Lapşin dərsinə hamı qulaq asdı

Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər aqibətlərini biləcəklər



Xəbər verdiyimiz kimi Dağlıq Qarabağa qanunsuz səfər edən və qondarma rejimin təbliğatı ilə məşğul olan blogger Aleksandr Lapşin Belarusiya tərəfindən Azərbaycana təhvil verilib. Hazırda onun mühakimə olunması və cəzalandırılması istiqamətində iş gedir. Əslində Lapşin Qarabağa qanunsuz gedən ilk və son əcnəbi deyil. İndiyədək bir neçə şəxs işğal altındakı torpaqlarımıza rəsmi Bakının icazəsi olmadan yollanıb.

Amma bu hadisə göstərdi ki, Dağlıq Qarabağ sözün həqiqi mənasında Azərbaycan üçün ən mühüm problemdir və bu məsələdə heç kimə güzəşt yoxdur. Dağlıq Qarabağla bağlı atılan hər bir addım ilk növbədə Azərbaycanın dövlət maraqlarına cavab verməlidir. Çünki Azərbaycan dövlət olaraq öz maraqlarını heç bir supergücə güzəştə getməyəcək qədər iradəyə malikdir. İstər Mübariz İbrahimovun cəbhə xəttini keçib ermənilərə dərs verməsi, istərsə də Çingiz Qurbanovun nəşinin qaytarılması zamanı dövlətimiz onunla hesablaşmağın məcburi olduğunu bütün dünyaya sübut edib. Lapşinin ekstradisiyasında bu məqam diqqətdən qaçmamalıdır. 

Lapşini Azərbaycana verən, Şərqi Avropanın mühüm ölkəsi olan Belarus Azərbaycanın maraqları ilə hesablaşdı. Təbii ki, Azərbaycana bu yanaşmanı təkcə Belarus nümayiş etdirmir. Avropanın bir sıra dövlətlərinin də Azərbaycanla hesablaşdığının dəfələrlə şahidi olmuşuq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Lapşinin 

Azərbaycan qanunları qarşısına çıxarılması son vaxtlar işğal olunmuş torpaqlara icazəsiz səfər edənlər üçün çox ciddi dərs və mesajdır: "Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən birmənalı qəbul olunur. Beynəlxalq səviyyədə də buna hörmət və riayət etmək lazımdır. Buna riayət etməyən şəxs qanunu pozur, qanun qarşısında isə hamı cavabdehdir. Lapşinin Azərbaycana ekstradisiyası, burada məhkəmə qarşısına çıxarılması sübut edir ki, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində davranışın aliliyini əsas götürür”.

 S.Seyidov İsrail və Rusiya vətəndaşı olan Lapşinin ekstradisiyasında rəsmi Moskvanın bəyanatlarına da toxunaraq deyib ki, bu məsələ ölkələrarası münasibətlərə xələl gətirə bilməz: 

"Qanunun aliliyindən söhbət gedirsə, ölkələr buna hörmətlə yanaşır. Bizim Rusiya ilə də, İsraillə də çox yüksək səviyyəli münasibətlərimiz var. Bu ölkələr Azərbaycanla münasibətdə həmişə beynəlxalq qanunlar çərçivəsində davranışlara üstünlük verirlər”.

Milli Məclisin üzvü Qənirə Paşayeva da Azərbaycanın bu məsələdə birmənalı olaraq haqlı olduğunu deyib: "Bu, təbii ki, beynəlxalq aləmdə ciddi rezonans doğuracaq. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən, qanunlarına əməl etməyənlər üçün bu, bir dərs olacaq. Azərbaycanın bu məsələdə prinsipiallıq göstərməsinin bir daha şahidi oldular”. Deputat bildirib ki, Rusiya tərəfindən bununla bağlı edilən çağırışlara baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipiallıq ortaya qoyması çoxları üçün ciddi xəbərdarlıq olacaq:

"Bu məsələdə Azərbaycanın prinsipiallığı ilə yanaşı ədalətli mövqe sərgiləyən Belarus Prezidentinin yanaşması da ciddi rol oynadı”.

Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, Lapşin kimi psevdopatriotlar separatizmə, millətlərarası ədavətə rəvac verirlər:

"Azərbaycan qanunlarına hörmətsizlik göstərən, bir müddət özünü çox yekəxana və lovğa aparan Aleksandr Lapşinin Azərbaycana gətirilməsi çox ciddi hadisədir. Yəqin ki, Lapşinin özü və ona dəstək verən erməni-rus dostları Bakıya gətirilərkən hava limanında onun miskin baxışlarını ömürlərinin sonlarına kimi unutmayacaqlar. Bundan sonra Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər və etmək istəyənlər çox ciddi düşünməli olacaqlar. Belarusdan olan dostlarımıza göstərdikləri prinsipiallığa və fədakarlığa görə xüsusi təşəkkür edirik. Azərbaycanın onlara ən ağır vaxtlarda göstərdiyi dost, qardaş yardımını unutmadılar və bizim haqq işimizdə dəstək oldular. Məsələnin digər çox vacib tərəfi isə həm qaniçən Ermənistanın siyasi-hərbi rəhbərliyi, həm də onlara havadarlıq edən Rusiya və digərlərinin çox ağır mənəvi zərbə almasıdır. Onlar faktiki tərs şillə effekti almaq şokunu yaşayırlar”.

Ekspert bildirib ki, Rusiyanın və Ermənistanın media və siyasət adamlarının Azərbaycana qarşı təhdidləri heç bir nəticə verməyəcək: 

"Azərbaycan dövləti A.Lapşinlə bağlı məsələdə bir daha hamıya xəbərdarlıq etdi ki, ölkəmizin qanunlarına hörmətlə yanaşsınlar. Əks halda onları da Lapşinin taleyi gözləyə bilər”. Qərb Universitetinin professoru Fikrət Sadıqov da bəyan edib ki, Lapşinin Azərbaycana təhvil verməsi ölkəmizin maraqlarına uyğun siyasi addımdır. Onun sözlərinə görə, ölkəmizin sərhədlərini iki dəfə pozan, saxta pasportla sərhədi keçən, eləcə də müəyyən çağırışlarla çıxış edən şəxs cəzalandırılmalıdır: "Bunun Belarus tərəfindən düzgün şəkildə qəbul edilməsi, Ermənistanın təşvişinə səbəb olub. Hazırda düşmən ölkə parlamentində Belarusa qarşı sanksiyalar, eləcə də səfiri geri çağırmaq kimi əsassız məsələlər müzakirə edilir. 

Bütün bunlar sadəcə müzakirədir, o demək deyil ki, ona əməl olunacaq. Amma Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır”. Politoloq söyləyib ki, baş verənlər ikinci dəfə KTMT-nin zəifliyini, güclü olmayan təşkilat olduğunu ortaya qoydu: "Çünki, aprel döyüşlərində də Ermənistan onlardan kömək gözləsə də, təşkilat ona kömək etmədi. Lapşinin ekstradisiyası məsələsində də onlar Belarusun belə addım atmasını istəmirdilər. Hər iki məsələdə Ermənistanın gözləntiləri puça çıxdı”.

İsmayıl