Çünki Rusiya əks hücumla təxribata cavab verəcək
Dünya miqyasında yenidən böyük narahatlıqla izlənən məsələlərdən biri də Rusiya və Ukrayna arasında artan hərbi gərginlikdir. Moskva Ukraynanı Krıma təcavüz etməkdə ittiham edərək, buna ən yüksək səviyyədə sərt cavab veriləcəyini deyib. Bununla da Rusiya-Ukrayna savaşının açıq müstəviyə keçməsi və hərbi əməliyyatların başlama ehtimalı artıb. Məlumat üçün deyək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən Krımda planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb. FTX-nin məlumatında bildirilir ki, terror aktı Krımda vacib infrastruktur və yaşayış yerlərində planlaşdırılıb. Məqsəd isə seçkilərə hazırlıq prosesində və seçkilərin keçirilməsi zamanı yarımadada sosial-siyasi vəziyyəti qarışdırmaq olub. Cəhdin qarşısı alınarkən iki rusiyalı hərbçi öldürülüb. Ukrayna Prezidenti Petro Poroşenko Krımdakı təxribatdan xəbərsiz olduğunu söyləyib. Bununla yanaşı, Krımla sərhəddə və Donbasda mövcud olan qoşun hissələrini döyüşə hazır vəziyyətə gətirmək əmri verib. Rusiya Prezidenti Vladimir Putin isə Sarkisyanla görüşdə Krım ətrafında baş verənlərə dair bəyanatla çıxış edib və Ukraynanı hədələyib. Moskva təxribat cəhdinə cavab olaraq iki ölkə arasında diplomatik münasibətləri pozacağını da istisna etməyib. İki ölkə arasında yaranan gərginliyi şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Poroşenkonun ordu birliklərinə Krımda terror əmri verdiyinə inanmadığını deyib: "Amma istisna etmirəm ki, Ukraynada hansısa qrup bu işi özbaşına görə bilər. Ukrayna Prezidenti qətiyyətlə söylədi ki, ordudan heç kim belə bir hadisədə iştirak etməyib. Yəqin ki, yaxın günlərdə prosesin arxasında dayanan güclər aydınlaşacaq. Ümumilikdə bu hadisə Rusiya-Ukrayna hadisələrini daha da gərginləşdirəcək. Xatırladım ki, Çində böyük iyirmilərin toplantısı çərçivəsində Norman dördlüyünün növbəti görüşü planlaşdırılırdı. Ancaq Putin artıq belə bir görüşün baş tutmayacağını bəyan edib. Eyni zamanda Rusiya diplomatlarının Ukrayna ilə əlaqələri kəsəcəyi də kifayət qədər həyəcanverici xəbərdir. Təsəvvür edin, vaxtı ilə biri-birinə dost deyən ölkələrin rəsmiləri ikitərəfli əlaqəni tamamilə kəsirlər. Hər halda Krımda baş verənlərin çox ciddi nəticələri olacaq. Ukrayna tərəfi də qarşılıqlı addımlar atmalıdır. Bu mənada sərhəddə yerləşən qoşun birliklərinin gücləndirilməsi vacib addımdır. Çünki Rusiya əks hücumla təxribata cavab verə bilər. Hadisədə ölüm faktının olması gərginliyi artıran arzuolunmaz hadisədir”.
İsmayıl