"Magistraturanı bitirənlərdən orta məktəb təcrübəsi tələb olunur" - Özünüinkar






"Ali məktəblərə qəbul edilmiş abituriyentlərin hansı sahələr üzrə işə qəbul edildiyi bilinmir”.

Bu sözləri "Sherg.az”a magistraturanı bitirib, ali məktəblərdə müəllim kimi işləmək istəyən şəxslərin imtahan edilməsi, onlardan orta məktəb təcrübəsi tələb olunmasından danışarkən təhsil eksperti Kamran Əsədov deyib. 

O vurğulayıb ki, bu imtahanlar universitetin məzununa inamsızlığı deyil, iştirakçılardan daha yaxşısını seçmək məqsədi daşıyır:

"İşə qəbul prosesi ölkəmizdə sovetlər dönəmində tamam başqa formatda həyata keçirilirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə format dəyişdirildi. Belə ki, əvvəllər pedaqoji ixtisaslarda işə qəbul təyinat nəticəsində həyata keçirilirdi. Yəni kimsə ali məktəbi bitirdiyi ixtisas üzrə müxtəlif müəssisələrdə, zavod və fabriklərdə, məktəblərdə işlə təmin olunurdu.

Məsələn, ödənişli, ödənişsiz təhsil var idi. Hazırda bunun adını dəyişib "dövlət sifarişli təhsil” qoyublar. Bu ixtisasa qəbul edilən şəxsə deyilməlidir ki, dövlət sənin təhsil haqqını 4 il ərzində ödəyir, sonra dövlət hansısa müəssisədə bu vəzifəyə sifariş verir. Tələbə bitirdikdən sonra imtahan vermədən həmin işə qəbul olunmalıdır. Bizdə bu mexanizmin birinci tərəfi tətbiq olunur, dövlətin sifariş verməsi tətbiq edilmir. Bu gün bakalavr və magistraturanı fərqlənmə diplomu ilə bitirənlər işə qəbul zamanı imtahan verirlər. Bu, dünya təcrübəsində yoxdur.

Azərbaycanda imtahan universitetin öz təhsilinə inamsızlığı kimi anlaşılsa da, təhsildə neqativ halların baş verdiyini də təsdiq etmiş oluruq. Amma təhsil sənədi, diplom sadəcə şəxsin təhsil alması barədə arayışdır. İri şirkətlər, hətta dövlət strukturları işə qəbul zamanı tək bilik deyil, bu və ya digər bacarıqlar da tələb edirlər. Halbuki o bacarıqlara ali təhsil müəssisələrində yiyələnmirlər. Özləri inkişaf etdirici kurslarda təlimlərdə iştirak etməlidirlər. Bu, tələbdir. Əslində savadlı şəxs imtahandan qorxmamalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 min məzunu var. Bunun müqabilində universitet 100 nəfər müəllim qəbul etməlidir. Ona görə, bu imtahanlar imtahan iştirakçıların birinin digərindən fərqləndirilməsi, üstünlüyü və ya az bilikli olduğunu müəyyən etmək üçün həyata keçirilir. Bu imtahanlar inamsızlıq deyil, sadəcə seçim üsuludur”.


Aysel Aslan