Maraqlı müsahibələrin həmişə oxucusu olub
Ekspertlər bu janrı jurnalistikanın ən üst səviyyəsi hesab edirlər
Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri də müsahibə janrıdır. Müsahibə informativ janrların ən geniş yayılmış növlərindən biri hesab olunur və özündə xəbər, hesabat, şərh, icmal, oçerk və s. növlərin xüsusiyyətlərini birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.
İngilis dilində "interview” - görüş, söhbət mənasına gələn müsahibə yalnız informasiya vermir, həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə həm də söhbət, aktiv fəaliyyət və qarşılıqlı münasibətlər sferasıdır. Burada jurnalist ekspert, təşkilatçı və maraqlı həmsöhbət obrazına girir. Jurnalist qarşısındakı müsahibə konkret suallar verməklə bir növ söhbətin mövzusunu müəyyən etməklə, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest və mimikalarla münasibət bildirməklə oxucu və müsahib arasında bir növ körpü rolunu oynayır. Bu baxımdan müxbirlər müsahibə ünvanladığı bütün suallar zamanı ictimai maraqdan çıxış etməli, yalnız oxucunu maraqlandıran sualları qarşı tərəfə ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Jurnalist müsahibənin uğurla başa çatması, zəruri informasiyaların əldə edilməsi üçün texnologiyanı öyrənməli və önəmli prinsiplərə əməl etməlidir. Bir daha vurğulamaq lazımdır ki, jurnalistikanın ən çətin janrı müsahibədir. Sualları düşünərək verən və müsahibdən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı jurnalistdir. Dünyada 2 tip jurnalist var. Təcrübəli, peşəkar, tanınmış jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Yəni müxbir müsahibəyə deyil, qarşı tərəf onunla sual-cavaba hazırlaşır. Amma müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha çoxdur.
Hazırlıqlı jurnalistlər müsahibənin maraqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü və erudisiyalı olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm kəsb edir. Üçüncü məqam isə suallarla bağlıdır. Sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Şübhəsiz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər. Müsahibdən daha maraqlı cavablar almaq üçün jurnalist müsahib üçün arzuolunmaz sayılan sualları ümumi söhbət fonunda gizlətməlidir. Ağıllı sual istənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur. Suallar lakonik və düşündürücü olmalıdır.
Jurnalist "hə” və "yox” cavabları verilə biləcək suallardan qaçmalıdır. Ümumiyyətlə, sualı necə formalaşdırmaqdan çox şey asılıdır. Elə suallar verilməlidir ki, maksimal sayda cavablar alınsın. Bundan əlavə, hər insana aid olduğu və onu maraqlandıran suallarla müraciət etmək lazımdır. Yalnız bu halda müsahibin düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Sualları hazırlayarkən jurnalist digər həmkarlarına da müraciət edə, redaktorların məsləhət bildiyi sualları da verə bilər. Müsahibə sanki bir dueldir. Lakin bu, silahların deyil, intellektlərin sözlə döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da müsahib. Qələbə qazanmaq isə hansı tərəfin daha hazırlıqlı olmasından birbaşa asılıdır.
Mövzu ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, jurnalistikada ən maraqlı janrlarından biri müsahibə janrıdır. Ancaq təəssüf ki, son vaxtlar jurnalistlər arasında müsahibə janrına maraq azalıb:
"Yəqin ki, bunun əsas səbəblərindən biri yeni medianı izləyən şəxslərin irihəcmli yazılara bir o qədər maraq göstərməməsidir. Biz sürət əsrində yaşayırıq. Müasir oxucu irihəcmli yazıları oxumağı vaxt itkisi hesab edir. Hazırda oxucuları daha çox operativ informasiya maraqlandırır. Jurnalistlər zamanın tələbini nəzərə alaraq, tədricən böyük müsahibələri qısa açıqlamalarla əvəzləməyə başlayıblar. Bu, başadüşüləndir. Amma hesab edirəm ki, maraqlı müsahibənin oxucusu həmişə olub, bundan sonra da olacaq. Çap mətbuatının müsahibə janrına maraq göstərməsi yaxşı olardı. Ancaq bu zaman jurnalistlər başqa bir problemlə üzləşirlər. Maraqlı müsahib tapmaq indi çox çətindir. Təəssüf ki, insanlar danışmağa xəsislik edirlər. Biz jurnalistlər çox vaxt sözü insanların ağzından kəlbətinlə çəkib çıxarırıq. Loru dildə desək, heç kim "ağrımayan başına yaş dəsmal bağlamaq” istəmir”.
Ekspert bildirib ki, Azərbaycanda insanların nitq qabiliyyəti çox zəif inkişaf edib:
"Orta statistik azərbaycanlı fikrini ifadə etməyə çətinlik çəkir. Çox adam elə bilir ki, yazmaq və danışmaq ancaq jurnalistlərin işidir. Bu problem idmançılarımızın timsalında özünü daha qabarıq şəkildə göstərir. Təsəvvür edin ki, Avropa və ya dünya çempionu olan idmançı bəzən öz sevincini bölüşməyə belə çətinlik çəkir. Çünki həyat onun üçün yalnız tatamidən ibarətdir. Əksəriyyəti kitab oxumur, mütaliə vərdişləri sıfıra bərabərdir. Aydın məsələdir ki, belə mühitdə maraqlı müsahib tapmaq çətindir. Danışmaq, müsahibə vermək üçün həm də savad, geniş dünyagörüşü lazımdır. İnsan bundan məhrum olanda ona uzadılan mikrofona baxıb kəkələyəcək. Nəticədə jurnalistin işi çətinləşir. Potensial müsahiblərimiz ola biləcək şəxslərə demək istəyirəm ki, ürəyinizdən keçənləri dilinizə gətirin, danışmaqdan qorxmayın. Allah dili bizə təkcə naz-nemətin dadına baxmaq üçün verməyib. Dil həm də ünsiyyət vasitəsidir. İnsan danışmayanda, münasibətlər korlanır”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə bildirib ki, müsahibə jurnalistikanın şah əsəri, pik nöqtəsi, ən üst zirvəsidir:
"Həmçinin, ən çətin janrlardan biridir. Çünki xüsusi hazırlıq tələb edir. Yazmaqdan savayı yaxşı danışmağı, danışdırmağı bacarmalısan. Müsahiblə görüşənə qədər yaxşı olar ki, onun haqqında məlumat toplayasan, köhnə müsahibələri ilə tanış olasan. Ola bilər, bir il öncə müsahibin hansısa vəd verib, bunun özü maraq doğuran bir sualdır. Ya da müsahibə hansısa əlamətdar hadisə ilə bağlıdır və hər zaman aktualdır. Bu da növbəti bir sual. Müsahibə götürdüyünüz insan haqqında hər şey bilməlisiniz. Onun sevmədiyi sualları və mövzuları çox səsləndirməkdən çəkinməlisiniz. Əks halda yaranmış aqressiya müsahibədə verilən suallara daha qısa cavablara səbəb olacaq və müsahibə tez bitəcək. Yəni istədiyinizə nail ola bilməyəcəksiniz. Əgər siz köhnə müsahibələri oxusanız, eyni sualları verməyəcəksiniz və eyni cavabları almayacaqsınız. Nəticədə oxucu daha çox məlumat əldə edəcək. "Ağır” sualları iki halda verə bilərsiniz. Müsahibənin sonunda, ya da müsahibiniz sizinlə tam sərbəst və dostcasına münasibət qurmağa başlayanda”.
Baş redaktorun sözlərinə görə, müsahibənin razılaşdırılması normaldır. Ən azından ona görə ki, müsahibiniz oxuyarkən, öz səhvlərini sizdən yaxşı görə bilər, ya da "Google” vasitəsilə cavablarına düzəliş edə bilər:
"Suallar vacibdir, amma nəzərə almaq lazımdır ki, müsahibəni oxunaqlı edən suallar yox, cavablardır. Bir məsələ də var ki, əgər müsahibiniz tanınmış adam deyilsə, yaxşı olar ki, ondan tanınmış insanlar barəsində soruşasınız. Bütün bunlar yazını oxunaqlı, jurnalisti isə məşhur edə bilər. Müsahibənin maraqlı olması bütün hallarda jurnalistin peşəkarlığından və təcrübəli olmasından asılıdır. Bunun üçün, qeyd etdiyim kimi, ancaq yazmaq kifayət etməz, eyni zamanda səlis danışmaq, fikrini dəqiqliklə müsahibə çatdırmaq lazımdır”.
"Ölkə.az” saytının əməkdaşı İntiqam Valehoğlu müsahibə janrına tez-tez müraciət etdiyini deyib:
"Son vaxtlar xüsusən elektron mediada müsahibələrin sayı azalıb. Bu da ondan irəli gəlir ki, müxbirlər daha qısa açıqlama ilə vaxta qənaət etmək istəyirlər. Məsələn, bir müsahibəyə sərf olunan vaxt ərzində ən azı 4-5 xəbər yazmaq olar. O ki qaldı yazının oxunaqlı olması üçün müsahib və sual seçimlərinə, bəli, müsahibin kimliyi çox önəmlidir. Jurnalistlər üçün hər sahə üzrə "oxunmuş kitab” olan şəxslər var. O şəxslərlə çarəsizlikdən müsahibə etmək olar. Ancaq düşünülən effekti verə bilməz. Etiraf etmək lazımdır ki, bəzən maraqsız olduğunu düşündüyümüz müsahib elə danışar ki, oxucunu də, bizi də təəccübləndirər”.
İ.Valehoğlunun sözlərinə görə, müsahibənin maraqlı olması jurnalistin peşəkarlığından asılıdır:
"İmkan daxilində müsahibə götürəcəyin şəxsi tanımalısan. Bura həm onun sənəti, peşəsi, həm də insan kimi xüsusiyyətləri daxildir. Belə olanda müsahibə daha maraqlı keçir. Əgər müsahiblə söhbətə başlayan kimi diktofonu çıxardınsa, uğurlu nəticə gözləməyə dəyməz. Çünki əvvəlcə həmsöhbəti özünə adaptasiya etdirməlisən, daha səmimi ortam yaratmağa çalışmalısan. O zaman müsahibində sənə qarşı bir güvən, etibar yaranır və daha səmimi danışır”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb