Kreml özünü ZƏHƏRlədi
Proseslər getdikcə Rusiyanın təklənməsi ilə nəticələnəcək
Böyük Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan rus agent Sergey Skripalın zəhərlənməsindən sonra Qərb ölkələri ilə Rusiya arasında diplomatik qalmaqal başlayıb. Öncə Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Daha sonra ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqının 17 ölkəsi Londonun mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.
Amerika və müttəfiq ölkələr 151 rusiyalı diplomatı deportasiya edib. NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara salıb. Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, təşkilat Böyük Britaniya ilə həmrəylik nümayiş etdirir. Rəsmi Moskva isə NATO-nun bu addımını görüntü adlandırıb və alyansı Rusiya və Böyük Britaniya arasındakı narazılıqdan öz xeyrinə istifadə etməkdə ittiham edib.
"Rusiyanın Skripalı zəhərləməkdə məqsədi Qərbi parçalamaq olub”
Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Cim Mattis deyib ki, Rusiyanın Britaniyada keçmiş casusu zəhərləməsi Kremlin Qərbi parçalama strategiyasının bir hissəsidir. Onun sözlərinə görə, məqsəd gizli əməliyyatlar aparmaq, daha sonra kimin məsuliyyət daşımasıyla bağlı şübhə toxumları, narazılıq yaratmaq olub: "Kreml rəhbərinin Skripal və qızının "həyatına qəsd cəhdi”nə görə məsuliyyəti inkar etməsi ciddiyə alınmamalıdır. Solsberi insidentində "kütləvi qırğın silahı”ndan istifadəyə dair "xeyli aşkar” dəlil var. Britaniya hökuməti həmin hadisədə "soyuq müharibə” dövründə Rusiyanın hazırladığı "Noviçok” adlı hərbi dərəcəli sinir qazından istifadə olunduğunu açıqlayıb”.
ABŞ-dan Rusiyaya Skripal şərti...
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert isə deyib ki, Vaşinqton və onun müttəfiqləri ilə münasibətləri normallaşdırmaq üçün Rusiya Skripalın zəhərlənməsi olayında öz məsuliyyətini etiraf etməlidir: "Dialoq qapıları Rusiya üçün hər zaman açıqdır. Lakin Moskva əlaqələri yoluna qoymaq istəyirsə, məsuliyyətini etiraf etməli və əsassız və aqressiv davranışı dayandırmalıdır”.
"Təhlükəsizliyinizlə bağlı mövcud durumu zorlaşdırdınız...”
NATO-nun 7 rus diplomatını qovması, üstəlik, qurumdakı Rusiya təmsilçiliyinin sayını 30-dan 20-yə düşürməsi rəsmi Moskvanın sərt etirazına səbəb olub.
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, NATO-nun bu addımı, Avropanın özünün təhlükəsizliyini çətinləşdirir: "Bəli, bu addım ilk əvvəl Avropada təhlükəsizliklə bağlı mövcud durumu zorlaşdırır. Digər yandan, belə bir hərəkət Moskva ilə NATO arasında münasibətləri də çətinləşdirir”.
"Moskva və London arasında gərginlik dünya ilə qarşıdurma demək deyil”
Putinin mətbuat katibi Dimitri Peskov bildirib ki, Moskva və London arasında münasibətlərin kəskinləşməsi Rusiyanın dünya ictimaiyyəti ilə qarşıdurması demək deyil: "Dünya dövlətləri Britaniya ilə həmrəy olan ölkələrdən daha çoxdur. 20-30 ölkə dünya ictimaiyyətinin yalnız bir hissəsidir. Dünya ictimaiyyəti çox müxtəlifdir və özündə daha böyük sayda ölkələri birləşdirir”. Peskov deyib ki, Rusiya öz mövqeyini dalana dirənmiş halda müdafiə etmək niyyətində deyil.
"Səfirliklərdə kəşfiyyatçılarımız var”
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərb dövlətlərindən rus diplomatlarının kütləvi qovulmasına sərt reaksiya verib. O, diplomatların kütləvi sürgününü "çirkin və alçaq təxribat” adlandırıb: "Bu alçaq təxribata sərt cavabımız olacaq”. Narişkin vurğulayıb ki, əməkdaşlar arasında kəşfiyyat xidmətinin zabitləri də var: "Onların sayı o qədər də çox deyil. Onlar Rusiya səfirliklərinin təhlükəsizliyini təmin ediblər. Deportasiya edilən diplomatlar arasında bu ölkələrdə Xarici Kəşfiyyat Xidmətinin rəsmi nümayəndələri kimi təmsil olunan şəxslər olub”.
"Artıq heç bir dövlət Rusiyadan qorxmur”
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya geri addım atarsa, tərəflər arasındakı gərginlik səngiyə bilər. Ancaq Moskva israrla əvvəlki siyasətini davam etdirərsə və postsovet ölkələrinə təzyiqi artırarsa, münasibətlər daha kəskin müstəviyə keçər:
"Rusiyanın "super güc” iddiasını sürdürməsi, müasir silahlarla qürurlanması, Qərbi hədələməsi Kremldə hələ də militarist təfəkkürün güclü olduğunu göstərir. Bu baxımdan Qərb-Rusiya gərginliyinin qısa zamanda bitəcəyini söyləmək mümkün deyil. ABŞ və Avropa ölkələrinin məqsədi sanksiyaları sərtləşdirməklə Rusiyanı təslim olmağa, geri addım atmağa sövq etməkdir. Reallıq odur ki, Rusiya getdikcə təklənir. Qərb ölkələri ilə diplomatik münasibətlər minimum həddə çatıb. Moskva xarici ölkələri nüvə silahı ilə təhdid etsə də, artıq heç bir dövlət Rusiyadan qorxmur. Çünki hər kəs fərqindədir ki, ABŞ-ın nüvə potensialı Rusiyadan qat-qat üstündür”.
İsmayıl