Əli Məsimli: “Ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar”
Kreditlərlə bağlı yeni layihə hazırlanır
Vahid Əhmədov: “Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət edilib”
Əli Məsimli: “Ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar”
Əli Məsimli: “Ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar”
Natiq Cəfərli: "Güzəştlər bütün müştərilərə tətbiq olunsun”
Milli Məclisin üzvləri dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hələki təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini, təqdim edildikdən sonra açıqlanacağını söyləyib. "Bank sisteminin sağlamlaşdırılması ilə bağlı aparılan islahatlar əsas məsələdir. O cümlədən, bir sıra qanunlara dəyişikliklər, dollarla verilmiş kreditlərə münasibət, onların müəyyən variantlarda həlli təkliflərdə öz əksini tapacaq.
Birincisi, "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur. Burada dollarla kredit verilməsinin qadağan edilməsi öz əksini tapıb. Çünki Konstitusiyada, "Banklar Haqqında” Qanunda da göstərilib ki, ödəniş manatla aparılmalıdır. Mən hesab edirəm ki, kreditlərin dollarla verilməsi qadağan edilməlidir”. V.Əhmədov müəyyən məbləğə qədər kredit borclarının silinməsinin mümkünlüyü məsələsinə də toxunub: "1000 (min) manata qədər dollarla verilmiş kreditlərlə bağlı təklif edirik ki, məsuliyyətli şəxs müəyyən edilsin. Çünki çətin situasiyalarda banklar məsuliyyəti dövlətin, dövlət də bankların üzərinə atır. Əziyyət çəkən isə əhali olur. Onların böyük bir hissəsi faktiki olaraq ödəmə qabiliyyətinə malik deyil. İstəyimiz budur ki, problemə sistemli yanaşılsın. Məsələ Dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali dördbucaq sistemində öz həllini tapsın. İkincisi, 1000 (min) dollara qədər olan kreditlərlə bağlı problemlərin həllidir. Hansı ki, bununla bağlı çox sayda müraciətlər daxil olur. İstəyimiz budur ki, onların ləğv edilməsi, yaxud zamin durmuş şəxslərin zaminlikdən azad edilməsi mümkün olsun. Bundan başqa, 5000 dollara qədər olan kreditlər 1 dollar-1,05 manat məzənəsilə ödənilsin. Həmçinin 5 000 manatdan çox olan kredit borclarına da baxılması nəzərdə tutulub. Həm "Bank haqqında” Qanuna, həm Mülki Məcəlləyə dəyişiklik etmək lazımdı. Bildiyiniz kimi, Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət edilib. Cavab olaraq bildirilib ki, müəyyən güzəştlərə gedə bilərlər”. İqtisadçı-deputat bildirib ki, təkliflər paketi Milli Məclisə, hökumətə, Prezidentin islahatlar üzrə köməkçisinə də təqdim ediləcək.
Millət vəkili Əli Məsimli isə təkliflərlə bağlı öz fikirlərini belə açıqlayıb: "Biz təklifləri elə hazırlamışıq ki, keçərli olsun. Təkliflərimiz dollar kreditlərinin qaytarılması ilə bağlıdır. Dollar kreditləri sistem məsələsidir. Ona görə də bu məsələyə sistemli yanaşmaq lazımdır. Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq, problemi çətinləşdirmək deməkdir. İndiki vəziyyətdə demək olar ki, devalvasiyadan sonra dollar kreditlərinin qaytarılmasında əsas çətinlik xalqın üzərindədir. Xalq da qaytarmaqda çətinlik çəkir. Tutaq ki, 160 manat alan pensiyaçı, aldığı təqaüddən devalvasiyadan əvvəl 60 manat dollar krediti ödəməyə sərf edirdisə, devalvasiyadan sonra bu məbləğ 120 manata qalxıb. Pensiyaçı üçün isə yaşayış minimumu 115 manatdır. Faizləri də ödəyəndə yerdə 40 manat qalır. Bu düzgün deyil. Dollar kreditlərinə güzəşt məsələsinə gəldikdə, banklar deyir dövlət zərəri qarşılasın, dövlət qurumları da deyir ki, indiyədək banklar yüksək faizlə kredit verib yüksək gəlir əldə etdiklərindən, özləri güzəştə getsin. Ona görə də biz təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün. Beləcə dörd bucaq yaransın. Çünki dolların məzənnəsinin gələcək aqibəti hələ dumanlıdır. Biz təklif edirik ki, 1000 dollara qədər kreditlərlə bağlı, təhlil aparılsın. Məsələn, əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır. Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər, 1 manat 5 qəpiklə qaytarılsın. Əvvəl bunun üçün 250 milyon vəsait tələb olunurdusa, hazırda bu məbləğ olsun 280 milyon. Bu da o qədər böyük bir məbləğ deyil. Təklifin ikinci hissəsi isə 5 mindən yuxarı olan dollarla olan kreditlərlə bağlıdır ki, bunun üçün də müxtəlif təcrübələrdən yararlanaraq güzəştlərin tətbiq edilməsi mümkündür. Biz təklif edirik ki, 5 min dollardan yuxarı olan kreditlər üçün orta məzənnə tətbiq edilsin. Yaxud da o kreditlər hansısa formada manata çevrilsin, yaxud da dollara nisbətdə sabit bir məzənnə müəyyənləşdirilsin ki, gələcəkdə əlavə problemlər yaranmasın. 1,2 və ya 1,25 məzənnə ilə hesablansın. Bu, 5 mindən yuxarı olan dollar kreditləri ilə bağlı təklifimizdir. Ola bilər ki, müddəti uzadılsın. Bizim dollarla bağlı ünvanladığımız təkliflərdən də bura əlavə edəndə, fikrimizcə, ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar”.
Ə.Məsimli yaxın vaxtlarda təkliflərin aidiyyəti qurumlara təqdim olunacağını da söyləyib.
Milli Məclisin dollarla bağlı təkliflərini dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli isə buna bənzər və ya eynisi olan təkliflərin zaman-zaman müxtəlif ekspertlər tərəfindən səsləndirildiyini deyib. Amma kreditlər köhnə məzənnə ilə ödənəcəyi halda yaranmış fərqin hansı mənbələr hesabına maliyyələşməsi məsələsinin bütün hallarda açıq qaldığını vurğulayan ekspert hesab edir ki, maliyyə mənbələri təkliflər verməzdən əvvəl ilkin olaraq haradan maliyyələşəcəyi məsələsinə diqqət ayırmalıdır: "Bizdə isə həmişə tərsinə olur. Təkliflər verilir və uzun müddət hansı qurum tərəfindən maliyyələşəcəyini müzakirə edirlər. Bu isə bir çox hallarda böyük vaxt itkisinə səbəb olur və zamanla yaddan çıxır. Dövlət qurumları yaylım anlayışdır. Yəqin ki, təkliflər nəzərə alınacağı halda fərq ödəmələrinin bir hissəsini Mərkəzi Bank öz üzərinə götürməli olacaq. Yaxud da bankların özlərinə uzunmüddətli vergi güzəştləri tətbiq etmək olar ki, onlar da vergiyə verəcəkləri vəsaitin bir hissəsini fərqin bağlanmasına yönəltsinlər”.
Hazırkı mərhələdə bankların vəziyyətinin də kifayət qədər ağır olduğunu vurğulayan ekspert deyib ki, xaricdən aldıqları valyuta kreditlərini ödəmək öhdəlikləri var: "Nəzərə almalıyıq ki, manatın kəskin devalvasiyasından sonra banklar da ciddi zərərə uğrayıb. Həmin ziyanın aradan qaldırılması məsələsi öz həllini tapmasa, bankların vətəndaşlara güzəşt etmək imkanı olmayacaq”.
Ekspertin sözlərinə görə, dollarla kredit götürənlərə güzəşt edilməsi sosial ədalətin pozulması anlamına gəlir: "Bir qrup insan kredit borcunu vaxtında ödəyirsə, digərləri bunu etmirsə, əslində vaxtında ödəniş edənlərə daha çox güzəşt olmalıdır. Belə çıxır ki, aldıqları borcu vaxtlı-vaxtında geri ödəməklə səhv ediblər? Dünyanın hər yerində bu prosesin tam əksi həyata keçirilir. Yaxşı kredit tarixçəsi olanlara banklar daha çox güzəşt edir. Amma bizdə əks proses baş versə, bu, müəyyən narahatlıqlara və sosial ədalətsizliyə səbəb ola bilər.
Problem odur ki, Azərbaycanda kreditlərin qaytarılmasında çətinliklər yaranıb. Vətəndaş bunu acığından və məzənnə fərqinə görə etmir. Ölkəmizdə iş yerlərinin, gəlirlərin azalması prosesi gedir. Dollarla götürülən kreditlər 2 dəfə bahalaşıb. Belə olan halda vətəndaş nə etməlidi? Ona necə köməklik göstərilməlidi? Bu suallarla bağlı hökumət və dövlət strukturları ikinci devalvasiyadan əvvəl bir komissiya yaradıb, təkliflər paketi hazırlamalı idilər. Amma ikinci devalvasiyadan az qala 6 ay müddət keçir, hələ təkliflər paketi görünmür. Biz dəfələrlə bəyan etmişik ki, bu məsələ həssas yanaşma tələb edir. Elə mexanizm hazırlanmalıdır ki, güzəştlər bütün müştərilərə tətbiq olunsun”.
Şəymən