Kreml haqsızdır

“Putin daxili auditoriya ilə oynayır”
Rasim Musabəyov: “Belə deyirlər, Rusiyada televiziya ilə soyuducu arasında rəqabət gedir”
Nüvə silahını çıxmaq şərti ilə Türkiyənin hərb maşını Rusiyadan zəif deyil. Əksinə, bir qədər də güclüdür



Türkiyənin sərhədlərini pozan Rusiya qırıcı-bombardmançı təyyarəsinin vurulması, iki ölkə arasındakı münasibətləri yenidən imtahana çəkdi. Dünya gündəmini zəbt edən hadisə ilə bağlı bəziləri iddia edir ki, Türkiyə bu addımı atmaqla səhvə yol verdi. Amma hava sərhəddini pozan Rusiya hərbi təyyarəsinin atəşə tutulmasını dəstəkləyənlər də az deyil. Rəsmi Moskva ilə, Ankara arasında qarşılıqlı ittihamlar isə səngimir. Əsasən də, Kreml rəhbərliyi bu məsələdə güzəşt olmayacağını bildirərək, Türkiyəyə bütün məsələlərdə embarqo qoymaqdadır. Hazırda gərginlik pik həddədir. Rusiya rəhbərliyi hərbi təyyarəsinin vurulmasına görə üzr və təzminat tələb etdiyi halda, Türkiyə rəhbərliyi bunu qətiyyətlə rədd edir.

Millət vəkili, tanınmış politoloq Rasim Musabəyov isə düşünür ki, bu məsələdə Kreml rəhbərliyi haqsızdır...

- Əslində bunu qiymətləndirməyimə ehtiyac yoxdur. Münasibətlər gərginləşib və bu gərginlik müşahidə edilir. İndi söhbət ondan gedir ki, gərginlik açıq toqquşma səviyyəsinə gəlib çıxacaq, yoxsa bunu cilovlamaq mümkün olacaq. Bu dəqiqənin özündə də, Türkiyə təyyarəsi havaya qalxa və Rusiya tərəfi onu vura bilər. Yəni indi hər şey mümkündür. Təbii ki, belə ssenari heç də arzuolunan deyil. Düzdür, Rusiya qırıcıları Suriya ərazisində müəyyən obyektlərə zərbə endirib. Türklər deyir ki, bu obyektlər çörək zavodu olub, ruslar isə qeyd edirlər ki, orada silah olub. Yəni ki, qarşılıqlı, ziddiyyətli ittihamlar var. İndi Rusiya Suriya ərazisinə "S 400” raket kompleksi yerləşdirib. Əlbəttə, mən düşünmürəm ki, belə səhv addım atılsın, raketlərdən istifadə edilsin. Çünki bu, Rusiya üçün baha başa gələr. Sadəcə olaraq Türkiyəyə deyirlər ki, özünüzü ehtiyatlı aparın.

- Münasibətlərin inkişafı bundan sonra hansı xətt üzrə davam edə bilər?

- Rusiyanın canfəşanlığı ona hesablanıb ki, Türkiyə ilə oturub söhbət etməsin. Əksinə, superdövlət qismində ABŞ-la danışsın, Obama ilə müzakirə aparsın. Həm bununla göstərmək istəyir ki, əslində təyyarənin vurulması Türkiyənin işi deyil, göstəriş olub. Həm də Kreml Vaşinqtona çatdırmaq istəyir ki, ABŞ Rusiyanın xüsusi təsir dairəsini tanısın. Yəni Moskva "buralara mən nəzarət edirəm” demək istəyir. Buna da ABŞ razı deyil. ABŞ deyir ki, oyun qaydaları barədə müzakirəyə hazıram, amma təsir dairəsi mövzusunda söhbət aparmaq niyyətində deyiləm.

- Sizcə, Rusiya geri çəkiləcəkmi?

- Rusiya nüvə dövlətidir. Ancaq sizə deyim ki, nüvə silahını çıxmaq şərti ilə Türkiyənin hərb maşını Rusiyadan zəif deyil. Əksinə, bir qədər də güclüdür. Sabah Türkiyənin arxasında ABŞ öz nüvə silahı ilə dura bilər. O zaman Rusiya neyləyəcək? Kreml bunları təbii ki, gözardı etmir, edə bilməz.

- Rusiya-Türkiyə arasındakı iqtisadi münasibətlərin pisləşməsi təəssüf hissi yaradır. Həm də Kreml Ankaranı təbii qaz satışını dayandırmaqla hədələyir...

- Rusiya Türkiyəyə qaz satır, satmayıb nə edəcək? Məcburdur ki, qazını satsın, pul qazansın. Hətta Rusiya qazı satmaq üçün yeni bazar da axtarır. Sabah Rusiya Türkiyəyə qazı kəssə, bu qazı ucuz qiymətə Azərbaycana təklif edəcək. Azərbaycan da öz növbəsində alıb, Türkiyəyə satacaq. Çünki qazı yerləşdirmək üçün yer yoxdur. Üstəlik də, qaz neft deyil ki, istədiyin zaman hasilatı aşağı salasan. Qaz quyusunu bağlasan, bu sonra batıb yox ola bilər. Odur ki, qaz istifadə olunmalıdır. Bildiyiniz kimi, qazı anbara vururlar. Çünki lazım olanda qazın hasilatını artırmaq və ya azaltmaq mümkün deyil. Baxın, indi Rusiya Türkiyəyə qazın verilişini davam etdirir. Əslində Rusiya Türkiyəyə hər şeyi satmağa hazırdır. Sadəcə olaraq Türkiyəni öz bazarına buraxmaq istəmir. İstəmir ki, Rusiya bazarında türk məhsulları satılsın. Məsələ bundadır.

- Türkiyənin boğazları bağlaması ehtimalı irəli sürülür. Bunun baş verməsi mümkündürmü. Ortada Montro müqaviləsi var və boğazın bağlanması, müqavilənin pozulması deməkdi...

- Təbii ki, bağlaya bilər və buna haqqı da çatır. Lazım olanda ABŞ hərbi gəmisi gəlib boğazda Türkiyə gəmisi ilə yanaşı duracaq. İndi bütün bunlar ehtimallardır. Ən yaxşı variant, iki ölkə arasında münasibətlərin yaxşılaşmasıdır. Variantlardan ən optimalı, münasibi məncə, budur.

- Sizcə, təyyarənin vurulması əvvəldən verilmiş qərar idi yoxsa...

- Hesab edirəm ki, Türkiyə rəhbərliyi bu qərarı verəndə, əlində dolğun informasiyası var idi. Türkiyə rəhbərliyi çox məsuliyyətli rəhbərlikdir. Odur ki, bu qərar verilibsə, hesablanıb və ona hüquqi əsas olub. Məncə, bu qərarı verməzdən öncə Türkiyə rəhbərliyi öz müttəfiqləri ilə də bunu müzakirə edib. Həm də Suriya səmasında, ona qonşu ölkələrin hava məkanında baş verən hadisələr Türkiyə, ABŞ və NATO tərəfindən izlənilir. Qeyd edirlər ki, Rusiya Suriyada İŞİD adlı terrorçu qrupa qarşı əməliyyatlar həyata keçirir. Ancaq Suriyada əlavələr çox azdır. Hamı bilir ki, Bəşər Əsədin bundan sonra Suriya üzərində tam nəzarəti həyata keçirməsi mümkünsüzdür. İndi çalışırlar ki, əlavə yerlərdə etnik təmizləmələr həyata keçirsinlər. Bu məqsədlə də türkmənləri vurub çıxarmaq istəyirlər. İstəyirlər ki, gələcək Suriyada əlavələr olmasın. Ermənilər Qarabağda etdiklərini indi də, onlar Suriyada etmək niyyətindədirlər. Türkiyə buna göz yummalıdır? Suriyada bütün etnik qruplar kimi türkmənlər də silahlanıb. Çünki görürlər ki, Əsədin qoşunu insanları qırır. Türkmənlər həm də İŞİD-ə qarşı vuruşurlar. İndi də Əsədin istəyi üzrə Rusiya qırıcıları türkmənləri bombalayır, ərazidən çıxarmaq istəyir. Üstəlik də, bombardman zamanı Türkiyənin hava məkanı pozulur. Buna rəsmi Ankara göz yuması deyildi axı.

- Parisdə Ərdoğanla Putinin görüşü diqqət mərkəzində idi, lakin bu baş vermədi. Rusiya Prezidenti üzr gözlədiyini dedi və görüş təklifini rədd etdi. Sizcə, münasibətləri yaxınlaşdırmaq baxımından Paris konfransına buraxılan imkan kimi baxmaq olarmı?

- Ərdoğan görüşmək istəyirdi. Türkiyə qeyd edir ki, bu məsələdə birtərəfli günah yoxdur ki, üzr istənilsin. Bu məsələ müzakirə edilməlidir. Lakin cənab Putin görüşdən imtina etdi. Türkiyə isə özünün dialoqa hazır olduğunu nümayiş etdirirdi. Məncə, Ankara doğru hərəkət edib soyuqqanlılıq göstərir.

- Bundan sonra tərəflərin barışmaq imkanları nə qədərdir?

- Əvvəl-axır barışıq əldə olunacaq. Müharibə imkanı yoxdur. Rusiyaya müharibə ümumiyyətlə sərf etmir. Gərginliyin artması fövqündə Rusiyanın qazancı da yoxdur, əksinə, itirən Moskvadı.
Çox yaxşı olardı ki, danışıqlar əsasında bu məsələyə nöqtə qoyulsun. İndi sabah Rusiya Türkiyəyə məxsus təyyarəni vura bilər. Ondan sonra da, türkmənlərin əlində elə silah ola bilər ki, istədikləri təyyarəni qalxan kimi vursun. Üstəlik, boğazlar bağlana bilər, çətinliklər yarana bilər və s. Hazırda Türkiyənin kənd təsərrüfatı məhsullarına embarqo qoyulub. Türkiyə milyon tonlarla Rusiyadan taxıl alır. Sabah bunu Ukraynadan və ya Qazaxıstandan alacaq. Demək istəyirəm ki, bunlar ikibaşlı oyunlardır və hər iki tərəf itirə bilər. Odur ki, barışıq ən optimal yoldur. Məsələn, indi Türkiyədə ruslarla gözəl davranılır. Üstəlik, Ankara Rusiyadan aldığı buğdanı başqa dövlətlə əvəzləmək niyyətini ortaya qoymur. Yəni Türkiyə qapıları açıq saxlayır.

- Amma qarşılığında Kreml rəhbərliyi əsəbi davranır...

- Məncə, Rusiyanın apardığı xətt daha çox daxili auditoriyaya hesablanıb. Bunun da səbəbi var. Rusiyada vergilər, qiymətlər artır, amma əmək haqqı artmır. İnsanlar da buna etiraz edirlər. Bu cür etirazların kütləviləşməməsi üçün, Putin ortaya təyyarə olayını atıb, manipulyasiya edir. Deyirlər ki, Rusiyada televizorla soyuducu arasında rəqabət gedir. Məncə, son nəticədə soyuducu qalib gələcək.

- Azərbaycan üçün bu durum nə qədər arzuediləndir?

- Bizim üçün bu iki ölkə arasında belə vəziyyətin yaranması arzuolunan deyil. İstərdik ki, bu iki ölkə arasında münasibətlər yaxşı olsun. Çünki bunda bizim də uduşumuz olur. Lakin həm Rusiya, həm də Türkiyə böyük dövlətlərdir. Onlar addım atanda bizim qərarımız üçüncü dost ölkəyə xeyirdirmi, ziyandırmı haqqında düşünmürlər. Azərbaycan dövləti bu hadisəyə görə, təəssüfünü ifadə edib. Mən də bir deputat kimi təəssüf edirəm. Dövlət səviyyəsində həmrəylik hansısa formada nümayiş etdirilir. Lakin mən deputat kimi mövqeyimi ifadə edirəm. Hesab edirəm ki, ekspertlərimiz, vətəndaş cəmiyyətimiz, ziyalılar bu məsələdə mövqeyini ifadə etməkdən çəkinməməlidirlər.

- Bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar fəallaşmışdı. 7 rayonun qaytarılması məsələsi gündəmə gəlmişdi. Türkiyə ilə Rusiya fəallaşması məsələsi də var idi. Bu hadisədən sonra Qarabağla bağlı nə gözləmək olar?

- Fikrimcə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Qarabağla bağlı danışıqlara xələl gətirəcək. Düşünmürəm ki, indiki situasiyada Rusiya hansısa təşəbbüslə çıxış etsin. Rusiyanın təşəbbüsləri həm də ona hesablanmışdı ki, münaqişə həll edilmədiyi təqdirdə gərginlik artar, toqquşmalar başlaya bilər. Bu həm də, Türkiyənin Rusiya ilə münasibətlərinə xələl gətirə bilər. Artıq bu iki ölkənin münasibətlərinə xələl gəldi. Məncə, bir qədər gözləmək lazımdır. Hələlik Qarabağ məsələsi Kreml üçün arxa planda olacaq.

Anar Bayramoğlu