May yaxınlaşır, həyəcan artır

Hüquq müdafiəçiləri ümid edir ki, əfv fərmanı daha çox məhbusa şamil olunacaq




Yüzlərlə ailə Əfv fərmanının intizarındadır. May ayı yaxınlaşdıqca gözləntilər də artır. May ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü kimi əlamətdar hadisələr yaşanacaq. Bu səbəbdən də geniş tərkibli Əfv fərmanının imzalanacağı, eləcə də Amnistiya Aktının veriləcəyinə ümidlər çoxdur.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Şərq”ə açıqlamasında hamı kimi Əfv fərmanının imzalanmasını səbirsizliklə gözlədiyini dedi:
- Əfv komissiyasının işi artıq başa çatmaq üzrədir. Bizdə olan məlumata görə, komissiyaya edilən müraciətlər çoxdur. Fərdi qaydada müraciət edənlər var, hüquq müdafiəçilərinin müraciətləri var, həm də Avropa Şurasının müraciəti də var. Çox istərdim ki, gözlənildiyi kimi Əfv fərmanı geniş tərkibli olsun və daha çox məhbusa şamil edilsin. Biz hüquq müdafiəçilərinin komissiyaya təqdim etdiyi siyahıda 20-yə yaxın məhbusun adı var. Onların arasında ağır xəstə olan, yaşlanmış məhbuslar da var. Biz də ümid edirik ki, təqdim etdiyimiz siyahıda adları olanlar əfv fərmanına düşəcək. Allah bütün məhbusların qapısını açsın, ailələri sevinsin.
S.Bənənyarlı Əfv fərmanı imzalamağın ölkə başçısının səlahiyyətində olduğunu da vurğuladı və "ümid edirik yaxın günlərdə Əfv fərmanı imzalanacaq” dedi.

Məlahət