Kvota azaldı, qiymətlər mütləq bahalaşacaq

Həcc ziyarətinə gedənlər bilməlidir ki, çox ciddi rəqəmlər olacaq




Həcc ziyarəti qiymətlərinin mart ayında bəlli olacağı bildirilsə də, müəyyənləşmə aprelə qaldı. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. İdarədən bildirilib ki, Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə hələ razılığa gəlinməyib. Bu səbəbdən də Həcc ziyarətinə sənəd qəbulunun elan edilməsi ləngiyir. İdarə qiymətlər bəlli olmadan sənəd qəbulunu elan etməyi məqsədəuyğun saymır.

Qiymətlər bilinməsə də, artım olacağı şübhə doğurmur. Mütəxəssislər də bu fikirdədir ki, bu il Həcc ziyarəti qiymətlərində artım labüddür.

Əslində, bu, reallığa uyğundur. Ötən il də təxminən bu vaxtlar manatın devalvasiyaya uğraması səbəbindən Həcc qiymətlərində tutarlı artım oldu. 3250-4100 manat arası qiymətlər 4700-5750 manata qalxdı. Qiymətlərin kəskin qalxması zəvvar sayına da təsir etdi. Necə deyərlər, pul kisəsini 3-4 minlik doldurmağı planlaşdıranlar birdən-birə 2 min ABŞ dolları əlavə xərc çəkmək iqtidarında olmadılar. Yəqin buna görədir ki, ötən il Həcc ziyarətinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda Azərbaycan üçün ayrılmış kvotanın dolmadığı bilindi. Doğrudur, sonra kvotanın dolması haqda da məlumatlar verildi. Amma bunun hansı dərəcədə səhihliyi və nəyin hesabına başa gəldiyi hələ də müəmmalıdır. Bu il Həcc mövsümündə qiymətlər necə olacaq və kvotalar yenə azaldılacaqmı? Hələ ki, rəsmi təsdiqlənməmiş xəbərlərə görə, qiymətlərin qalxacağı və kvotanın da azaldılacağı gözlənilir. Bu il Azərbaycandan Həcc ziyarətinə 1500 zəvvarın gedəcəyi proqnozlaşdırılır. Bu isə ötənilki zəvvar sayı ilə müqayisədə 900 nəfər azdır. Birdən-birə sayda bu qədər azalma nə ilə bağlıdır? Yalnız qiymət artımı iləmi?

Qafqaz Müsəlmanları İdarəsi suallara cavab verməyə tələsmir. İdarədən bildirildi ki, Səudiyyə Ərəbistanı ilə müqavilələr hələ tam bağlanmadığından bu haqda dəqiq informasiya vermək mümkün deyil. Gərək müqavilələr imzalansın ki, kvota da, qiymətlər də dəqiqləşsin. Bu isə ancaq növbəti ayda mümkün olacaq.

Həcc ziyarəti barədə məlumatlı olan ilahiyyatçılar isə qiymət artımı və kvotanın azalmasını bir neçə amillə bağlayırlar.

İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında Həcc qiymətlərində artım olacağını bildirdi:

- Bunu gözləmək lazımdır. Qiymət artımı onsuz da olacaq. Hazırda Səudiyyənin özündə, hətta neftin qiymətdən asılılığı düşünülməyən Birləşmiş Ərəb Əmirliklərində də iqtisadi böhran müəyyən qədər hiss olunur. Qiymətlərin dollarla müəyyənləşdiyi bir vaxtda əlbəttə, Azərbaycan zəvvarları üçün də çox ciddi rəqəmlər olacaq. Həcc ziyarətinə hazırlaşan bunu bilməlidir. Azərbaycana ayrılan kvotanın azaldılması isə birbaşa gedənlərin sayının azlığı ilə bağlıdır. Məncə tamamilə düzgün addım atıb kvotanı azaldırlar. Təşkilatçı mən də olsam, belə edərəm. Yerləri niyə boş saxlamalıyam, bir halda ki, bəzi müsəlman ölkələri kvotanın artırılmasını xahiş edir, ziyarətə getmək istəyənlərin də sayı çoxdur. Məsələn, Türkiyə hər il kvotanın artırılmasını istəyir. Çünki orada illərlə növbə gözləyənlər var. Eləsi olur, heç ömrü buna vəfa etmir. Bizdə isə həmişə kvota gen-bol olub, bir adam bəlkə 20 dəfə ziyarətə gedib. Amma indiki qiymətlərlə nəinki kasıb, orta gəlir səviyyəsi olan vətəndaş da çətin ki, Həcc ziyarətinə gedə bilsin. Və əslində, Allahın buyruğu da budur ki, imkanı olan Həcc ziyarətinə getməlidir. Zəvvarın maddi imkanı birinci şərtdir. Allah-təala isə Həcc ziyarətini imkanı çatanlar üçün vacib buyurub. Yəni, bir müsəlmanın Həcc ziyarətinə getməsi ailəsinin maddi sıxıntı çəkməsinə səbəb olmamalıdır. Ona görə də belə bir vəziyyət yaranır. Kvota azaldılır və ya dolmur... İmkanlılar var ki, getmək istəmirlər, imkanı olmayansa, təbii ki, gedə bilmir. Azərbaycanda guya ki, əhalinin Həcc ziyarətinə maraq göstərməməsi haqda deyilənlər də cəfəngiyyatdır. Həcc ziyarətini arzulayıb maddi imkansızlıqdan gedə bilməyənlər, imkanı olub getmək istəməyənlərdən qat-qat çoxdur. Bizdə zəvvar sayında azalmanın əsas səbəblərindən biri, qiymətlərin çox baha olmasıdır. Digər müsəlman ölkələri ilə müqayisədə ən baha qiymət Azərbaycandadır.

E.Miri ümumiyyətlə, ölkələrə ayrılan kvotaların sayında azalma müşahidə edildiyini vurğuladı:

- Ötən Həcc mövsümündə Türkiyənin kvotası da səhv etmirəmsə, 20 faiz azaldılmışdı. Bu ilk növbədə Kəbə evi ətrafında aparılan tikinti, abadlıq işləri bağlıdır. Kəbə evi çevrəsində tikinti işləri 2025-ci ilə kimi davam edəcək. Orada bəzi mehmanxanaların sökülməsi planlaşdırılır və s. Hesab edirəm ki, bu işlər başa çatanadək zəvvar sayının azaldılması davam edəcək. Çünki həqiqətən də böyük sıxlıq yaşanır.

Bəs İranın Həcc ziyarətindən imtinası qiymətlərə təsir edə bilərmi? Məlumdur ki, ötənilki Həcc ziyarətində xeyli sayda iranlı zəvvarın məhz təşkilati işlərinin axsaması səbəbindən dünyasını dəyişməsi bu ölkə ilə Səudiyyə Ərəbistanı arasında onsuz da qeyri-dost olan münasibətləri bir az da gərginləşdirdi. Və nəticədə İran hökuməti Həcc və Ümrə ziyarətlərindən imtina qərarı qəbul etdi.

E.Miri isə İranın imtinasının o qədər böyük itki olmayacağı qənaətindədir:

- Mən Ümrə ziyarəti zamanı da az qala Həcc vaxtındakı qədər zəvvar olduğunu müşahidə etmişəm. Bunu da deyim ki, Ümrə ziyarəti zamanı Mədinədə mehmanxana qiymətləri hiss ediləcək qədər azalmışdı. Bunu da İran zəvvarlarının Ümrə ziyarətindən imtinası ilə bağlayırdılar. Yəni, gələnlərin sayı azaldığından mehmanxanalar qiymətləri endirmişdi. Amma düşünmürəm ki, Həcc ziyarəti zamanı da belə olsun. Çünki əvvəla, ümumilikdə müsəlmanların sayında artım var. İkincisi, İran zəvvarlarının yerinə namizədlər çoxdur. Onlar üçün bu, bir fürsətdir ki, kvotalarının artırılmasını istəsinlər. Çox güman ki, SƏ də iranlı zəvvarların yerini digər arzu edənlərlə dolduracaq. Bu baxımdan İranın Həccdən və ya Ümrədən imtinası SƏ-ni ziyana salmayacaq. Bunun Həcc ziyarəti qiymətlərinə təsir edəcəyini də düşünmürəm.

Məlahət Rzayeva