Kreml Koçaryanı hakimiyyətə qaytarmaq istəyir

Ekspert hesab edir ki, Paşinyanın vəziyyəti elə də ürəkaçan deyil
Ermənistanın ikinci prezidenti Robert Koçaryan iki səbəbdən siyasətə qayıtmaq niyyətində olduğunu bildirib. Nikol Paşinyan hökumətini sərt tənqid edən sabiq prezident bildirib ki, Ermənistanın mövcud geosiyasi vəziyyəti və hazırkı hakimiyyətinin kifayət qədər təcrübəsinin və bilik səviyyəsinin olmaması onu çox narahat edir: "Niyə siyasətə qayıtmağa məcburam? Bunun iki səbəbi var və onlardan birincisi - geosiyasi vəziyyətdən qaynaqlan risklərdir.
Xəritəyə sadəcə baxmaq kifayət edir ki, Ermənistanın hansı ölkələrin əhatəsində olduğu, qonşularla necə əlaqə saxladığı məlum olsun. Bundan başqa yeni hakimiyyətin təcrübəsi yoxdur. Mən onları buna görə günahlandırmıram. "Soros”un qrantları hesabına ictimai təşkilatlarda başqa işlərlə məşğul olan adamların nə təcrübəsi olsun?!”.
Koçaryanın açıqlamaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, Paşinyanın vəziyyəti elə də ürəkaçan deyil. Ekspertin sözlərinə görə, Qarabağ klanı nəzarətdə saxladığı KİV-lər, hakim strukturlarda vəzifələrini qoruyub-saxlamış insanlar və maliyyə gücü hesabına hakimiyyətə qayıtmaq niyyətindədir: 
"Kilsə də Koçaryanı müdafiə edir. Məlumdur ki, kilsə Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib və onun qurduğu hökumətə şübhə ilə yanaşıb. Lakin əsas məsələ Moskvanın mövqeyidir. Kreml İrəvandakı siyasi situasiyanı öz xeyrinə dəyişə bilər. Maraqlıdır ki, son zamanlar Paşinyan İrəvanı Rusiyanın forpostu olmaqdan xilas etmək üçün Qərblə anlaşmağa başlayıb. 
Moskva Ermənistandakı situasiyanı Paşinyanın nəzarətindən çıxartmaq və özünün vassalı olan sabiq prezident Robert Koçaryanı hakimiyyətə qaytarmaq istəyir. Burada daha bir məqamı təhlil etməyə ehtiyac yaranır. İrəvan Qarabağda savaşa başlaya bilərmi? Savaş başlayarsa, İrəvan öz təbliğatını bu istiqamətdə qura bilər - "millətlərin özünü təyin etmə hüququna” Bakı etnik təmizləmə ilə cavabı verir. Bu mərhələdə savaşa başlamaq göründüyü kimi sadə deyil. 
Lakin bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil. Bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz. Digər tərəfdən işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti türklərdir və məsələyə milli təyinetmə prizmasından heç cürə baxıla bilməz”. 
Analitik son günlər irəli sürülən bir fikrə də diqqət çəkib: 
"Deyirlər ki, əgər Azərbaycan irimiqyaslı əməliyyata başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edə və Bakını tələyə sala bilər. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar son anda öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər”. Politoloqa görə, bu savaş Paşinyan hakimiyyətinin sonunu gətirə bilər: "Kreml "cızığından çıxmış” Paşinyanı cəzalandırmaq istəyir. Bu fonda Paşinyana qarşı Moskvapərəst müxalifətin gücləndirilməsi Ermənistan baş nazirini əks addımlar atmağa vadar edir. Sabiq prezident Levon Ter-Petrosyan Paşinyanı müdafiə edir. 
Moskva isə Koçaryanı hakimiyyətə qaytarmaq arzusundadır. Odur ki, bir neçə işğal edilmiş rayonun İrəvanın nəzarətindən çıxmasına yardım edə bilər. Bu plan Paşinyanın fiaskosuna və Koçaryan variantının reanimasiyasına yardim edə bilərdi. Amma diqqət çəkən həm də budur ki, İrəvan Qərblə oynadığı "inteqrasiya” oyununu indi də ruslarla davam etdirmək istəyir. 
Bu oyunun finişi belə görünür - Azərbaycan 2-3 rayonu qaytarır, Koçaryan yenidən prezident olur, Moskva özünə qarşı loyal münasibət əldə edir. Oyunların pərdə arxasını bildiyindən Qərb gözləmə mövqeyini tutur. Ancaq unutmayaq ki, Qərb və xüsusilə də ABŞ sürətlə uzaqlaşdıqları kimi, eyni sürətlə də geri dönmək imkanlarına malikdirlər. Belə olan təqdirdə, Vaşinqtonun hansı addımları atacağını proqnozlaşdırmaq çətindir”.
İsmayıl