“KTMT-ə üzv olmaq Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə deməkdir" - Deputat



"Niyə azərbaycanlı uşaqları qətlə yetirən erməni Yuri Xaçaturovun rəhbərliyindəki təşkilata girməliyik? Hansı əsasla belə bir quruma üzv ola bilərik?”.

Bunu "sherg.az”a açıqlamasında millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Son günlər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı yayılan söz-söhbətə münasibət bildirən deputat bəyan edib ki, bunun təklif edilməsi belə qəbledilməzdir: 

"Azərbaycanın KTMT-ya girməsi ölkəmizin müstəqilliyi üçün ciddi təhlükə deməkdir. Nəzərə alaq ki, rəsmi Bakı Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Belə məqamda hansısa hərbi bloka daxil olaraq suverenliyimiz üçün təhdid yaratmağın mənası yoxdur. Torpaqlarımız tamamilə işğaldan azad edildikdən sonra bu məsələni müzakirə etmək olar. İndiki halda əbəsdir”.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istədiyini bəyan edərsə, Ermənistan təşkilatdakı veto hüquundan istifadə edərək bunun qarşısını alacaq. Naqdalyan xatırladıb ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında qərarlar konsensus əsasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunur: "Ermənistan tərəfi bu məsələ ilə bağlı öz fikrini bildirib. Düşünmürəm ki, bəyan edilən mövqeyimizin ikinci şərhə ehtiyacı var”.

İsmayıl