Ekspert inanır ki, cəza da ədalətli olacaq
Azərbaycanda həbsdə olan bloqqer Aleksandr Lapşinin məhkəmə istintaqı başa çatıb. Lakin prokuror çıxış üçün vaxt istəyib. Növbəti prosesdə prokuror Lapşinə cəza istəyəcək. Ona görə də məhkəmə iyulun 14-nə kimi təxirə salınıb. Məhkəmədə şahid qismində dindirilən Almaz Bayramov Lapşin haqqında rəyi təsdiqləyib. O deyib ki, Lapşin yazılarında Azərbaycan ərazisinin parçalanması ilə bağlı çağırışlar edib, Ermənistanın xeyrinə şüarlar səsləndirib.
Lapşin isə bildirib ki, yazılarında Ermənistanın Azərbaycana məxsus yüksəkliklərə nəzarət etməsi qeyd edilib. Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə, cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmə başladılıb.
Proseslə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib ki, Aleksandr Lapşinin həbsi və ittihamı hüquqi məsələdir. Ekspert deyib ki, Lapşin Dağlıq Qarabağ ərazisinə Azərbaycan qanunlarından kənar, vizasız və icazəsiz daxil olub:
"Qarabağ erməni işğalı altında olsa da, Azərbaycan ərazisidir. Azərbaycan öz ərazisindən imtina etməyib, əksinə, uğrunda bütün gücü ilə mücadilə aparır. Beynəlxalq aləm də bu ərazini Azərbaycandan kənar tanımır. Ona görə də Lapşinin hərəkəti ilk növbədə Azərbaycan sərhədlərini qanunsuz pozma əməli kimi ölkə qanunvericiliyi üzrə qiymətləndirilməli və ona əsasən cəzası verilməlidir. Lapşinin məsələsini siyasiləşdirən özü olub və davranışları qanunsuz hərəkətini daha da ağırlaşdırıb. Çünki o, Azərbaycan sərhəddini pozaraq Dağlıq Qarabağa gedib, qayıdandan sonra bu səfərini Azərbaycan ərazisi və suverenliyinə qarşı istifadə edib, bu barədə çıxışlar edib, bəyanatlar verib. Deməli, səfərin məqsədi sadəcə bloqqer, jurnalist və ya turist xarakterli olmayıb. Lapşin məqsədli şəkildə antiazərbaycan qüvvələr tərəfindən Azərbaycan dövləti və xalqına qarşı təxribat üçün Dağlıq Qarabağa göndərilib”.
Tədqiqatçı bildirib ki, Lapşinə bu qədər havadarlıq edilməsi burada Azərbaycan dövlətçiliyinə qarşı siyasi məqsədin olduğunu göstərir: "Hüquqdakı cəza sadəcə qanunsuz əməl törədənə qarşı nəzərdə tutulmur. Cəzanın əsas məqsədi başqaları üçün dərs olmasıdır. Yəni bu niyyətdə olan, Azərbaycanın ərazi bütövlüyünü saymayan və qəsdən pozan şəxslər üçün qabaqlayıcı addımdır. Lapşin 3 yox, lap 5 ölkənin vətəndaşı olsa belə, rəsmi Bakı bütün dünyaya göstərir ki, Azərbaycanın ərazisi bütöv və toxunulmazdır. Ona görə də Lapşinin xarici ölkədən tutulub Azərbaycana gətirilməsi, istintaqa cəlb edilməsi, xarici havadarlarının hay-küyünə baxmayaraq məhkəmə qarşısına çıxarılması az iş deyil. Bu, Azərbaycanın dünyaya Qarabağ məsələsi ilə bağlı ciddi siqnalıdır. Bundan sonra məhkəmə ona nə cəza verər, nəyi nəzərə alar, məhkəmənin öz işidir. Amma düşünürəm ki, Lapşin üzərindəki bu proses məntiqi və hüquqi baxımdan qanunauyğunluqdur və cəzası da ədalətli olacaq”.
İsmayıl