqin mərdsə, qoçaqsa!

Əlini yarımçıq buraxacaqsa,

haçansa üzünə kəc baxacaqsa...

qaçırt gözlərini... baxmasın, qızım!..

Qarşına yamanlar çıxmasın, qızım!

GECƏLƏR

Qərib-qərib baxışırıq,

gecələr, aman, gecələr.

Karvan-karvan fikir keçir

yenə başımdan, gecələr.

Ay gecənin dərin dəmi

şölə çəkir çıraq kimi.

Füzulinin Leylisimi

zülfü pərişan gecələr?

Hər tərəfi zülmət udur,

göyə, yerə pərdə tutur.

Kiminə şirin yuxudur,

kiminə zindan gecələr.

Yuxularım düşür qaçaq, –

gecədən sübhəcən oyaq,

qəm evinin şamı sayaq

od tutur bu can gecələr...


DÜNYAYA GƏLƏNDƏ AĞLAYIR İNSAN

Dünyaya gələndə ağlayır insan,

şam kimi əriyib bitməyə gəlir.

Dünyaya gələndə ağlayır insan,

qayğılar içində itməyə gəlir.

İnsanlar qaynaşır qarınca təki,

hərənin çiynində bir ömür yükü.

Aman yük əlindən, ağırdır çəki,

gələnlər ahü zar etməyə gəlir.

Çarpışır, vuruşur, yaşayır insan,

yaşamaq eşqiylə çağlayır insan.

Dünyaya gələndə ağlayır insan,

bilir ki, dünyadan getməyə gəlir.

BALIQÇI QIZI

(verlibr)

Bonjur, bonjur... Paris qızı –

şlyapalı madmazel!

Yosma qız,

ədalı qız!

Atan əsil-nəcabətli aristokrat,

əntiqfüruş,

Anan moda həvəskarı,

süslü-püslü bir qadın.

Onlar səni bəsləyiblər

çiçək kimi,

ipək kimi...

yağ içində böyrək kimi...

Bixəbərsən ehtiyacdan,

kasıbdan,

fəqirdən,

acdan.

Gördüklərin:

ipək yataqlar...

çilçıraqlı salonlar,

tənbəki qoxulu məxmər pərdələr...

tanqo, vals...

səliqəli kavalerlər...

lüks avtomobillər...

əntiqə geyim-kecim...

cazibəli ətirlər...

dikdaban ayaqqabılar...

pudralı üzlər...

sürməli gözlər...

boyalı dodaqlar...

kremli əllər,

şirmayı barmaqlar...

Oxay... dolçe vita!..

...Osa balıqçı qızıdır.

Gümüş pullu balıqlardır onun dövləti, varı.

Bəzək-düzək görməyib

saçlarının qızıl qıvırcıqları.

Bət-bənizi azca soluq,

fəqət gözləri atəş kimi parlaq!

Təmiz hava yanağını qızardıb,

sahil qumu paltarının ətəyini bozardıb.

Nə tanqo bilir, nə vals.

Nə kremi var, nə duxusu,

üst-başından gəlir dəniz qoxusu.

Aralı dur,

iyrənərsən,

çiyrənərsən.

Varlı qızı, –

inteligent mühitinin ağ zanbağı!

O, -

azadə, vəhşi gözəl!

Dili sadə, ütüsüz,

yalan-palansız,

fəlsəfəsiz-filansız.

Ürəyi tərtəmiz!..

Zinətidir, incisidir

alın təri, əllərinin qabarı!

O, balıqçı qızıdır, –

yosun qoxulu dəniz,

havada uçuşan martılar,

köhnə balıqçı qayığı,

ağımsov balıqçı toru

və gümüş pullu balıqlardır onun dövləti, varı!


DALĞALAR

Sevgilim, küləklə çarpışır dəniz,

dalğalar qıvrılır saçların kimi.

Gəzirəm sahili fikirli, sənsiz,

sevgimin bu küskün, bu məlul dəmi...

Sevgilim, yadıma düşürsən yenə:

havada oynadır saçını külək,

açıb qollarını qaçdıqca mənə,

elə bil, uçursan bir qağayıtək.

Səni qucaqlayıb, sıxıb sinəmə,

saçını doyunca qoxlayıram mən.

Sarmaşıq qollarım sarılıb sənə,

buraxmaq istəmir səni sinəmdən.

Sonra ayaqyalın, verib əl-ələ,

dəniz sahilini gəzirik qoşa.

Dəniz dalğalanır, xəyallar ilə

onu seyr edirik verib baş-başa...

İndi sənsiz-sənsiz xəyala dalır,

könlüm bu sahildə axtarır səni...

Elə bil, dalğalar yadıma salır

sularda qərq olan gülüşlərini.

Sənin yoxluğunun səssizliyində

necə qərib gəlir mənə dalğalar.

Dəniz sahilinin sənsizliyində

indi bir mən varam, bir də külək var.

Bu eşqdən yadigar nə qoyduq ki biz?.. –

Bu eşqin quruca nəfəsi vardı.

Qalmışdı sahildə qoşa izimiz,

onu da dalğalar yuyub apardı...


XUDAM... YOL GÖSTƏR MƏNƏ!!!...

Ləbbeyk, Xudam!..

Əmr et... yol göstər mənə!..

Ruhum eyzən fırtınalar içində.

Çaşbaş qalıb fikirlərim.

... Mələk idim,

uçub gəldim bu dünyaya.

Səd heyif!..

Qəvi dünya o günahsız qanadları-

o bəmbəyaz pərquları

tapdaladı, qopardı.

Küpəgirən qarı imiş bu dünya, -

bədləkərmiş,

cadugərmiş...

fəqət üzündə niqab.

Bir hörümçək toru imiş bu dünya, -

Oh! Şikarı bihesab...

İlla ki, mən də çaşdım, -

başqalaşdım...

kibirləndim...

kirləndim...

Eyvah, Xudam! -

Günahkaram!..

Xudam... yol göstər mənə!!!...



YÜKSƏL!..

İlk eşqin əlindən düşərək dəryayi-dərdə,

vardım xəyalın qoynuna səssiz gecələrdə...

Yolmuşdu könül bağçamı hicran yeli erkən!..

Bir gün yenə solğun və ümidsiz düşünərkən

seyr etdim uzaq göyləri... göz vurdu bir ulduz.

Sordum ki, nədir?.. Söylədi:

– Divanəsən onsuz!..

Çoxdan yanıram halına, düşkün görünürsən,

mən göydə ikən, sən yerə düşmüş, sürünürsən.

Daim düşünürsən, qaralırsan, bulanırsan,

neçin bu qədər halı pərişan dolanırsan?..

– Get baisə sor bunları, məndən xəbər alma,

"mən göydə ikən, sən sürünürsən...”, ələ salma!..

– Yox, yox, qulaq as, dünyaya mən sənlə doğuldum,

ilk eşqinin, ilk həsrətinin şahidi oldum.

Mən həp var ikən, həp mənə röyadı dedin sən,

bəzən küsərək bəxtinə, üsyan elədin sən.

Min macəra gördüm, zaman öz çarxını sürdü,

söndürmək üçün şamımı şeytanlar üfürdü.

Şahiddi zaman, şölələnib daima yandım,

əsdikcə tufan, mən başın üstündə dayandım!..

Lütf etdi Xuda, qoymadı zirvəmdən enəm mən,

yüksəl mənə, yüksəl mənə, yüksəl, səninəm mən!..

– Titrək şəfəqin cazibəyə, xoşluğa sahib,

aldın bu sınıq könlümü, ey dadlı müsahib.

Parlat bu gözəl ulduzu, ey Qadiri-Mütləq!..

Sayrışsın işıqlar, çiləsin ruhuma rövnəq!..

Yarəb!.. Bu gözəl mənzərə bilməm nə xəyaldır!..

Gücsüzdü bəşər, Sən məni yüksəklərə qaldır!!!

ƏN GÜNAHSIZ FAHİŞƏ

Gecədir...

küçədəki lampaların kədərli işığında

bir qadının silueti görünür

və getdikcə uzaqlaşan kabluk səsi

çəkic kimi asfaltı döyəcləyir...

Çiliklənir küçənin buz sükutu.

Bu, odur. O...

ən günahsız fahişə...

istibdadın pəncəsində çırpınan

tül qanadlı kəpənək...

iztirablı, müztərib!..

Eheyy... zalım zorbalar!..

Laübalı adamlar –

yeriyən heykəllər,

daşürəklilər!..

Eheyy... maskalanmış vəhşilər,

yırtıcılar,

MÜQƏSSİRLƏR!..

Eheyy... mənəvi fahişələr, –

vicdanını, şərəfini pula satan

pulpərəstlər,

dünyagirlər!..

Eyş və şəhvət düşkünləri, –

kefçilər,

tiryəkilər,

tüfeylilər!..

Qəhr olun!!!

Sizdə vicdan nə gəzər!..

Öncə onu çeynədiniz, əzdiniz, –

onun bəkarətini, ismətini pozdunuz...

sonra onu daşladınız,

lağa qoyub güldünüz...

siz, əvət siz!..

Qəhr olun!!!

Əcəba,

zər-zibalı, forslu xanımlarınız

bilirmi ÇARƏSİZLİK, ACLIQ, EHTİYAC nədir?!..

Zənn etməm!

Ax, nadanlar,

qudurğanlar,

dübbələr!..

Həyat sizə əyləncə!..

Həyat ona MƏŞƏQQƏT,

ƏZAB,

CƏFA,

İŞGƏNCƏ!..

Ürəyində fırtınalar, üzündə gülüş maskası...

nələr çəkir yaşamaqçün!..

Eh... siz hardan biləsiniz?!

Sizin üçün o sadəcə

bir oyuncaq, bir əyləncə!..

Onun da sizin kimi

ətdən, qandan ibarət

bir İNSAN olduğunu

unutmusunuz fəqət!

"Öyüd”lər, "nəsihət”lər,

qınamalar, söyüşlər...

şillə kimi sifətinə çırpılan

kinayəli gülüşlər...

Off! Həqarət... həqarət!..

İnsanı ruhən əzmək –

ən dəhşətli CİNAYƏT!..

Hamı "Allah adamı”,

hamı "səhvsiz”, "günahsız”...

bircə odur müqəssir?!..

...İyrənin, nifrət edin,

hətta tüpürün ona...

Sizi görsəydi yəqin

qəhqəhəylə gülərdi

Mariya Maqdalena. 1

1Mariya Maqdalena – İsa peyəmbərin sədaqətli davamçısı, xristianlıqda müqəddəs sayılan bir qadın. Rəvayətə görə Mariya fahişəliklə məşğul olmuş, İsa peyğəmbəri gördükdən sonra peşəsindən əl çəkərək Onun ayağını yumuş, saçları ilə silmiş, sonra isə arxasınca getmişdir... (red.)


SƏN KİMSƏN, İNSAN?!..

Sən kimsən, insan, söylə, sən kimsən?!..

... Hələ onda nə çəmənlər vardı, nə dəryazlar...

Üfüqlər geniş idi...

dünya düz-düzəngah...

Nə azman binalar vardı, nə təyyarələr...

Nə sülh vardı, nə müharibə...

Nə bəşəriyyət vardı, nə Habil-Qabil əhvalatı...

Yalnız MƏHƏBBƏT vardı!..

Və insan xəlq olundu, –

yəni sən!

Və hər şey də elə bundan başladı! –

Düşmənlik, nifrət və yalan...

Həə, insan!

İndi söylə, sən kimsən?!..

..................................................................

..................................................................

..................................................................

ÇƏHRAYI PALTOLU QIZ

Əynində çəhrayı palto,

üzündə sirli bir hüzn...

yenə dəniz qırağında durub təmtək

düşünür o...

Ağ köpüklü dalğalarla pəncələşir

onun müztərib gözləri...

Əllərini ovuşdurur, -

sazaqdanmı, təklikdənmi üşüyür o?..

Onun qıvrıq saçlarını

qarışdırır sırtıq külək...

Səma bomboz...

nə günəş var, nə martılar.

O, düşünür...

dərin-dərin...

uzun-uzun...

Başında sarp uçurumlar

və uçqunlar...

gözlərində qış fəsli var,

kirpiyində sırsıralar...

O, dənizə baxır yenə

məhzun-məhzun...

Elə bil ki, qıfıllanıb dodaqları,

zəncirlənib ayaqları.

Durub baxır bir heykəltək...

üzündə qəm...

Yenə bu dəm

onun qıvrıq saçlarını

qarışdırır sırtıq külək.

Nədir onun dərdi-səri?..

Neçin böylə həsrətlidir onun büllur didələri?..

Ax... necə mükəddər sima,

necə əsrarəngiz sükut...

və həp YALQIZ!..

Axı kimdir o əsrarlı,

şeir gözlü,

o çəhrayı paltolu qız?...


NƏSİHƏT SAYAĞI

Özgənin səhvinə tənə edərkən

öncə öz səhvini mizana vur sən.

Dünyada ən axmaq kəsdir ki, o kəs

özgəyə don biçər, özünü görməz.

YAĞIŞ

Nə yaman yağırsan bu gecə, yağış!.. -

Sənin də ürəyin dolub deyəsən.

Dərdləşək sübhəcən beləcə, yağış,

evdə mən ağlayım, çöldə ağla sən...

Kimdən rəncidəsən, nədən gileyli?-

Göydənmi küsmüsən, yerdənmi, yağış?..

Hüzn var, öfkə var səsində xeyli,

danış, qurban olum... hər nə var, danış...

Səni də firqətmi salıb təşvişə?..

Kimi axtarırsan, nəyi gəzirsən?..

Şiddətin az qalır bağrımı deşə,

dəli-divanəyik... həm sən, həm də mən...

Çırpıb daş-divara damcılarını,

mənim pəncərəmi döyəcləyirsən.

Yumub gözlərimin qapaqlarını

sənin şır-şırını dinləyirəm mən.

Kirpiyim islanır, üzüm islanır,

yəqin ki, dərdimi yaxşı bilirsən?..

Havaxtdır ürəyim od tutub yanır,

söndür atəşini, söndürə bilsən!..

Nə yaman yağırsan bu gecə, yağış!.. -

Sənin də ürəyin dolub deyəsən.

Dərdləşək sübhəcən beləcə, yağış,

evdə mən ağlayım, çöldə ağla sən...


ƏBƏDİ SÜBH AŞİQİ...

(Görkəmli şair-publisist Nurəngiz Günün xatirəsinə...)

Ah!.. O qadın-

tanrıçadır qaliba!..

Təcəllası bərq vurur...

Gözləri-

əsrarəngiz...

gözləri-

dərin fəza...

düşüncə xeyməgahı...

Didələri teyxa nur...

* * *

Yorğun gözləri sanki

yol gəlib ta Misirin

ucqar qədimlərindən...

papirus üzərindən...

Nefertiti misalı...

* * *

"Dodağında təbəssüm”,

beretli,

kübar bayan...
Simsiyah gözlərinin ipək üfüqlərində

ulduz seli parlayan...

küsüb getdi bu yalan,

bu hoqqabaz dünyadan!..

Getdi...!-

Susqun bir üsyan!!!

* * *

Əllərini göyə açdı...

GÜNƏŞƏ...

qanad oldu əlləri...

Ayağını yerdən üzdü...

qanadlandı...

uçdu...

uçdu...

uçdu getdi...

göy üzündən o yana...

* * *

İndi onun məskəni-

göy üzündən yuxarı

yamyaşıl, büllur ŞƏHƏR...

Hisarında ürkək gül salxımları.

Ağacları, çiçəkləri nadidə,

sakinləri bəxtəvər...

Nə sürgün var, nə göz yaşı, nə hicran...

nə qəriblik, nə təklik...

İndi əcdadı, nəsli, istəkli adamları

onun yan-yörəsində.

Nə müqəddəs xanədan!..

Sevinir, qanadlanır,-

əziz-xələfdir yenə.

* * *

Dizlərini qucaqlayıb əyləşib

akasiyalar altında.

Gözləri-

cüt göyərçin...

uçur göylər tərəfə.

Göy qübbəsi bərq vurur

çilçıraqlar, avizələr içində.

Gülümsəyir gözləri...

Nə dərin bəxtiyarlıq!..

Necə dinc bir sükunət...

Qırpılır kirpikləri.

Ətrafında uçuşan bəmbəyaz kəpənəklər,

meh əsdikcə titrəşən ətri ənbər çiçəklər,

yarpaqları rəngbər