
Kremlin mərhələli həll təklifi...
Bu hələ Bakı ilə Moskvanın mövqelərinin üst-üstə düşməsi demək deyil“Azərbaycan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz azad olunmasında israr etməlidir”

"Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. XİN rəhbəri bəyan edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir: "Hər kəs aysberqin üst tərəfini görür. Lakin bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş "Madrid prinsipləri” əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün maraqlıdır”.
Nazirin açıqlaması ilə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyib ki, "mərhələli həll” variantının tam açıqlanmaması qaranlıqdır: "Nazirin Rusiya ilə bağlı "ayesberqin görünməyən tərəfi” ifadəsini işlətməsi müəmmalıdır. Əslində təklif edilən bütün "sülh modelləri” mərhələli formada bizə təqdim olunur. İstər ABŞ və Fransa, istərsə də Rusiya tərəfindən irəli sürülən həll variantlarının hamısında mərhələli həll prinsipi əsas götürülür. Amma son dönəmdə təkliflərin hamısını bir yerə toplayaraq paket halına salıblar. Həll paketinin ən mühüm müddəası da "mərhələli həll prinsipi” və status məsələsidir. Mərhələli həll odur ki, əvvəlcə 5 və ya 7 rayon boşaldılır, qaçqınlar öz yerlərinə qayıdır, bunun əvəzində Dağlıq Qarabağa aralıq status verilir. Başqa mərhələlərdən söhbət gedə bilməz. Çünki danışıqlar prosesi 6 maddəlik həll variantı üzərində qurulub”. Politoloqun sözlərinə görə, Azərbaycan mətbuatında Rusiya ilə bağlı dərc olunan yazılar əsasən ikili münasibətlər üzərində köklənir, nəinki torpaqların azad edilməsi istiqamətində: "Fikrimcə, Rusiya ilə bağlı yazılarda torpaqlarımızın işğaldan azad edilməsi və Moskvanın təcavüzkar Ermənistanı dəstəkləməsi məsələsi qabardılmalıdır. İkili münasibətlər, əlaqələr istənilən şəraitdə dəyişə, yəni yaxşılaşa və ya pisləşə bilər. Dəyişməz olan yeganə məsələ torpaqlarımızın düşməndən geri alınmasıdır”.
Politoloq Şahin Cəfərli də bildirib ki, Rusiyanın mərhələli həll təklif etməsi hələ Bakı ilə Moskvanın mövqelərinin üst-üstə düşməsi demək deyil. Əsas məsələ təkliflərin mahiyyəti və məzmunudur. Biz hələ bu təkliflərin nədən ibarət olduğunu bilmirik: "Nazirin açıqlamasında mənim diqqətimi cəlb edən bir cümlə var. O, Rusiyanın maraqlı təkliflər irəli sürdüyünü söylədikdən sonra "... amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir” - deyib. Bu cümlədən anlaşılır ki, Azərbaycan heç də Rusiyanın təkliflərindən tam məmnun deyil. Sergey Lavrovun son açıqlamalarına nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, Rusiya hazırkı mərhələdə təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını və etimad artırıcı tədbirlərin həyata keçirilməsini istəyir. Bu, ilk baxışdan sülhməramlı və məsum təklif kimi görünür, lakin onun arxa planına nəzər saldıqda, Azərbaycanın mənafeyinə cavab verməyən ideya olduğunu anlamaq çətin deyil. Hesab edirəm ki, insidentlərin araşdırılması mexanizminin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin əlini-qolunu bağlaya bilər. Məlumdur ki, Azərbaycan ordusu son aylarda yeni bir taktika seçib və təmas xəttində yeri gəldikcə, işğalçıya lokal zərbələr endirir. Bu taktika işğalçını daim gərginlikdə saxlayan, onu ciddi narahat edən, enerjisini tükədən bir taktikadır. Sözügedən mexanizmin qurulması isə bizim ordunu bu imkandan məhrum edə bilər. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi də belə bir mexanizmin qurulmasını şərt kimi irəli sürüb”. Ekspert deyib ki, Azərbaycan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz azad olunmasında israr etməlidir: "Ən böyük etimad artırıcı tədbir o olar ki, işğalçılar ən azı 5 rayondan çıxsın. Məhz bundan sonra problemin həlli üçün münbit zəmin yaranmış olar.
Dörd günlük müharibənin əsas siyasi nəticəsi budur ki, Qarabağ məsələsi beynəlxalq gündəmdə öz yerini alıb və münaqişənin həlli aktuallaşıb. Son həftələr Kerri-Lavrov telefon danışıqlarında bu mövzunun da Suriya və Ukrayna problemləri ilə birlikdə müzakirə olunması müsbət hadisədir. Lakin Ukraynadan fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi Qərblə Rusiya arasında rəqabətin getdiyi bir sahə deyil. Qərb münaqişənin həllini artıq uzun müddətdir ki, Rusiyanın öhdəsinə buraxıb və Moskvanın bu məsələdə dominant rol oynamasından narahat deyil. Onlar Rusiyaya deyirlər ki, "bacarırsansa, bu münaqişəni həll elə, biz qarışmırıq”. Hələlik Cənubi Qafqazda Qərb üçün prioritet ölkə Gürcüstandır”.
İsmayıl