Konqresmenin sensasion bəyanatına reaksiyalar birmənalı deyil

Elçin Mirzəbəyli: “İran agentlərinin və müxtəlif məqsədlər üçün ölkəmizə gələn iranlıların apardıqları təbliğat formaları da bizə yaxşı məlumdur”
Elman Nəsirli: “Görünür, İranla münasibətləri pozan ABŞ Azərbaycan-İran münasibətlərinə də kölgə salmaq istəyir”

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys "İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.

Ed Roys forumdakı çıxışında əvvəlcə İranın bu günlərdə keçirdiyi ballistik raket sınaqlarına toxunub. O deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir və ABŞ Administrasiyası Tehranın nəzərinə bu addımın cavabsız qalmayacağını çatdırmalıdır.

Daha sonra konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır. Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.

Ed Roys İranın Azərbaycan üçün də "təhdid olduğunu” deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: "Siz dünyəvi hökuməti niyə dəstəkləyirsiniz? Siz şiələrsiniz”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Xatırladaq ki, Donald Tramp İranı "terrorun bir nömrəli sponsoru” adlandırıb və Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv edəcəyini bildirib.

Ed Roys İranın Azərbaycan üçün təhdid olması bəyanatını dəyərləndirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, İran agentlərinin Azərbaycana soxulub çağırışlar etməsi inandırıcıdır. Əks halda, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbərinin bu cür açıqlama ilə çıxış etməsi ortalıqda fundamental maraq yoxdur: 

"Əslində Ed Roysun dedikləri biz azərbaycanlılar üçün bir o qədər də təəccüblü deyil. Ölkədə baş verən ictimai-siyasi proseslər barəsində bir balaca məlumatlı olan hər kəsə İranın Azərbaycana qarşı mövqeyi və yeritdiyi siyasəti bəllidir. İran agentlərinin və müxtəlif məqsədlər üçün ölkəmizə gələn iranlıların apardıqları təbliğat formaları da bizə yaxşı məlumdur. Hətta onların arasında Azərbaycan məhkəməsi tərəfindən cinayətləri sübuta yetirilənlər də var. Bir sözlə, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbərinin dediklərinin həqiqət olması bizi zərrə qədər də narahat etmir. Çünki baş verə biləcək hər hansı bir təxribatın qarşısı Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən alınır. Bundan sonra da bu cür davam edəcək. Hər nə qədər İran agentləri Azərbaycana soxulub insanlar arasında dövlətçiliyimiz əleyhinə təbliğat aparsa da, onların bu niyyəti baş tutmayacaq. Bu istiqamətdə atılan addımlar bu günə kimi heç bir effekt verməyibsə, bundan sonrakı perspektivdə də belə bir təhlükə gözlənilən deyil”.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov isə əksinə, İranın Azərbaycan üçün təhdid olması ilə bağlı verilən açıqlamanın reallığa uyğun olmadığını düşünür.

İran-Azərbaycan münasibətləri ilə bağlı bu cür yanaşmaların və xəbərdarlıqların dəfələrlə şahidi olduğumuzu vurğulayan politoloq qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbərinin mövqeyi ilə Amerika Prezidenti Donald Trampın mövqeyinin tamamilə üst-üstə düşməsi heç də təsadüfi deyil: 

"Trampın xarici siyasətində İranla bağlı məsələlər özünün mürəkkəbliyi və qəlizliyi ilə seçilir. Yeni ABŞ Prezidenti İran hökuməti ilə nüvə proqramı üzrə əldə edilmiş razılaşmanı əsrin ən ciddi səhvlərindən biri kimi qiymətləndirdiyini bəyan etmişdi. Bütün bunlar fonunda ABŞ-ın yeni administrasiyasının antiİran mövqedə dayandığı sirr deyil. Hətta Trampın təklifi ilə ABŞ-a daxil olmasına qadağa qoyulan 7 müsəlman ölkəsi vətəndaşlarının arasında İranın da adı yer alıb. Tehran da ABŞ-a qarşı münasibətdə adekvat reaksiya verməkdədir”.

Millət vəkilinin sözlərinə görə, İranla münasibətləri getdikcə sərtləşən Amerikanın isə İrana qonşu olan ölkələrlə münasibətini diqqət mərkəzində saxlayır. Bu, Vaşinqtonun Tehranla bağlı yeritdiyi yeni siyasətin mahiyyətindən irəli gələn bir məsələdir: 

"Amma Azərbaycan hər zaman İranla qonşuluq münasibətlərinə sadiqdir. Hər nə qədər İran siyasiləri bir çox hallarda Azərbaycan əleyhinə mövqe sərgiləyib, Ermənistanla əlaqələrini genişləndirsə də, biz bunu bütövlükdə İran adına bağlaya bilmərik. Ötən il fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin İrana olan səfəri də bir daha sübut etdi ki, hər iki mehriban qonşuluq ənənələrinə sadiqdir. Görünür, İranla münasibətləri pozan ABŞ Azərbaycan-İran münasibətlərinə də kölgə salmaq istəyirlər. Odur ki, bu cür açıqlamalar Azərbaycan üçün məqbul hesab edilmir. Müstəqil siyasət yeridən ölkəmizin hər hansı bir ölkə ilə münasibətlərinin inkişafı heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməyib”.

Şəymən