Hökumət manat dövriyyəsini azaldıb ki, manat kütləsi dollara çevrilməsin
“Dollarla kredit təklif etməklə, banklar özlərini manatın məzənnə oyunundan sığortalamaq istəyirlər”
Manatın son devalvasiyasından sonra bankların kredit portfelini daha çox dollara çevirməsi ümumilikdə kreditləşmə prosesini sıfıra yaxınlaşdırıb. Çünki manatın gələcək taleyinə şübhə ilə yanaşan banklar bütün kreditlərini, hətta kiçik həcmli istehlak kreditlərini də dollar ilə təklif edib.
Amma müştəri bunu qəbul etməyib və nəticədə milli valyutaya inam azalıb. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara 1 ay müddətinə istehlak kreditlərinin xarici valyuta ilə verilməsinə qadağa qoymasından və kreditin yalnız manatla verilməsini qərara almasından sonra isə banklar ümumiyyətlə istehlak krediti verilməsini tamamilə dayandırıblar. Lakin bu müddət ərzində bir neçə bank müştərilərinə manatla kredit verməkdə davam edib. Bu barədə onların reklam yayımlarında, saytlarında, sosial şəbəkələrdəki səhifələrində məlumat verilib. Araşdırmalar nəticəsində isə məlum olur ki, əslində bu bankların "manatla kredit” təklifi əsasən özünü reklama hesablanıb. Yəni həm vətəndaşların diqqətini özünə cəlb etmək, həm də manatın nüfuzunu qorumağa çalışan dövlət qurumlarına "xoş” getsin deyə, özlərini cəfakeş bank kimi təqdim etməyə çalışıblar.
Banklardakı manat qıtlığının səbəbini "Şərq”ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumət manat dövriyyəsini azaldıb ki, manat kütləsi dollara çevrilməsin: "Bu isə iqtisadi aktivliyə ciddi ziyan vurub. Bankların özlərini ağır vəziyyətə salıb. Manat çatışmazlığı yaranıb. İqtisadi aktivlik azaldıqca, gəlirlər və vergilər azalır. Beləliklə, ölkə büdcəsinə ciddi ziyan dəyir. Dollarla kredit təklif etməklə, banklar özlərini manatın məzənnə oyunundan sığortalamaq istəyirlər. Ona görə də dollarla kreditlər təklif etməkdə maraqlıdırlar. Bundan başqa, depozitlərin böyük əksəriyyəti dollara çevrildiyi üçün banklardakı dollar vəsaiti manat vəsaitindən daha çoxdur”.
Cəlbedici reklam kampaniyalarına gəlincə, ekspert söyləyib ki, banklar bu yolla müştərilərini yenidən cəlb etməyə çalışırlar: "Düşünürlər ki, ən azı 10 müştəri gələcəksə, onun 5-6-sı razılaşmasa da, 3-4-ü razılaşar. Bu da bankların gəlirinin artmasına səbəb olar. Açığı, burada bankların qeyri-səmimi yanaşması müşahidə olunur. Onlar qeyri-səmimi reklam kampaniyaları keçirib, müştəriləri çaşdırırlar. Buna aldatmaq deməzdim. Çünki müqavilələri müştərinin özü imzalayır. Diqqətli müştəri, o müqaviləni oxuyarkən imzalamaqdan imtina edəcək. Amma ən azından insanları bu yolla cəlb edib, müştəri qazanmağı düşünürlər ki, bu da yanlış yoldu. İnsanlarda qıcıq yaradan vasitədir”.
Ayyət Əhməd