İrəvanda siyasi-şou Sarkisyanın diktəsi ilə bitdi
Ermənistanda hüquq-mühafizə alayının binasını zəbt edən silahlı qrup hökumətə təslim olub. Bu barədə ölkənin millli təhlükəsizlik xidməti açıqlama yayıb. Qurumun məlumatına görə, antiterror əməliyyatında 20 terrorçu saxlanılıb və patrul-mühafizə alayının binası tam təmizlənib. Binanı tutan silahlı qrupun rəhbəri Pavel Manukyan isə həbs edilib.
Məhkəmə zalına xərəkdə aparılan Manukyan hər hansı şəxsi ambisiyasının olmadığını deyib. O, xalqın gələcəyi naminə belə bir addım atdığını söyləyib. Xatırladaq ki, silahlı dəstə polis binasını iyulun 17-də tutmuşdu. Həmin tarixdən etibarən yüzlərlə insan küçələrə axışaraq, polis idarəsini
ələ keçirənlərə dəstək aksiyası keçirir və yarıtmaz siyasət yürüdən Serj Sarkisyanın istefasını tələb edirdilər. Qiyam yatırılana qədər düşmən ölkədə baş verən hadisələri şərh edən ekspertlər proseslərin tezliklə bitməyəcəyini və etiraz dalğasının Sarkisyanı devirəcəyini iddia edirdilər. Amma "qiyamın” ani olaraq yatırılmasından sonra politoloqlar baş verənlərin hakimiyyət tərəfindən planlandığını düşünməyə başlayıblar. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri "Şərq”ə verdiyi açıqlamada deyib ki, Ermənistandakı "qiyam” süni yaradılmış siyasi oyundan başqa bir şey deyildi: "Sarkisyan hakimiyyəti bu məsələdə bilavasitə maraqlı idi. Əks halda bir ölkənin xüsusi xidmət orqanları beş-on nəfər quldurun əlində aciz qalmazdı. Prosesin bu qədər uzanması hökumətə sərf edirdi. Sarkisyan Dağlıq Qarabağ məsələsində dünya güclərinə bir mesaj vermək istəyirdi. Beynəlxalq aləmi inandırmağa çalışırdı ki, Ermənistanın ictimai fikri indiki dövrdə hansısa güzəştə hazır deyil. Məqsəd isə düşmən ölkədən tələb olunanları təxirə salmaq, danışıqları uzatmaq, əlavə zaman qazanmaqdır. Ancaq proseslərin məcrası dəyişdikcə, hökumət qorxmağa başladı. Çünki erməni cəmiyyətində kriminal Sarkisyan rejimindən narazı olan kifayət qədər insan var. Artıq onların müəyyən bir hissəsi küçələrə çıxmağa başlamışdı. Eyni zamanda ölkədəki qərbyönlü dairələr də etirazlara dəstək verirdilər. Vəziyyətin bu həddə çatması Ermənistan hökumətini və Rusiyanı narahat etməyə bilməzdi. Ona görə də müəyyən müddət keçdikdən sonra "qiyam” şousunu dayandırmağı qərara aldılar”. Ekspertin sözlərinə görə, hazırlanmış şou sonradan Sarkisyan hakimiyyətinin əleyhinə çevrilə bilərdi: "Prosesin həddən artıq şişməsi Sarkisyanın arxasında duran gücləri narahat etməyə başladı. Fikir verdinizsə, bir günün içində təhlükəsizlik orqanları şounun iştirakçılarına "silahı yerə qoyun” mesajı verdilər və tezliklə "qiyam” bitdi. Halbuki üç-beş nəfəri əvvəlcədən tərksilah etmək mümkün idi. Fikrimcə, artıq bu oyunu bitmiş hesab etmək olar. Çünki siyasi çevrilişdə ittiham edilən qüvvələr hazırda hakimiyyətdə olan Qarabağ klanının üzvləridir. Onları yemləyən də məhz Sarkisyan hakimiyyətinin hərbi xuntasıdır. Eyni klanın çevriliş cəhdi nağıldır. Amma irəvanlıların kütləvi şəkildə etirazlara qoşulması və hökumətin getməsini tələb etmələri ciddi təhlükə idi, ona görə də "qiyam”a son verildi”.
İsmayıl