Kəmalə Əmrahova: “Uşaq yeni doğulan gündən ana südü ilə qidalanmalıdır, düz 6 aylıq olana kimi”
Uşaqların normal inkişafı üçün vacib olan amillərdən ən əsası düzgün qulluq və qidalanmadır. Qida uşaq orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, uşaqlarda bir sıra xəstəliklərin gedişi və nəticəsi də çox vaxt qidalanma xüsusiyyətləri ilə müəyyən olunur. Mütəxəssislərin tövsiyəsinə görə, yeni doğulmuş uşaqların qidalanması eyni olmalıdır. Uşaq yalnız aclıq hiss edəndə yeməli, böyüdükcə də müəyyən rejimi olmalıdır.
Yeni doğulmuşların ana südündən əlavə köməkçi qidalara keçməsi mərhələli şəkildə baş verməlidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurangiz Hacıyeva deyib. Həkim bildirib ki, başlanğıc üçün gübrəsiz meyvə və tərəvəzləri sadəcə pörtlətmək kifayət edər. Belə ki, pörtlədilmiş meyvə və tərəvəzlərin tərkibindəki vitaminlər daha yaxşı saxlanılır.
"Hazır pörtlənmiş meyvə-tərəvəz xırdalanır və su əlavə edilərək əzilir. Tərkibindəki mikroelementlərin mənimsənilməsi üçün meyvə-tərəvəzə yağ turşuları, qatıq, şor əlavə edilərək püre halına gətirilir. Uşağa verilən hazır qidanın miqdarı isə hər aya 10 qram hesablanır. Misal üçün, altı aylıq uşaq 60 qram belə hazırlanmış püre yeyə bilər. Bu miqdar həcm etibarilə uşağın yumruğu qədər olur. Altı aya kimi yumurta, yeddi aya kimi ət, bir yaşa kimi inək südü, şəkər və duzun körpənin qidasına əlavə olunması tövsiyə edilmir”.
Pediatr Kəmalə Əmrahova da məsələ ilə bağlı "Şərq”ə açıqlamasında körpə uşaqlar üçün ən məsləhətli qidanın ana südü olduğunu deyib. Onun sözlərinə görə, uşağın sağlam böyüməsi üçün qidalanmasını doğulan gündən 1 yaşına qədər aybaay həkim təyin etməlidir. Eyni zamanda, hər ay uşaq böyüdükcə ona əlavə qidalar da verilir ki, bu da ancaq həkim nəzarəti altında olmalıdır. Meyvə şirələri, süzmə, bulyon və sair, bunun hamısını həkim təyin etməlidir:
"Uşaq yeni doğulan gündən ana südü ilə qidalanmalıdır, düz 6 aylıq olana kimi. Əgər anaya həkim süd verməsi üçün qəti şəkildə qadağa qoymayıbsa, heç bir patalogiyası yoxdursa, körpəni ana südündən məhrum etmək düzgün deyil. Ana südünün tərkibində olan elementlər uşaqları həm doyuzdurur, həm də susuzluğunu aradan qaldırır. Ana südü körpənin böyüməsi üçün ən vacib qida hesab edildiyi üçün bu mərhələdə uşağı ana südündən məhrum etmək olmaz. Ana südü eyni zamanda unikal tərkibə malikdir. O, körpəni infeksion xəstəliklərdən, allergiyadan, disbakteriozdan, maddələr mübadiləsinin pozğunluqlarından qoruya bilir.
Körpə 6 ayını keçəndən sonra isə tədricən əlavə yeməklər vermək olar. Gün ərzində fasilələrlə süzmə, kəsmik, kartof püresi kimi yüngül qidalar verilməlidir. Ancaq paralel olaraq da ana südü verilməlidir. Biz adətən analara 6 aya qədər olan körpələrə gündə 5-6 dəfə ana südü verməyi məsləhət görürüksə, artıq əlavə qidalardan sonra gündə 2 dəfə əmizdirmələrini yetərli hesab edirik. Daha çox da axşam saatlarında uşağın ana südü ilə qidalanması məsləhətlidir”. Kəmalə xanımın sözlərinə görə, uşaq 4-5 aydan sonra uşağa tədricən meyvə vermək olar. Ancaq mütləq meyvə və tərəvəzlər mövsümi, fəsilə uyğun olmalıdır. Allergiyası olan uşaqları isə çiyələkdən, mandarindən, portağaldan qorumaq lazımdır. Meyvələri isə mütləq blenderlə əzib püre şəklinə salmaq lazımdır.
Şəymən