Leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək





Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edib.

Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.