Maşında pəncərəni endirib, musiqiyə "xod" verir, damağına da siqaret...

Fərhad Eyyubov: "Bu səslər həmin sürücülərin özlərinə də maneədir, diqqətlərini yayındırır"Əhməd Qəşəmoğlu: "İstər qonaqlar, istərsə də şəhər əhalisi bu cür şit hərəkətlərdən bezir"
Çox zaman səki ilə gedərkən, avtomobil idarə edərkən və ya yolu keçdikdə ətrafımızdakı avtomobillərdən yüksək səsli musiqi sədaları eşidirik. Bəzi sürücülər, xüsusilə gənclər, meyxana, ritmik mahnılar səsləndirir, maşının isə pəncərələrini açıq qoyub, ətrafdakılara maneçilik törədirlər. İnsanlar belə vəziyyətdən şikayətlənsələr də, həmin sürücülər üçün bunun əhəmiyyəti olmur. Onlar bu addımla sanki özlərini təsdiq etdiklərini düşünür.
Ekspertlər də yol mədəniyyətinə kölgə salan belə hadisələrə, sürücülərin bu tip özbaşınalıqlarına qarşı ciddi addımlar atılmalı olduğunu deyir.
Bu barədə "Sherg.az”a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, nəqliyyat vasitələrində bu cür ekoloji təhlükəsizlik mütləq təmin edilməlidir:
"Nəqliyyat vasitələrinin həm səs-küyü, həm də ondan çıxan zəhərli qazlar ekoloji təmizliyə aiddir. Bu cür cəmiyyətə və insanlara mane olan şeylərə diqqət etmək lazımdır. Sürücülər musiqini yüksək səslə qoyub, qulaq asdıqda insanlara maneçilik törədir. Yol nəqliyyat mədəniyyətinə uyğun olaraq, nəqliyyat vasitələrində səsgücləndiricilərdən müvafiq qaydada istifadə olunur. Məsələn, adi çox yüksək səslə olan siqnallar da qadağan olunur. Mikrofon formasında səsgücləndiricilərin istifadə edilməsi də ekoloji təhlükəsizliyin pozulması sayılır. Bunlar insanlar tərəfindən bilə-bilə edildiyi üçün daha mənfi hərəkətlər sayılır.
Yol nəqliyyat mədəniyyətinin əsas göstəricisi qaydalara riayət etməkdirsə, o biri insanlara və cəmiyyətə ziyan verməməkdir. Ətrafa, insanlara dəyən zərəri həm iqtisadi, həm maddi cəhətdən hesablamaq çətindir. Lakin əgər başqa sürücülərin yüksək səslə musiqiyə qulaq asması ətrafdakıları narahat edirsə, bunun qarşısını almaq lazımdır. 
Bu səslər həmin sürücülərin özlərinə də maneədir, diqqətlərini yayındırır. Ona görə, son zamanlar bizdə telefondan istifadə etmək də qadağan olunub. Bu gün səs gücləndiricilər də qadağan olunmalıdır. İnzibati qaydada buna cərimələr də müəyyən olunub. Düşünürəm ki, nəqliyyat mədəniyyəti artdıqca insanlar maariflənəcək və belə hallara yol verməyəcək”.
F.Eyyubov mikrofonları açıb, yüksək səslə musiqi dinləyən sürücülərin hərəkətini xuliqanlığın başqa bir növü kimi dəyərləndirir. O diqqətə çatdırıb ki, bunu tənzimləmək üçün inzibati qaydada addımlar atılmalı, sürücülər maariflənməlidir.
Sosioloq Əhməd Qəşəmoğlu isə bu cür sürücüləri qarşı cəmiyyətin qınamalı olduğunu deyir. Onun fikrincə, tək sürücülər deyil, küçədə bu cür şit hərəkət edən hər kəsin davranışı bütün cəmiyyətin özündə problemlər olduğunu göstərir:
"Ona görə, istər qonaqlar, istərsə də şəhər əhalisi bu cür şit hərəkətlərdən bezir. Çalışmalıyıq ki, insanlar küçədə öz mədəni davranışı ilə seçilsin, mədəniyyəti ilə üzdə olsun. Şəhərimizə gələn qonaqlara gözəllikləri göstərmək bir yana, onlara həm də əhalinin, sürücülərin davranışı, mədəniyyəti ilə təsəvvür yaratmalıyıq. Sürücülərin belə xuliqanlığının qarşısını almağın bir yolu var; ictimai qınaq yerinə otursun. İctimai nəqliyyatda avtobus sürücüləri qarşısında konkret olaraq məsələ qoymaq lazımdır. Birbaşa həmin sürücülərin belə hərəkətlərə yol verməməsini təmin etməliyik. Çalışmalıyıq ki, qudurğanlıq edən, danışığını, hərəkətini bacarmayan sürücülərə qarşı addım ataq”.
Fərdi avtomobilləri ilə yüksək səslə musiqiyə qulaq asan sürücülərə cərimə təyin olunmasını təklif edən sosioloqun sözlərinə görə, bu da bir növ ətrafı çirkləndirməkdir:
"Ətrafı, ekologiyanı çirkləndirən sürücülərə qarşı həmişə cərimələr tətbiq olunur. Sürücülərin belə hərəkəti də bizim mənəvi ekologiyamızın çirklənməsi deməkdir. Necə ki, tüstü verən avtomobillərə cərimə tətbiq olunur, elə də bu avtomobil sahibləri cərimələnməlidir.
Bu məsələləri tənzimləyən mərkəzə hər kəs öz müşahidələrini çəkib göndərməlidir. Buna ictimai qınaq deyilir. Sürücülər bilsinlər ki, bütün şəhərin nəzarəti altındadırlar. Əslində nöqsanlı hallara xalqın reaksiyasını təşkil etmək özü bir mədəniyyətdir. Bu çox yaxşı hal olar. Pis hadisələrə qarşı xalq olaraq birləşirik. Ona görə, sürücülərə qarşı ictimai qınaq olmalıdır”.
Aysel Aslan