Firudin Cəlilov: “May ayında bahalıq olur deyə, toy etmirlər”
May niyə uğursuz aydır?
Əhməd Qəşəmoğlu: “Bu “kultu” Bakıda ermənilər yaradıb”
Firudin Cəlilov: “May ayında bahalıq olur deyə, toy etmirlər”
Firudin Cəlilov: “May ayında bahalıq olur deyə, toy etmirlər”
Elşad Miri: "Dinimizdə nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur”
Elnur Rüstəmov: "Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir”
Cavanşir Məmmədov: "Matəm deyilsə, onda necə olur ki, restoranların hamısında şadlıqlar olur, konsertlər keçirilir?..”
Azərbaycanda bəzi insanlar may ayında müxtəlif əsassız inanclara görə, may ayında xeyir-bərəkət olmur deyib, bu ayda toy etmirlər. Hətta, çox yağışlar yağır, uğursuz gül hesab edilən yasəmən bu ayda çiçək açır kimi iddialar irəli sürürlər. Ölkəmizdə bu hal artıq ənənəyə çevrilib. Təəssüf doğuran məqam odur ki, keçmişdən günümüzə qədər gətirilən bu qəribə adətə əksəriyyət kortəbii şəkildə, bunun heç bir izahını bilmədən əməl edir. Məxsusi olaraq orta və yaşlı nəsil nümayəndələri bu məsələyə daha həssas yanaşır. Çox hallarda "may ayında toy etməzlər” kimi elmə, tibbə və dinə söykənməyən tövsiyələr verirlər. Lakin illərdir bunun hansı əsaslara söykəndiyini araşdırıb, "ağır ay” sindromunu qıran yoxdur. Problemi öhdəmizə götürüb may ayının "ağırlığının” səbəbini öyrənməyə çalışdıq. Maraqlıdır, bu inancın kökü haradan gəlir? "Niyə may ayında toy etmək olmaz? Bunun dinə, tarixə, mədəniyyətə və tibbə bir bağlılığı varmı” suallarına cavab tapmağa çalışdıq.
Sualımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, bunun nə dini, nə elmi, nə də tibbi əsası var: "Baxın, may ayında ailə quran cütlüklərin övladları fevral ayında dünyaya gəlir. Fevral ayında dünyaya göz açanlar arasında isə çox dahi şəxsiyyətlər var. Məsələn, Nəsrəddin Tusi də fevral ayında doğulub. Bu ay dolça bürcü sayılır. Bu bürc də ən yaxşı bürclərdən biridir. O ayda doğulanların analitik təfəkkürü kifayət qədər zəngin olur. Deməli, bu ayda uşaqların doğulması məsələsi ilə bağlı heç bir problem yoxdur. Amma mənim gəldiyim qənaət odur ki, ermənilər aprel ayında matəm elan edirlər. Bu "ənənə” uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Ermənilərin uydurma soyqırımına tutduqları yasın əsas hissəsi may ayına düşdüyündən düşmən ölkədə bu ay toy olmurdu. Həmin "ənənə” özümüz də bilmədən Azərbaycanda hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. O vaxt buna dair araşdırmalar apardım. Məlum oldu ki, bu "kultu” Bakıda ermənilər yaradıb. Bu iş əksər rayonlarda yoxdur. Gedib rayon əhalisinə desən ki, may ayında toy etmək olmaz, onlar buna təəccüblənərlər. Bu, yalnız Bakıdadır. Bakı camaatı da rayonlara daşıyıb. Onu camaatımız arasında ermənilər yayıb. Bir daha qeyd edirəm ki, bunun nə tibbi, nə də dini əsası var. Ona görə də, həmin ənənəni erməni təbliğatına bağlamaq daha doğrudur”.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov isə bunu maddi çətinliklərlə izah edib: "Ola bilsin ki, may ayında hər şey baha olur. Məhsullar yeni çıxır. Qiymətlər baha olur. Ona görə də, may ayında bahalıq olur deyə, toy etmirlər. Məncə, bununla bağlıdır. Amma yaxşı hal deyil. Xoşbəxtliyin aya, günə heç bir aidiyyəti yoxdur”.
İlahiyyatçı Elşad Miri də mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirib: "Düzü, bu qadağanın haradan qaynaqlandığı haqda dəqiq məlumatım yoxdur. Heç islam dinində də hansısa ayın ağır və ya yüngül olması kimi bir anlayış mövcud deyil. Hətta islamda Ramazan və Məhərrəmlik ayında belə toy keçirilməsinə icazə var. Sadəcə, indiki toylarda spirtli içkilərdən də istifadə edildiyinə görə, adlarını çəkdiyimiz müqəddəs aylarda toy keçirilmir. Bu heç də dini qadağadan irəli gəlmir. Sadəcə, insanlar bununla özlərinə bəraət qazandırmış olurlar. Ramazan ayı müqəddəs ibadət ayı olduğuna və toy da islam dinində ibadət mərasimi kimi dəyərləndirildiyinə görə, bu ayda toy keçirmək heç də günah sayılmır. Dinimizdə də nə Ramazan, nə Məhərrəmlik, nə də may ayında toy keçirmək olmaz kimi bir qadağa yoxdur. Əgər belədirsə, onda gərək torpaqlarımızın işğal olunduğu günlərdə də toy keçirməyək”.
Psixoloq Elnur Rüstəmov diqqətə çatdırıb ki, may ayında, ümumiyyətlə, toyun olub-olmamağı ilə bağlı zaman-zaman xeyli müzakirələr olub: "Adət-ənənə baxımından buna bizdə yox, xristianların adət-ənənəsində rast gəlinir. Əvvəllər may ayında biçim vaxtı olurdu. Bu aylarda insanlar daha çox iş görməklə məşğul olmalı idilər. Ona görə də fikirləşirdilər ki, hər hansı bir şənlik və ya toylar onları işlərdən uzaqlaşdıra və ehtiyat tədarükünü azalda bilər. Və bu psixoloji təsir də zaman-zaman bizim xalqımıza yansımağa başladı. İndinin özündə də görürük ki, may ayında toyların intensivliyi azalmağa başlayır. Əslində bu, düzgün bir yanaşma deyil. Bu düşüncədən qurtulmaq lazımdır. Əgər xeyir iş varsa, onu təxirə salmaq olmaz. Bunu etmək heç bir mənfi fəsad verməz”.
Əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov mayı ən uğurlu ay hesab edir: "Düşünürəm ki, may ayı dünya azərbaycanlıları üçün ən gözəl aylardan biridir. Bu nə deməkdir ki, may ayında toy etmək olmaz? İyunda və digər aylarda toylar üst-üstə yığılacaq, onda necə olacaq? Bunların hamısı xristianların müsəlman xalqının haqqını azaltmaq üçün ortaya atdıqları oyunlarıdır. İki ay məhərrəmlikdə toy eləmə, bir ay orucluqda toy eləmə, mayda toy eləmə, avqustun istisində camaat bağlarda olur - bu da oldu beş ay. Fevral ayında da göydən qar yağar, yollar bağlanar, bu da altı ay. Bunlar nəyə lazımdır ki? Xoşbəxtlik aydan asılı deyil. Xoşbəxtlik insanın ağlından asılıdır. May ayında dünyaya gələn insanların hamısı ağıllı, müdrik olurlar. Dünya çempionlarının əksəriyyəti məhz may ayında dünyaya göz açıblar. Onların valideynləri məhz may ayında ailə qurublar. İnsan orqanizmi qışda yatır, mayda isə oyanır. Ona görə də may ayı gözəl aydır. Mən mayı sevirəm. Ona görə də oğluma məhz mayda toy elədim. Allah qoysa, hər şey də yaxşı olar. Məhərrəmlik ayında, orucluq ayında toy eləmək olmaz, may ayında toy eləmək olmaz, amma konsertlər olur, restoranlarda yeyib-içmək, çal-çağır davam edir, hər şey olar, amma bəylə gəlin bir yerdə olsa, dünya dağılar? Əgər bu matəm ayıdırsa, matəm saxlanılmalıdır. Matəm deyilsə, onda necə olur ki, restoranların hamısında şadlıqlar olur, konsertlər keçirilir?.. Bu baxımdan insanların gözləri açılmalıdır. Maarifləndirmə işləri aparılmalıdır. Onda məhərrəmlikdə qəzetlər çıxmasın, konsertlər, restoranlar da fəaliyyətlərini dayandırsınlar. İnsanlarda psixoloji gərginlik yaratmaq lazım deyil ki, mayda toy eləmək olmaz və s. Bunlar lazımsız şeylərdir. Mənim anam ağır seyiddir. Özüm Allaha inanan insanam. Mənasız, lazımsız söhbətlərdən uzaq olmaq, lazımlılara riayət etmək lazımdır. Orucluqda müqəddəs günlərdə niyə televizorda, radioda konsertlər yayımlayırlar?”
Ayyət Əhməd