"Komissiyalar yalançı elmə qarşı dişsiz olacaq"- HAMLET İSAXANLI

"Akademiyanın özündə yalançı elmlə məşğul olanlar çoxdur"

Yalançı elmə qarşı mübarizənin komissiyalarda aparılacağını düşünmürəm. 

Bu sözləri Sherg.az-a Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə məqsədilə yaradılan Komissiya haqqında danışarkən Xəzər universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 

Onun sözlərinə görə, yalançı elmə qarşı mübarizə elmi araşdırmaların səviyyəsinin artırılmasıması və həmin araşdırmaların dünya ilə səsləşməsindən ibarət olmalıdır: 

"Ali məktəblərdə, o cümlədən akademiyanın özündə də yalançı elmlə məşğul olanlar çoxdur. Böyük institutlardır, orada 3-5 yüz adam çalışır. Onların içərisində isə yalnız 10-15 nəfər doğru elmlə məşğul olur. Yəni dünyadakı tanınmış elmi jurnallarda məqalə çap etdirirlər. Monoqrafiya yazırlar. Digərləri isə daha çox əyalət elmi ilə məşğul olur və onların içərisində köçürmələr, plagiatlar çox olur".

Yalançı elm anlayışının mahiyyətini izah edən professor bildirib ki, yalançı elm yalnız plagiatdan ibarət deyil: 

"Yalançı elm həm də elmdə çox ciddi görünməyən xırda məsələlərlə məşğul olmaqdı. Elmdə xırda məsələlər elmə nəinki kömək etmir, hətta maneə olur. İnsanların enerjisi, gücü lazım olmayan xırda məsələlərin həllinə sərf olunur. Və bu da, elmə yenilik və dəyər gətirmir. Bu mənada düşünürəm ki, elm adamına olan tələbat və hörmət artmalıdır. Yəni elm adamı olmaq asan iş deyil. Digər yandan elm adamının nüfuzu, yüksək maaşı və ya təminatı yoxdursa, elmə hörmət də olmur. Bu da, sonda kontyukturaya çevilir. Məsələ belədir. Baxın, təhsildə zəncirvari sistem var. Əvvəlcə universitetlərdə bakalavr səviyyəsində təhsil alırlar, sonra magistratura, ardınca dokturatantura, müdafiə edirlər. Bu pillələri keçəndən sonra yenə də yalançı elmlə məşğul olunursa, deməli həmin zəncirdə problemlər var".

Ayyət