Media, dini siyasət və “müflisləşmə”...

Milli Məclis bir gündə 32 məsələyə baxdı



Dünən Milli Məclisin növbəti iclası keçirilib. 32 məsələnin gündəliyə daxil edildiyi toplantıda bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirə olunub.

İlk öncə "Dini etiqad azadlığı haqqında” və "Kütləvi informasiya vasitələri haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklər Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarətin gücləndirilməsi, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqətin artırılması ilə bağlıdır.

Din sahəsində mütəxəssislər hazırlanacaq

"Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.

Qanunun adıçəkilən maddəsinə daha iki əlavənin edilməsi nəzərdə tutulur. Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparacaq. Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək.

"İki dini təşkilat var ki, onlar siyasi açıqlamalar verir... Onların fəaliyyəti dayandırılsın!”

"Kütləvi informasiya vasitələri haqqında” qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) edilməsi nəzərdə tutulan dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur. Maddəyə ediləcək əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda dini sahəyə nəzarəti əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir və bu dəyişikliklər komitəyə yeni səlahiyyətlər verir.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün iki dini təşkilat var ki, onlar siyasi açıqlamalar verir: "Dini təşkilatlardan ikisi qeyd edir ki, seçkiləri boykot edəcəyik. Bunlar QHT-lərdir və onların nizamnaməsində siyasi məsələlər müdaxiləsi qanunla qadağandır. Bununla bağlı qanuna əlavə və dəyişiklik edilsin ki, belə siyasi çıxışlar edən dini təşkilatların fəaliyyəti dayandırılsın. Belə insanlar dini cəmiyyətlər, təşkilatlar adından çıxış edir, burada dini fəaliyyətdən çox siyasi fəaliyyətlə məşğuldur. Dini komitəyə səlahiyyət verək ki, bunlar barəsində ölçü götürülsün və fəaliyyəti dayandırılsın”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Elmi təşkilatlarda magistratura yaradılacaq

Bundan sonra "Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. O qeyd edib ki, dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur: "Artıq belə təcrübə var. AMEA belə təşəbbüslə çıxış edib və görürük ki, gözəl nəticə əldə olunub. Bu məsələ gözəl qarşılanıb, komitədə müzakirə edilib”.

Müzakirələrə qoşulan millət vəkili İsa Həbibbəyli deyib ki, artıq bu il ölkə başçısının dəstəyi ilə TQDK tərəfindən AMEA magistraturasına qəbul aparılıb və müxtəlif institutlarda tədris başlayıb: "Akademiyanın böyük elmi texniki bazası, laboratoriyası var və magistratura təhsilinə akademiya layiqincə töhfə verəcək. Təklif edirəm ki, "Təhsil haqqında” qanuna edilən bu

dəyişiklik "Elm haqqında” qanuna da edilsin. Düzdür, "Elm haqqında” qanunda bu haqda bildirilib. Amma bu o qədər də açıq və konkret qeyd edilməyib. Ona görə bu dəyişikliyin gələcəkdə müzakirəyə çıxaracağımız "Elm haqqında” qanuna da edilməsi zəruridir”.
Qanun layihəsinə edilən dəyişiklik müzakirələrdən sonra qəbul olunub.

Müflisləşmə və iflas şərtləri dəyişdirildi

İclasda "Müflisləşmə və iflas haqqında”, "İnvestisiya fondları haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında” qanun layihələrində dəyişiklik edilməsi də müzakirə olunub. Hər 4 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, "Banklar haqqında” qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək. Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Bildirək ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.

"Sığorta fəaliyyəti haqqında” və "İnvestisiya fondları haqqında” qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

"Müflisləşmə və iflas haqqında” qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında” və "Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək. Qeyd edək ki, təkmilləşdirmədə bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. Bildirək ki, təkmilləşdirmədən öncə banklar da bu qanundan istisna deyildi. Eyni zamanda qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.

Yollarda mal-qara problemi və sürət həddi...

"Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana, yaylağa aparır. Hər dəfə mal-qaranı aran və yaylağa aparan insanlarla yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır”.

Bu sözləri "Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirə edilərkən deputat Sabir Rüstəmxanlı söyləyib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb.

Millət vəkili İlham Əliyev də magistral avtomobil yollarında mal-qara üçün keçidlərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsindən söz açıb. O qeyd edib ki, Bakı-Qazax yolunda, xüsusən yolun Kürdəmirdən keçən hissəsində sürət həddi tez-tez aşağı salınır: "Tutaq ki, yolun kənarında 5-6 ev var, sürət həddi buna görə birdən saatda 50 km-ə endirilir. Magistral yolda sürət həddinin qəfil belə aşağı endirilməsinin özü də qəza hallarına yol açır”.

"... Magistral yollarda qətliam törədilir”

Millət vəkili Elmira Axundova isə qanunların qəbul edilməsinə baxmayaraq, hələ də magistral yollarda mal-qaranın hərəkətinə tez-tez rast gəlindiyini söyləyib: "Mətbuatdan hər gün avtomobil qəzaları haqqında çoxlu xəbərlər yayılır. Bu xəbərlərə istinadən demək olar ki, sanki magistral yollarda qətliam törədilir. Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın şahidi olduq. Məhz bu qəzaya görə iddia etmək olar ki, dəmir arakəsmələr ölüm alətinə çevrilir. Təklif edirəm ki, bu arakəsmələr ekspertizadan keçirilsin. Mən internetdə videoçarxa baxdım, Qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır. Bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır. Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın. Yaxud digər qurğularla əvəz edilsin. Bu, insanların təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Bəzi narkomanlar məcburi müalicə olunacaqlar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərdən danışıb. O deyib ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək: "Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaqdır. Gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibati xətalar törədilməsinin qarşısını almaqdır. Məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq.

Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək”. Müzakirələrdən sonra dəyişiklik qəbul edilib.

Anar Bayramoğlu