İcra hakimiyyəti orqanları orda yaşayan sakinlərin təhlükəsizliyini təmin etməlidir
Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində "Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.
Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir. R.Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.
"İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın sədri Məhərrəm Zülfüqarlının sözlərinə görə, sürüşmə zonasında yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək birmənalı olaraq icra hakimiyyətlərinin səlahiyyətindədir. İcra başçılarının öz məsuliyyətlərini artırmasını vacib hesab edən M.Zülfüqarlı deyib ki, bunun məsuliyyətini bələdiyyələrin üzərinə atsaq onlar müstəqil qurum olmadıqlarını iddia edəcəklər: "İcra hakimləri torpaq satarkən və evlərin tikilməsinə razılıq verən zaman təhlükəsizlik məsələlərini nəzərə almalıdır. Pul qazanmaq üçün hara gəldi torpaqları satıb, insanların həyatını təhlükəyə atmaq düzgün deyil”.
Bu məsələdə vətəndaşların özlərinin də məsuliyyət daşıdığını vurğulayan M.Zülfüqarlının sözlərinə görə, mənzil tikintisi üçün yararlı olan ərazilərdə kanalizasiya sistemi və yaşayış təminatı üçün infrastruktur olmalıdır. Bunun üçün də əhali arasında maarifləndirməyə ehtiyac var:
"Bu məsələ Fövqəladə Hallar Nazirliyi ilə də razılaşdırılsa daha yaxşı olar. İcra hakimiyyətləri yaşayış üçün torpaq sahəsi ayırmazdan əvvəl Fövqəladə Hallar Nazirliyinin yerli strukturları ilə məsləhətləşsin və onların rəyini aldıqdan sonra torpaqların satışını həyata keçirsin”.
Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova isə hesab edir ki, problem, sadəcə Masazırla bitmir. Bu məsələ artıq paytaxt üçün ciddi təhlükəyə çevrilib. Məhz, bu nöqteyi-nəzərdən də memar sürüşmə təhlükəsinin azaldılması üçün torpağın yükünün azaldılmalı olduğu fikrindədir:
"Abşeron yarımadası gil təbəqəsinin üzərindədir. Bərk süxurlara nisbətən giltəbəqəsi daha çoxdur. Ona görə də yeraltı suların səviyyəsi qalxan kimi gil təbəqəsini yuyur və sürüşmə proseslərinin sürətlənməsi üçün zəmin yaranır. Suyun səviyyəsi qalxdıqca, yeraltı süxurlar islanır və gil təbəqəsində sürüşmə əmələ gətirir. Belə yerlər çox təhlükəlidir. Vaxtilə Bakıda 4-5 mərtəbəli binalar tikilirdi. Bu binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, o vaxtkı memarların biliyi yox idi, yoxsa onlar 12-16 mərtəbəli binalar tikə bilməzdilər? Binaları ona görə azmərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın. Binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilirdi. Abşeronda dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz. Sürüşmə proseslərinin qarşısını almaq üçün torpağa dayaqlar vurulmalıdır. Dayaqlar bərk süxurlara - qayalıqlara qədər gedib çıxmalıdır. Bu yolla sürüşmə təhlükəsini önləmək mümkündür”.
Şəymən