Media maarifləndirmə missiyasından imtina edə bilməz
Əks təqdirdə, cəmiyyətdə bir xaotik durum yaranar
(əvvəli ötən sayımızda)
Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Təsadüfi deyil ki, jurnalistika öz yaranışından həqiqətə xidməti qarşısına məqsəd qoyub. Tirajlanan sözün məsuliyyəti böyükdür: sözü deyən üçün də, haqqında söz deyilən üçün də. Söz azadlığına hakimiyyətin hücum və təzyiqlər tarixi sözün tirajlanması prosesindən sonra daha ciddi, müntəzəm, təşkilati xarakter alıb. Çünki tirajlanma aşkarlıq deməkdir, aşkarlıq isə hakim dairələrə sərf etməyən keyfiyyətdir. Jurnalistika özünün mahiyyətində sosial məsuliyyət keyfiyyətini saxlayır. Sosial məsuliyyət mahiyyəti, beləliklə, yalnız jurnalistin deyil, bütövlükdə jurnalistikanın missiyasındadır. Lakin jurnalistikanın tarixi inkişaf yolunda, onun söz azadlığı, aşkarlamaq uğrunda apardığı mübarizə anları KİV-in missiyası barədə də düşünməyə əsas verir. Ümumiyyətlə, ilkin mərhələdə bütün dünya xalqlarının yaratdıqları çap mediasının birinci məqsədi maarifləndirmə olub. Bu, XVIII əsrin əvvəllərinə qədər davam edib və ilk dəfə olaraq Avropa intibahı dövründə Avropada siyasi azadlıqlar anlayışı yarandıqdan sonra qəzet artıq həm də azadlıqları müdafiə edən bir vasitə kimi çıxış etməyə başlayıb. İlkin mərhələdə "Əkinçi” qəzetinin məqsədi maarifləndirmə yolu ilə, ilk növbədə, cəmiyyətdə olan dini fanatizmi və mövhumatı, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə maraqlandırmaq, səfərbər etmək idi. "Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı sonrakı mərhələdə milli mətbuatın digər nümunələri sayılan "Ziya”, (1879-cu ildə) "Kəşkül”, (1880-ci ildə) "Kaspi” və s. ilə zənginləşməyə başladı. Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən böyük mütəfəkkirlər, söz adamları bu qəzetlər vasitəsi ilə ölkəmizdə yeni ictimai mühit formalaşdırmaqla, bir növ, xalqların mübarizə tarixindəki yeni keyfiyyətdə düşünə bilən, mücadilə verməyi bacaran bir xalq formalaşdırmaq istəyirdilər. Bir qədər sonra isə bu cərgəyə 1900-cü ildə "Həyat”, 1905-ci ildə "Açıq söz”, 1915-ci ildə "Azad söz” və nəhayət, 1918-ci ildə "Azərbaycan” adlı qəzet qoşuldu. Əlbəttə ki, o dövrün siyasi şərtləri içərisində qəzet buraxmaq çətin məsələ idi, xüsusi fədakarlıq tələb edirdi. Amma buna baxmayaraq, bu qəzetlər Azərbaycan xalqının millət kimi var olma mücadiləsinin təzahürü olmaqla, millətin özünüifadəsinin bir forması kimi meydana çıxıb. Söz yox ki, hər bir toplum üçün maariflənmə xüsusi əhəmiyyət kəsb edir. Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır. Amma son dövrlər bəzi media qurumları maarifləndirmə istiqamətindən daha çox, digər funksiyalara, yəni məlumatlandırma və əyləndirməyə daha böyük diqqət ayırır. Halbuki müasir dövrdə maarifləndirmə prosesini həyata keçirməyin ən optimal və təsirli variantı məhz media orqanları, yəni telekanallar, qəzetlər və internet saytları hesab olunur. Əslində digər istiqamətlərlə bağlı da müəyyən problemlər var. Amma mətbuatın ən ciddi axsaqlığı məhz maarifləndirmə sahəsi ilə bağlıdır. Görəsən, mediamız maarifləndirmə sahəsinə niyə maraq göstərmir? Bu problemin həlli yolları varmı? Ümumiyyətlə, müasir dövrdə mətbuatın üzərinə maarifləndirmə tələbini qoymaq doğrudurmu? Məsələyə münasibət bildirən ekspertlərin fikirləri heç də birmənalı deyil. Maarifləndirməni media üçün önəmli funksiya hesab edənlərlə yanaşı, informasiya verməyin və əyləndirməyin cəmiyyətin, yəni oxucunun tələbi olduğunu düşünənlər də var.
"Xalqxeber.az” saytının baş redaktoru Peyman Sadıqovun sözlərinə görə vəziyyətləri o qədər də yaxşı olmayan KİV-lər durumdan çıxmaq, oxucuların sayını artırmaq və insanlarda maraq doğurmaq üçün daha çox əyləndirmə xəbərlərini dərc edirlər: "KİV nümayəndələri vəziyyətdən çıxış yolunu yalnız reklam bazarlarında görürlər. Buna görə də jurnalistika sahəsində bir çox boşluqlar əmələ gəlir. Nəticədə cəmiyyət mətbuat işçiləri tərəfindən maarifləndirilə bilmir. Özünüz də şahidi olursunuz ki, cəmiyyət hər hansısa maarifləndirici xəbərə maraq göstərmir. Əsasən üstünlük verilir "18 +” xəbərlərinə və ya hansısa bir müğənninin soyunma səhnəsinə... Çünki cəmiyyət getdikcə korlanır və bunun da bir adı var, o da savadsızlıqdır. Uşaqlar məktəbdə oxuyarkən onlarla vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində və dövlətə, dövlətçiliyə sadiq olmaları, hətta vətənə, anaya, müqəddəs torpağa sahib çıxmaları ilə bağlı söhbətlər aparılsa, gələcək nəsil də məktəb çağlarından maariflənər və KİV nümayəndələrinin maarifləndirməsinə lüzum duymaz”.
"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının qənaətincə, mövcud reallıqda Azərbaycan mətbuatı maarifləndirmə çərçivəsindən kənara çıxıb, sadəcə məlumatlandırmaqla işini bitmiş hesab edir: "İnformasiyadansa oxucunun hansı nəticəni çıxarması artıq qeyri- müəyyəndir. Cəmiyyət elə bir həddə çatıb ki, maarifləndirmə xarakterli yazılar, şou-xəbərlərdən daha az diqqət çəkir. Oxucuların maarifləndirici yazılara ayrılan vaxtına heyfi gəlir”.
Bununla belə baş redaktor mətbuatın maarifləndirici funksiyasından birmənalı olaraq imtina edilməsini doğru hesab etmir: "Mətbuat ilk yarandığı gündən başlıca missiyası əhalini maarifləndirmək, milli-mənəvi dəyərləri qorumaq, ictimai maraqların təbliğatını aparmaq olub. Bəlkə də, hansısa ölkələrdə mətbuat sırf məlumatlandırma və əyləndirmə funksiyasını qarşısına məqsəd qoyub, öz fəaliyyətini bu istiqamətdə qurub. Amma Azərbaycan cəmiyyətində mətbuatın maarifləndirmə işinin təşkilində əvəzsiz rolu olub. Ancaq çox təəssüf ki, mətbuatın 70 faizi öz fəaliyyətini maarifləndirmə işindən tamam kənar qurub. Ən ciddi kütləvi informasiya vasitəsi kimi tanıdığımız saytlar və qəzetlər belə məcburən də olsa, şou xarakterli yazılara yer verməli olurlar. Əslində, mətbuatda maarifləndirici yazılara yer verilmir və ya çox az hallarda jurnalistlər maarifləndirmə, təbliğat xarakterli mövzular işləyirlər deyə, onları qınamaq doğru deyil. Hesab edirəm ki, mətbuatın maarifləndirmə funksiyasından uzaqlaşmasının səbəbkarı sadəcə media orqanları yox, bütünlükdə cəmiyyətdir. Biz "Avtosfer.az” saytında yol hərəkəti qaydaları və ya avtomobilin texniki göstəriciləri ilə bağlı önəmli bir xəbər verəndə, təbliğat xarakterli ciddi yazılar yerləşdirəndə cəmi 300-500 nəfər oxuyur. Ancaq hansısa bir xəbərin içində şou xarakterli bir informasiya varsa, yaxud da hansısa model soyunub avtomobilin üstündə şəkil çəkdiribsə, həmin xəbərin 30 000-dən artıq oxucusu olur. Bu artıq cəmiyyətin informasiyaya yanaşma səviyyəsinin göstəricisidir. Jurnalistika fakültəsində təhsil alan hər bir tələbə bilir ki, mətbuat cəmiyyətin səviyyəsinə düşməməlidir, əksinə, cəmiyyəti öz səviyyəsinə qaldırmalıdır. Biz bu şüarla yetişdik, jurnalist olaraq, formalaşdıq. Amma indi düşdüyümüz vəziyyət məni həqiqətən də çox narahat edir ki, biz cəmiyyəti media səviyyəsinə qaldıra bilmədik, əksinə, cəmiyyət medianı öz arxasınca apardı. Əgər oxucularda maarifləndirici yazılara tələbat olsa, jurnalistlər də həvəslə oturub, işləyər. Amma biz görürük ki, oxucular Rəqsanə ilə bağlı xəbərlərə daha çox maraq göstərir, nəinki ölkənin taleyi, milli-mənəvi maraqları haqqında işlənən mövzulara. Artıq bir sıra media orqanları maarifləndirmə xarakterli yazıların üstündən bir xətt çəkib ki, onsuz da oxuyan yoxdur, boşuna yer tutur. Biz isə sahib olduğumuz dəyərləri qorumaq naminə maarifləndirmə missiyasını özümüz üçün prioritet seçmişik. Daha çox təbliğat xarakterli yazılara üstünlük veririk ki, bəlkə bir oxuyan olar, o da qonşusuna danışar...”
"Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov da deyib ki, yaşadığımız cəmiyyətdə medianı izləyən insanların böyük əksəriyyətinin əyləncə, şou-biznes, kriminal, sensassiya xarakterli xəbərlərə üstünlük verməsi reallıqdır: "Ona görə də media qurumları, xüsusən də onlayn media bu tip xəbərləri daha çox hazırlayır, yayır, daha çox oxucu auditoriyası toplamağa çalışır. Çünki daha çox oxucu-izləyici auditoriyasi, müasir dillə desək, İP, həmin media qurumuna daha çox reklam gətirər. Yəni, hər hansı şirkət öz məhsulu barədə hazırladığı reklamı daha çox izlənən, oxunan media qurumunda yerləşdirməkdə maraqlı olur. Bu isə sözügedən media qurumuna maddi gəlir gətirər. Buradan belə qənaətə gəlmək olar ki, əyləncə, şou-biznes, kriminal və sensassiya tipli xəbərlərin yayılması sadəcə əyləndirmək, bilgiləndirmək deyil, eyni zamanda medianın biznes maraqlarına xidmət edir. Bu da normaldır və anlayışla qarşılanmalıdır. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan mediasında, o cümlədən mətbuatda maarifləndirmə yox dərəcəsindədir. Çalışdığım mətbu orqanda, eyni zamanda elə sizin qəzetinizdə də maarifləndirmə xarakterli, düşündürücü, analitik tipli yazılar dərc olunur və dərc olunmalıdır. Elə sualınızda da qeyd etdiyiniz kimi, maarifləndirmə medianın, bu sahədə çalışan insanların əsas funksiyalarından biridir.
(Davamı olacaq...)
Şəymən