"Liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır" - FHN - YENİLƏNİB




Fövqəladə Hallar Nazirliyi Bakıda liftin şaxtaya düşməsi ilə bağlı məlumat açıqlayıb.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, iyulun 13-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.
Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
***
13 iyul
18:03
Bakıda liftin şaxtaya düşməsi nəticəsində 1 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, xəsarət alan 40-50 yaşlarında kişidir.
Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb.
17:48
Bakıda lift şaxtaya düşüb.
APA-nın xəbərinə görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.