Korrektura işi medianın ən yaralı yeridir
Ekspertlər də razılaşır ki, bu sahədə qüsurlar daha çox internet mediadadır
(əvvəli ötən sayda)
Azərbaycan mətbuatında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri korrektura şəbəkəsinin sıradan çıxmasıdır. Xüsusən son dövrlərdə əksər qəzet və saytlarda korrektor işi heç də qənaətbəxş hesab edilmir.
Məsələn, bir vaxtlar millət vəkili Aqil Abbas deyirdi ki, bu gün müxbirlər redaksiyaya nə göndərirsə, onu olduğu kimi mətbuatda verirlər. Daha ağına-bozuna baxmırlar ki, orada nə yazılıb, necə yazılıb. Çünki əksər media qurumlarında nə korrektura, nə də ədəbi redaktə var. Ona görə də deputat hesab edir ki, bu problemi həll etmək üçün redaksiyada mütləq təcrübəli korrektorlar olmalıdır. Yəni redaktorlar həm də korrektorun işini görməməlidir. Digər millət vəkili, "Azərbaycan” qəzetinin redatoru Bəxtiyar Sadıqov da redaksiyalarda korrekturanın ləğv olunduğunu, ədəbi redaktənin yox dərəcəsində olduğunu deyib: "Baxırsan ki, yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Ona görə də bu hallar aradan qaldırılmalıdır. Dilimizin norma və qaydalarına əməl olunmalıdır”. Qələm adamlarından biri korrektorları futbol komandasının qapıçısına bənzədib. O deyib ki, müdafiə nə qədər güclü, hücum xətti nə qədər peşəkar olsa da, qapıçının hər hansı balaca səhvi komandanı məğlubiyyətə düçar edə bilər. Təcrübəli korrektorlar da peşələrinin vacib və məsuliyyətli olduğunu düşünürlər. Hesab edirlər ki, bu peşədə mütaliə bazasının zəngin olması əsas amildir. Eyni zamanda dilin incəliklərinə bələd olmaq da önəmlidir. Amma media ekspertləri əsl korrektorların yoxluğundan şikayət etdikləri kimi əsl korrektorlar da həqiqi və peşəkar jurnalistlərin azlığından, təcrübəsiz qələmlərin çoxluğundan gileylənirlər. Deyirlər ki, fikirlərini ifadə etməyə çətinlik çəkən savadsız jurnalistlər çoxdur. Onlar Azərbaycan dilinin bütün qaydalarını pozurlar. Özəlliklə xarici mənbələrdən tərcümə zamanı biabırçı vəziyyət yaranır. Başdansovdu tərcümələrdə xəbərlə mübtədanın yeri dəyişik düşür, Azərbaycan sintaksisi darmadağın edilir. İşlərinin məsuliyyətli olduğunu vurğulayan korrektorlara görə, gündəlik qəzetin korrektəsi də çox ağırdır. Çünki onlar adətən orfoqrafik səhvlərlə yanaşı, üslub xətalarını da düzəltməli olurlar. Həmçinin, redaktorların gözündən yayınan redaktə səhvləri də olur. Korrektorlar Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Məsələn, "sanki”, "bəlkə” sözləri cümlədə işləndikdə hər iki tərəfdə vergül qoyulmalıdır. Ruscadan və ya ingiliscədən mətbuat dilinə keçən yeni terminlər də problemlərə səbəb olur. Əvvəllər "kompüter” yazırdıq. Yeni qaydalarda isə bu termin "kompyuter” kimi təsdiqləndi, amma niyəsini heç kim bilmədi. Köhnə qaydalara görə, vəzifə adları kiçik hərflə yazılırdı. Yalnız Baş prokuror sözündə "Baş” sözü böyük olurdu. Amma indi bir çox vəzifə adları böyük hərflə yazılır. Bu cür dəyişikliklər çaşqınlıq yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir? Yaxud da korrektorsuz mətbuat nə qədər normaldır?
"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı "Şərq”ə açıqlamasında deyib ki, hazırda Azərbaycan mediasında korrektura işi doğrudan da zəifdir:
"Yenə qəzetlərdə bu sahədə işləyənlər var, saytlarda isə korrektor işi yox səviyyəsindədir. Operativlik, xəbəri sayta tez yerləşdirmək ehtirası mətnlərin korrekturasız verilməsinin başlıca səbəbidir. Ona görə də mətnlərdə çoxlu mexaniki səhvlər gedir. Bir də var, bilməzlikdən buraxılan səhvlər. Məsələn, "ticarət mərkəzi”, "hava limanı”, "informasiya agentliyi”, "cəzaçəkmə müəssisəsi” kimi ümumi isimləri nəyə görəsə böyük hərflərlə yazırlar. Bu, korrektorlardan da keçir. Halbuki ola bilməz. Ha "Turan” qəzeti, ha "Turan” agentliyi. Niyə birincidə "qəzet” sözü balaca hərflə yazılmalıdır, ikincidə "agentlik” sözü böyük hərflə? Yüzlərlə belə səhvlər buraxılır və bu, normal hal deyil. Yazıların, mətnlərin dili səlis olmalıdır”.
"Report.az” saytının baş redaktoru Murad Əliyev də bildirib ki, istər çap, istərsə də elektron mətbuatda korrektura əsas işlərdən biridir:
"Səlis mətnlər hər bir mətbuat nümunəsinin güzgüsüdür. Hesab edirəm ki, məqalənin informasiya yükü ilə onun səlis dildə yazılması eyni dərəcədə əhəmiyyətlidir. Yəni, qrammatik səhvlər olan bir xəbər oxuyanda artıq həmin xəbərin doğru-düzgün olmasına da şübhə yaranır. Xüsusilə də elektron KİV vasitələrinin sayının son illərdə kəskin artması informasiya sahəsində olan boşluqları doldurmaqla yanaşı, bəzi problemlərə də yol açıb. Belə ki, məhdud kadr resursları ilə fəaliyyət göstərən bir çox media orqanları korrektor işini ixtisara salır, xəbərin üzərində yalnız bir redaktor işləyir. Korrektor həm qrammatik cəhətdən, həm cümlə quruluşunun dil qaydalarına uyğunluğunu yoxlayır. Misal üçün, "Report” agentliyində heç bir xəbər korrekturadan kənarda qalmır. Hətta təcili xəbər olanda belə saytda tez yerləşdirilir, lakin korrektor mütləq şəkildə onu oxuyur”.
Baş redaktorun sözlərinə görə, korrektorlar öz üzərində işləməlidirlər: "Müasir qloballaşan dünyada hər gün yeni terminlər istifadəyə daxil olur. Bəzilərinin qarşılığı tapılmalıdır, bəzilərinin səslənmə qaydası düzgün verilməlidir. Bəzən müxbirlər xarici mətbuatdan tərcümə etdikləri yazılarda bir sıra texniki terminləri elə olduğu kimi saxlayırlar. Xəbər rəqabətində çalışarkən həmin terminlərin qarşılığının tapılması üçün vaxt sərf etmək istəmirlər. Məhz korrektorlar belə məsələlərə diqqət ayırmalı, həmin terminin ölkə mətbuatına, oradan isə cəmiyyətin geniş istifadəsinə çıxmasına imkan verməməlidirlər. Çünki sonradan səhv şəkildə dildə oturmuş termini dəyişmək uzun proses olacaq”.
Tanınmış jurnalist Gülnarə İlham isə bir qədər fərqli düşünür:
"Əfsuslar olsun ki, bu problem yerli mediada mövcuddur. Korrektə səhvinin çoxluğu bəzən xəbərə və müxbirin peşəkarlığına inamı itirir. Bəzən korrektə səhvlərini düzəltmək məhz redaktorun öhdəsinə düşür. Təbii ki, xəbərin sürətlilik mexanizmini nəzərə alsaq, bu, redaktor üçün vaxt itkisidir. Amma ümumilikdə düşünürəm ki, müxbir və redaktorun məsuliyyəti, əsasən də yazı savadı olarsa, media qurumlarında korrektor vəzifəsi əbəs yerə maliyyə xərcidir”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov korrekturasız medianın anormal olduğunu deyib: "KİV-də dərc edilən istənilən mətn mütləq korrektə olunmalıdır. Sual bu prosesin necə təşkil edilməsilə bağlı ola bilər. Mən ayrıca korrektor saxlamağın tərəfdarı deyiləm. Birincisi, informasiya texnologiyalarının indiki inkişaf səviyyəsində buna ehtiyac yoxdur, israfçılıqdır. İkincisi, onlayn mediada hər şey o qədər sürətlə baş verir ki, mətni sayta qoymazdan qabaq bir də korrektora oxutmaq bağışlanmaz vaxt itkisi olardı. Ən düzgün yol budur ki, Azərbaycan orfoqrafiyası üçün xüsusi korrektə proqramları hazırlansın. Rus və ya ingilisdilli mediada problem bu şəkildə birdəfəlik aradan qalxıb. Bizdə də müxtəlif cəhdlər olub. Amma şəxsən məni tam qane edən korrektə proqramı hələ də yoxdur. Maraqlıdır ki, nə əcəb heç kim bununla ciddi şəkildə məşğul olmur? QHT layihəsi olaraq maliyyə tapmaq və bu məsələni birdəfəlik çözmək mümkündür axı”.
"APA” informasiya agentliyinin redaktoru Cavid İsmayıl isə korrektura şəbəkəsinin sıradan çıxmasını mediada yaranmış dil qüsurlarının əsas səbəbi kimi görmür: "Hərf səhvlərini dil qüsuru saymıram. Müasir texnologiyanın inkişafı ilə hansısa peşələr sıradan çıxmalı idi, çıxdı da. Onlardan da biri mediada korrektor ştatlarıdır. İndi korrektura bizə kitab çapında və çap mediasında daha çox lazımdır. İnternet mediasında korrektora ehtiyac olduğunu düşünmürəm. Dil qüsurlarının sayının artması isə ilk növbədə təhsil sisteminin səviyyəsi ilə bağlı məsələdir. Etiraf etmək lazımdır ki, Azərbaycan jurnalistikasına istedadlı gənclər gəlir, amma əksəriyyəti ana dilinin qrammatikasını yaxşı bilmir. Təhsil səviyyəsinin aşağı olması və mütaliənin azlığı onların yazılarında özünü açıq şəkildə büruzə verir. Ona görə də əsas yük redaktorların üzərinə düşür. Redaktor həmkarlarımı hərf səhvlərindən yayınmaq üçün kompyuterdə səhvləri göstərən proqramdan yararlanmağa çağırıram”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb