Hüseyn Fazla: Qlobal müharibədən çox regional müharibə riski artır - MÜSAHİBƏ

Hüseyn Fazla: "Avropanın silahlanma yarışının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir”

- NATO-nun müdafiə xərclərini 5%-ə qaldırması Avropada hərbiləşməni sürətləndirəcək

- ABŞ və Çin arasında böyük müharibə yaxın dövrdə gözlənilmir

- Türkiyə və Azərbaycan regional böhranlarda birlikdə hərəkət etməlidir

Qlobal təhlükəsizlik mühiti sürətlə dəyişir. 2021-2025-ci illərdə dövlətlər arasında əsas silah növlərinin ixracı və idxalı 2016-2020-ci illərlə müqayisədə 9,2% artıb. Bu məlumat Stockholm International Peace Research Institute (SIPRI)-nin hesabatında əksini tapır. Avropa ölkələri isə son dövrdə silah alışlarını üç dəfədən çox artıraraq regionun ən böyük silah alıcısına çevrilib. Bu tendensiya Rusiya-Ukrayna müharibəsi, regional böhranlar və NATO ilə Avropa Birliyinin müdafiə siyasətləri ilə əlaqədar məsələləri yenidən gündəmə gətirir.

Ehtiyatda olan hərbi pilot, hərbi ekspert Hüseyn Fazla mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Avropanın silah idxalını üç dəfədən çox artırmasının səbəbi nədir? 

-Hazırda Avropanın silah idxalının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Son 5 ildə Rusiya ilə Ukrayna arasındakı müharibə Avropada, xüsusilə də Şərqi Avropada ciddi təhlükə qavrayışı yaradıb. Rusiyanı özləri üçün təhlükə kimi görən Avropa ölkələri təhlükəsizliklə bağlı siyasətlərə yönəlməyə başladılar. Nəticədə Avropa daha çox silahlanmaya investisiya qoymağa məcbur qaldı.

-Belə bir fikir formalaşıb ki, Rusiya Ukraynadan sonra Avropaya da hücum edə bilər. Bu fikirlə razısız?

-Şərqi Avropa ölkələrində sanki Soyuq müharibə dövründən əvvəlki, İkinci Dünya müharibəsinin sonrakı illərindəki gərgin bloklaşma dövrünə qayıdış kimi təhlükə hissi yaranmağa başlayıb. Avropalılar istər-istəməz narahatdırlar.

Burada ABŞ siyasəti də mühüm rol oynayır. ABŞ Avropa ölkələrinin daha çox silahlanmaya sərmayə qoymasını istəyir. ABŞ belə bir mövqe bildirir ki, “təhlükəsizliyinizi təmin etmək istəyirsinizsə, bunu mənim pulumla deyil, öz vəsaitinizlə edin, müdafiə sənayesinə investisiya qoyun və silah alın".

ABŞ həm də qlobal hegemoniyasını qorumaq və Çinlə olan qlobal rəqabətdə üstün mövqeyini saxlamaq üçün Avropanın məsuliyyət götürməsini istəyir. Rusiyanın Avropaya daha çox bağlanması və Avropanın silahlanaraq Moskvanı balanslaşdırması da bu siyasətin bir hissəsi kimi görünür.

ABŞ-nin müəyyən manipulyasiyaları olsa belə, nəticədə İngiltərə, Almaniya və Fransa da silahlanma səylərini artırmağa çalışırlar. Xüsusilə Polşa və Baltik ölkələri silahlanmaya daha çox investisiya qoymaq məcburiyyətində qalıblar.

Məlum olduğu kimi, Rusiyanın dronları və raketləri Şərqi Avropa ölkələrinin ərazilərinə də düşmüşdü. Bütün bu hadisələr nəticədə silaha daha çox investisiya qoyulmasına səbəb oldu.

-NATO-nun müdafiə xərclərinin artırılması Avropanın hərbiləşməsinə necə təsir edə bilər?

-NATO müdafiə xərcləri ilə bağlı ötən il yeni qərar qəbul etdi. 2014-cü ildə qərara alınmışdı ki, hər NATO üzvü ölkə ÜDM-nin 2%-ni müdafiəyə ayırsın. Ötən il bu göstərici 5%-ə qaldırıldı. Bunun 3,5%-i birbaşa orduya, 1,5%-i isə hərbi infrastrukturun inkişafına ayrılmalıdır.

Bu, çox böyük bir göstəricidir və böyük büdcələrin müdafiə və silahlanmaya yönəldilməsi deməkdir. NATO üzvlərinin əksəriyyətinin Avropada yerləşməsi də Avropanın gələcəkdə daha çox silahlanmasına səbəb olacaq.

Bundan başqa, Avropa Birliyinin SAFE proqramı da mövcuddur. Bu proqram Avropada müdafiə sənayesini inkişaf etdirmək, AB ölkələrini müdafiə investisiyalarına təşviq etmək üçün yaradılıb. Bu çərçivədə ölkələrə uzunmüddətli kreditlər verilir, yeni müdafiə layihələri hazırlanması təşviq edilir və Avropanın özünü öz istehsalı olan silahlarla müdafiə etməsi məqsədi qoyulur.

Silah ticarətindəki artım qlobal müharibə riskini -artırırmı? 

-Hazırda qlobal müharibədən daha çox regional müharibə riskləri artmağa başlayıb. Son dövrdə Rusiya-Ukrayna müharibəsi, İsrail mərkəzli 2023-cü ildən sonra davam edən müharibələr, Suriyadakı inkişaflar buna misaldır.

Xüsusilə ABŞ və İsrailin birlikdə hərəkət etməsi diqqət çəkir. Məsələn, keçən il İsrailin 12 günlük müharibə çərçivəsində İrana hücumu oldu və sonra müəyyən bir sülh əldə edildi. İndi isə yenidən ABŞ-la birlikdə İsrail İrana hücum edib və artıq müharibənin 12-ci günündəyik.

-Müharibə necə bitəcək?

-Müharibənin necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. İranın cavab tədbirləri çərçivəsində körfəz ölkələrinə hücum etməsi Orta Şərqdə böyük bir regional müharibənin başlanmasına səbəb oldu. Hələlik körfəz ölkələri İrana silahla cavab vermədikləri üçün müharibənin genişlənməsi baş verməyib. Ancaq belə bir cavab olarsa, Orta Şərqdə çox böyük müharibə başlayacaq.

Bu vəziyyət artıq neft qiymətlərinə də təsir edib. Neftin bir barelinin qiyməti 62 dollardan 110 dollara qədər yüksəlib və 150 dollara qədər qalxa biləcəyi ehtimal edilir. Bu isə enerji təhlükəsizliyi və enerji təchizatında problemlər yarada bilər.

Burada Hörmüz boğazının rolu da böyükdür. Çünki körfəz ölkələrinin neft və qaz ixracının əsas keçid nöqtəsi məhz bu boğazdır. Müharibənin bu bölgədə olması da riskləri artırır.

Dünyada enerji təhlükəsizliyi böyük problemdir.

-3-cü dünya müharibəsi gözlənilir?

-Regional böhranlar böyük müharibələrin xəbərçisidir. Lakin tarixə baxsaq, Birinci və İkinci Dünya müharibələrində olduğu kimi qlobal miqyasda müharibə üçün böyük güclərin birbaşa iştirak etməsi lazımdır.

Hazırda böyük müharibə potensialına malik üç əsas ölkə var: ABŞ, Çin və qismən Rusiya. Əgər Rusiyanın enerjisi Avropa ilə məşğul olmaqla zəiflədilərsə, ABŞ və müttəfiqləri Çin qarşısında daha üstün mövqe əldə edə bilərlər.

-Çin niyə kənarda qalıb?

-Hazırda Çin üçün “əhatə etmə” siyasəti tətbiq olunur. Onu Cənubi Çin dənizi bölgəsində məhdudlaşdırmağa çalışırlar.

Hesab edirəm ki, yaxın dövrdə Çin çox ehtiyatlı davranacaq və ABŞ ilə müharibəyə girməkdən çəkinəcək. Çin daha çox qlobal ticarət sistemindəki boşluqlardan istifadə edərək öz mövqeyini gücləndirməyə çalışacaq. O, ABŞ-nin dünyada sərbəst ticarəti qoruyan hərbi mövcudluğunu da birbaşa təhlükə kimi görmədiyini dolayı şəkildə ifadə edir.

Çünki Çinin zamana ehtiyacı var. Xüsusilə okeanlarda “Blue Water Navy” adlandırılan dəniz hərbi gücünü inkişaf etdirməlidir. ABŞ ilə rəqabət edə biləcək səviyyəyə çatması üçün ən azı 10-15 il vaxt lazım olduğu düşünülür.

Bu səbəbdən yaxın dövrdə Çin ilə ABŞ arasında böyük bir müharibə gözlənilmir. Lakin 10 il və daha sonrakı dövr üçün belə bir ehtimalın müzakirə olunur.

-Avropanın investisiyalarını artırmaq səbəbi böyük müharibə riskidir?

-Bəli, Avropa da daxil olmaqla bir çox ölkə buna görə hərbi investisiyalarını artırır.

Digər tərəfdən “qlobal cənub” adlandırılan ölkələrdə silahlanmaya o qədər də böyük investisiyalar edilmir. Əgər üçüncü dünya müharibəsi baş versə, ehtimal olunur ki, əsasən Şimal yarımkürəsində baş verəcək.

Məsələn, Latın Amerikası və Afrika bu prosesdən daha az təsirlənə bilər. Bu ölkələrin silahlanmaya az investisiya etməsi də bununla izah olunur ki, onlar yaxın təhlükə görmürlər.

Afrikada bir çox ölkələr arasında sərhəd problemləri olsa da, onların hərbi xərcləri qlobal miqyasda çox kiçikdir. Çünki istifadə etdikləri təyyarələr və hərbi texnika çox məhduddur. Böyük bombalara, raketlərə, müasir döyüş təyyarələrinə və gəmilərə böyük ehtiyac duymurlar.

-Bəs Türkiyə və Azərbaycanın mövqeyi necə olacaq?

-Türkiyə və Azərbaycan regional böhranlarda mümkün qədər bir-biri ilə məsləhətləşərək hərəkət edirlər. Nəticə etibarilə Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Bunu həm liderlər səviyyəsində, həm də “iki dövlət, bir millət” prinsipi ilə açıq şəkildə göstərirlər. Lakin qlobal miqyasda böyük bir müharibə baş verərsə, bizim coğrafiya da bundan təsirlənəcək. Artıq Orta Şərqdə baş verən hadisələr- ABŞ, İsrail və İran arasında gördüyümüz müharibə bunun nümunəsidir.

Belə bir vəziyyətdə Azərbaycan və Türkiyə çox ağıllı siyasət yürütməli, regiondakı müharibə və münaqişələrdə balanslaşdırıcı rol oynamalıdırlar. Müharibələrdə tərəf olmamaq, lakin öz müdafiə sənayelərini gücləndirmək, ordularını hər zaman hazır vəziyyətdə saxlamaq vacibdir.

Eyni zamanda, kəşfiyyat, müşahidə və məlumat mübadiləsi sahəsində bir-birlərinə dəstək verməlidirlər. Müdafiə sənayesi sahəsində ortaq layihələr həyata keçirə, bir-birlərindən silah və hərbi texnika alaraq həm maliyyə vəsaitlərinin öz ölkələri daxilində qalmasını təmin edə, həm də mövcud çatışmazlıqları aradan qaldıra bilərlər.

Çünki bəzi kritik silah sistemlərini böyük dövlətlər satmaq istəmirlər. Bu baxımdan Azərbaycanın ehtiyaclarını Türkiyənin müdafiə sənayesinin qarşılaması mümkündür.

Əgər hər hansı böhran yaranarsa, mütləq qarşılıqlı məsləhətləşmə mexanizmi işə salınmalı və iki ölkə mümkün qədər birlikdə hərəkət etməlidir. Azərbaycan və Türkiyənin bir-birlərini tək buraxmadan, dünyaya qarşı vahid mövqe nümayiş etdirmələri gözlənilir. Onlara yaraşan da budur.

-Qarşıdakı 10 ili Avropa baxımından necə dəyərləndirirsiniz?

Qarşıdakı on il ərzində Avropa müdafiə və təhlükəsizlik siyasətlərinə, eləcə də silahlanmaya investisiyaların artacaq. SIPRI-nin açıqlamalarına baxdıqda da Avropa üçün oxşar bir tendensiyanın mövcud olduğunu görürük.