KİV güclü silahdır
Dini mövzudan yazan jurnalistlər həssas və yüksək bilgiyə sahib olmalıdır
(Əvvəli ötən sayımızda)
Mətbuat Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qubada "Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. İki günlük seminara ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əməkdaşları və mütəxəssislər qatılıblar. Konfransda vurğulanıb ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür.
Bu baxımdan jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir: "Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir. Azərbaycan müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpüdür.
Dövlətimiz həm Avropa ölkələrinə, həm də islam ölkələrinə nümunə ola bilər. Ona görə də Azərbaycan mətbuatı bütün bu məsələləri həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. G.İsmayılov bildirib ki, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalıdır. Mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkən sədr müavini cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Vurğulanıb ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər:
"Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı ciddi mübarizə aparılır. Bu cür dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə KİV-in dəstəyinə güvənirik”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, indiki mövzu bolluğunda jurnalist işləmək insandan xüsusi peşəkarlıq tələb edir. Ekspertin fikrincı, jurnalistika spesifik sahədir və onun əməyi göz qabağındadır:
"Obrazlı desək, jurnalist çalışmalıdır ki, heç kimin gözünü qamaşdırmasın. Təəssüf ki, bir çox sahələrdə, o cümlədən, dini mövzularda yazılan məqalələrdə müəyyən boşluqlar var. Bunu inkar edə bilmərik. Söhbət ondan gedir ki, jurnalistlərin fəaliyyətindən təkcə din xadimləri şikayət etmir. Dilçilər də hesab edirlər ki, jurnalistlər dilçiliyin əsaslarını kobud şəkildə pozurlar. Neft sınayesində çalışan dostlarım isə həmişə şikayət edirlər ki, bizim fəaliyyətimizi düzgün işıqlandırmısınız. Əsas problem odur ki, Azərbaycan mətbuatında ixtisaslaşma prosesi zəif gedir. Qəzetlərin maddi-texniki bazası zəif olduğu üçün redaksiyalarda çalışan əməkdaşların sayı çox vaxt iki əlin barmaqlarını ötmür. Buna görə də bir jurnalist gün ərzində bir neçə mövzuya müraciət etmək məcburiyyətində qalır. Odur ki, bütün dövlət qurumları jurnalistlərin peşəkarlığının artırılmasına yardım etməlidir”.
JAM sədri bildirib ki, dini mövzuda yazan jurnalistin islamın tarixi, yayıldığı coğrafi ərazi barədə müəyyən anlayışı olmalıdır: "Din spesifik sahədir, bu mövzuda yamaq jurnalistdən xüsusi hazırlıq tələb edir. Təklif edirəm ki, dini mövzuda yazan jurnalistlər üçün 3 günlük təlim təşkil olunsun. Dövlət qurumlarının buna imkanı çatır. Jurnalistlər tanınmış din xadimləri ilə tez-tez ünsiyyətdə olmalı, hər hansı çətinliklə üzləşəndə onlardan məsləhət ala bilməlidirlər. Dini mövzuda yazan jurnalistlər digər həmkarları ilə müqayisədə ikiqat hazırlıqlı olmalı, ayıq-sayıqlığı əldən verməməlidirlər”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da "Şərq”ə açıqlamasında bildirib ki, Əflatun müəllim haqlıdır. Redaktorun fikrincə, dini mövzu çox mürəkkəb, həssas, dərin, bir o qədər də təhlükəlidir:
"Jurnalistlər dini mövzuda yazarkən obyektiv olmalı, təbliğat aparmamalı, hansısa dini təhqir etməməlidir. Əslində isə bu sahədə ixtisaslaşma olmalıdı, hər jurnalist yox, sırf dini mövzuda hərtərəfli bilikləri və təcrübəsi olanlar yazsa yaxşıdır. Din deyərkən, təkcə islam dini nəzərdə tutulmur. Radikal təriqətlər və zərərli ideologiyalar istisna olmaqla bütün dinlərə eyni prizmadan tərəfsiz yanaşmaq, obyektiv olmaq lazımdır. Həm də dinlə mövhumatı ayırmaq lazımdır, bunlar başqa-başqa şeylərdir. Din mənəvi-əxlaqi yaşam kriteriyalarını özündə birləşdirən, başqalarına zərər vurmamağı, ədalətli, vicdanlı, faydalı əməlləri təbliğ edən bir sistemdir. Mövhumat isə cəhalətdir”.
E.Bayramlı bildirib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə mövhumata, cəhalətə qarşı mübarizə aparıb, ifşaedici və maarifləndirici fəaliyyət göstərib: "Bu ənənə davam etməlidir. Bu gün mətbuat azadlığı və azad internet bu sahədə çox ciddi problemlər yaradıb. Bunda TV və mətbuatın da rolu var. KİV güclü silahdır, bu bir təbliğat infrastrukturudur. Bu sahədə mütləq azadlıq olanda hər kəs zərərli ideologiyaları, radikal təriqətləri təbliğ edə bilir. Bir çox oxucu və ya tamaşaçı da, xüsusən yeniyetmə və gənc nəsil tələyə düşür. Bunun sonrakı nəticələri ağır olur. Bildiyiniz kimi dünyanın ən qorxunc terror təşkilatı olan İŞİD-ə yüzlərlə azərbaycanlı qoşulmuşdu və baş kəsməyi Allah yolunda müharibə sayırdılar. Digər bir terror təşkiları FETO, ya da on, bəlkə də yüz minlərlə azərbaycanlı qoşulmuşdu, onların çoxu aldanmışlar idi. Ölkədə Yehova şahidləri, kabbalistlər, masonik təriqətlərə, hətta satanizmə qoşulanlar da var. Bunun qarşısını almaq üçün dövlət sərt nəzarət tətbiq etməli, KİV isə digər tərəfdən maarifləndirici və ifşaedici fəaliyyət göstərməlidir”.
Redaktorun sözlərinə görə, dinə, mənəvi məsələlərə qarşı mübarizə aparanda mənəviyyat və əxlaq problemləri yaranır: Bunlar da öz növbəsində sosial-ictimai problemlər törədir. Amerika və Avropadakı mənəvi-əxlaqi dəyərlərin necə tənəzzül etdiyinə baxmaq kifayətdir. Dinə çox üstünlük veriləndə isə mövhumat qanad açır ki, bu da bir çox ərəb ölkələrinin timsalında başqa bir problem yaradır. Burada qızıl orta tapılmalıdır. Nə dini dövlətə və cəmiyyətə çevrilmək olmaz, nə də dinsiz və mənəviyyatsız cəmiyyətə. Azərbaycanda XX əsrin əvvəllərinədək din pərdəsi altında mövhumat, cəhalət meydan sulayırdı. İnqilabdan sonra bu hal aradan qaldırıldı. İndi isə bir tərəfdən dini mövhumat, digər tərəfdən isə ateist cərəyanların tərəfdarları artır. Sanki cəmiyyət iki hissəyə bölünüb. Qızıl orta bu ikisinin arasındadır. Azərbaycanda dövlətin din siyasəti də bu qızıl ortaya əsaslanır. Dinə fərdi və ya ictimai mənəvi-əxlaqi kriteriyalar toplusu kimi dövlətdən, siyasətdən ayrı baxılır. Hesab edirəm ki, bu, ən düzgün yoldur və dünyaya bir nünunədir”.
"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da vurğulayıb ki, ümumiyyətlə, din məsələsi bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan toplumunda da çox həssas mövzu hesab olunur:
"Azərbaycanda yaradılan dini tolerantlıq mühitində bir çox dini cərəyanlar, icmalar fəaliyyət göstərir. Diqqət yetirsəniz, görərsiniz ki, onların çoxunun şəxsi mətbuat orqanları var. Bu hal dövlət tərəfindən həmin dini icmalara yaradılmış bir şəraitdir və öz işlərini cəmiyyətə yaymaq üçün verilmiş imkandır. Fikrimcə, hazırda dinlə, daha doğrusu, dini radikal qruplaşmalarla bağlı yayılan informasiyalara diqqət yetirmək lazımdır. Çünki bu məsələ birbaşa dövlətin təhlükəsizliyi ilə əlaqəlidir. Ona görə də jurnalistlər bu məsələdə çox ayıq-sayıq olmalıdı, diqqətli davranmalıdır. Xüsusən, dini ayrıseçkilik yaradan, qarşıdurmalara səbəb olan informasiyaların yayılmasından uzaq durmaq lazımdır. Biz bu cür halların mətbuatda dəfələrlə şahidi olmuşuq. Mən düşünmürəm ki, bu sahə ilə sırf dini yaxşı bilən hansısa peşəkar jurnalist məşğul olmalıdır. Məncə, buna ehtiyac yoxdur. Sadəcə dini mövzularda dövlətin təhlükəsizliyi məsələsinə diqqət yetirmək kifayətdir”.
(Davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb