Media maarifləndirmə missiyasından kənara çəkilə bilməz

Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır




(Əvvəli ötən sayımızda)

Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Təsadüfi deyil ki, jurnalistika öz yaranışından həqiqətə xidməti qarşısına məqsəd qoyub. Tirajlanan sözün məsuliyyəti böyükdür: sözü deyən üçün də, haqqında söz deyilən üçün də. Söz azadlığına hakimiyyətin hücum və təzyiqlər tarixi sözün tirajlanması prosesindən sonra daha ciddi, müntəzəm, təşkilati xarakter alıb. Çünki tirajlanma aşkarlıq deməkdir, aşkarlıq isə hakim dairələrə sərf etməyən keyfiyyətdir. Jurnalistika özünün mahiyyətində sosial məsuliyyət keyfiyyətini saxlayır. Sosial məsuliyyət mahiyyəti, beləliklə, yalnız jurnalistin deyil, bütövlükdə jurnalistikanın missiyasındadır. Lakin jurnalistikanın tarixi inkişaf yolunda, onun söz azadlığı, aşkarlamaq uğrunda apardığı mübarizə anları KİV-in missiyası barədə də düşünməyə əsas verir. Ümumiyyətlə, ilkin mərhələdə bütün dünya xalqlarının yaratdıqları çap mediasının birinci məqsədi maarifləndirmə olub. Bu, XVIII əsrin əvvəllərinə qədər davam edib və ilk dəfə olaraq Avropa intibahı dövründə Avropada siyasi azadlıqlar anlayışı yarandıqdan sonra qəzet artıq həm də azadlıqları müdafiə edən bir vasitə kimi çıxış etməyə başlayıb. İlkin mərhələdə "Əkinçi” qəzetinin məqsədi maarifləndirmə yolu ilə, ilk növbədə, cəmiyyətdə olan dini fanatizmi və mövhumatı, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə maraqlandırmaq, səfərbər etmək idi. "Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı sonrakı mərhələdə milli mətbuatın digər nümunələri sayılan "Ziya”, (1879-cu ildə) "Kəşkül”, (1880-ci ildə) "Kaspi” və s. ilə zənginləşməyə başladı. Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən böyük mütəfəkkirlər, söz adamları bu qəzetlər vasitəsi ilə ölkəmizdə yeni ictimai mühit formalaşdırmaqla, bir növ, xalqların mübarizə tarixindəki yeni keyfiyyətdə düşünə bilən, mücadilə verməyi bacaran bir xalq formalaşdırmaq istəyirdilər. Bir qədər sonra isə bu cərgəyə 1900-cü ildə "Həyat”, 1905-ci ildə "Açıq söz”, 1915-ci ildə "Azad söz” və nəhayət, 1918-ci ildə "Azərbaycan” adlı qəzet qoşuldu. Əlbəttə ki, o dövrün siyasi şərtləri içərisində qəzet buraxmaq çətin məsələ idi, xüsusi fədakarlıq tələb edirdi. Amma buna baxmayaraq, bu qəzetlər Azərbaycan xalqının millət kimi var olma mücadiləsinin təzahürü olmaqla, millətin özünüifadəsinin bir forması kimi meydana çıxıb. Söz yox ki, hər bir toplum üçün maariflənmə xüsusi əhəmiyyət kəsb edir. Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır. Amma son dövrlər bəzi media qurumları maarifləndirmə istiqamətindən daha çox, digər funksiyalara, yəni məlumatlandırma və əyləndirməyə daha böyük diqqət ayırır. Halbuki müasir dövrdə maarifləndirmə prosesini həyata keçirməyin ən optimal və təsirli variantı məhz media orqanları, yəni telekanallar, qəzetlər və internet saytları hesab olunur. Əslində digər istiqamətlərlə bağlı da müəyyən problemlər var. Amma mətbuatın ən ciddi axsaqlığı məhz maarifləndirmə sahəsi ilə bağlıdır. Görəsən, mediamız maarifləndirmə sahəsinə niyə maraq göstərmir? Bu problemin həlli yolları varmı? Ümumiyyətlə, müasir dövrdə mətbuatın üzərinə maarifləndirmə tələbini qoymaq doğrudurmu? Məsələyə münasibət bildirən ekspertlərin fikirləri heç də birmənalı deyil. Maarifləndirməni media üçün önəmli funksiya hesab edənlərlə yanaşı, informasiya verməyin və əyləndirməyin cəmiyyətin, yəni oxucunun tələbi olduğunu düşünənlər də var.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin dosenti Vüqar Zifəroğlu isə müasir dövrdə medianın üzərinə maarifləndirmə tələbi qoymağın düzgün olmaması kimi fikirlərin əleyhinə olduğunu deyib: "Media yalnız xəbərləmək və əyləndirməklə öz vəzifəsini icra etmir, media həm də düşündürür. Və bəlkə də onun düşündürmək, aydınlatmaq özəlliyindəndir ki, o bir sosial-siyasi institut funksiyasını yerinə yetirir. Bəli, bu gün əfsuslar ki, mediada xəbərləmə, hətta əyləndirmə daha qabarıq şəkildə özünü göstərməkdədir. Lakin heç bir halda maarifləndirmə funksiyasından imtina etmək doğru olmazdı. Bu gün Qərb mediasında sırf maarifləndirmə funksiyası üzərində öz işini quran kütləvi informasiya vasitələri var ki, onlar tərkib hissələri olduqları cəmiyyətin inkişafına böyük töhfələr vermiş olurlar. Jurnalistika yalnız xəbərdən, reportaj və müsahibədən ibarət deyil. Jurnalistikada həm də araşdırma var, analitik təhlil var. Bütün bunları unutmaq olmaz”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də maarifləndirici mətbuatın kütləviləşməsinin daha çox ideoloji ölkələr üçün xarakterik olması kimi düşüncələri bölüşmədiyini deyib: "Bütün dünya ölkələrində medianın əsas funksiyası məlumatlandırmaq və maarifləndirmək hesab olunur. Azərbaycan mətbuatı "Əkinçi”dən bu yana maarifləndirici funksiyanı prioritet hesab edib. Əgər kimlərsə Azərbaycan mediasının funksiyalarını sadəcə bilgiləndirmək və əyləndirmək missiyası ilə məhdudlaşdırmaq istəyirsə, ciddi bir yanlışlığa yol vermiş olur. Çünki həmin təqdirdə medianın inkişaf perspektivlərindən danışmaq çox çətindir. Ölkəmizin yerləşdiyi regionu, qarşılaşdığı problemləri, üzləşdiyi təhdidləri nəzərə alsaq, Azərbaycan mediası üçün maarifləndirici funksiyanın nə qədər labüd olduğunu görmüş olarıq. Bir sıra ölkələrdə media informasiya vasitəsi olmaqla yanaşı, dünya qüvvələrinin əlində hücum silahına, ictimai rəyi formalaşdırmaq üçün bir vasitəyə çevrilibsə, o zaman Azərbaycan mediası maarifləndirici funksiyadan necə uzaqlaşa bilər?! Hansı ki, ölkəmizə qarşı məkrli siyasət yeridən, bizi hədəfə alan qüvvələrin əlində çox güclü kütləvi informasiya vasitələri var və yeri gəldikdə həmin resurslardan Azərbaycana qarşı istifadə edirlər. Azərbaycanın milli maraqlarını müdafiə etmək, dövlət maraqlarına qarşı yönəlmiş təzyiqlərin qarşısını almaq üçün ölkə mediasının maarifləndirici missiyasına ehtiyac yaranır. Mənə elə gəlir ki, maarifləndirici funksiyanı özü üçün prioritet seçməyən media ən müxtəlif qüvvələrin əlində bir oyuncağa çevrilə bilər. Maarifləndirmə funksiyasını özləri üçün fəaliyyət istiqaməti seçən media orqanlarını isə təsir altına almaq demək olar ki, mümkünsüzdür. Bütün bunlar fonunda deyə bilərəm ki, Azərbaycan mediasında maarifçilik funksiyasını nəinki arxa plana keçirmək, əksinə, hesab edirəm ki, dövlətimizin qarşısında duran bəlli problemlər həll olunana qədər medianın maarifçilik funksiyası kütləviləşməlidir. Əks halda, cəmiyyəti dövlətin siyasəti ətrafında birləşdirmək və cəmiyyətin gücünü dövlətin hədəfləri istiqamətində güclü və əhəmiyyətli bir silaha çevirmək mümkünsüzdür. Medianın maarifləndirici funksiyasının bu istiqamətdəki rolu əvəzsizdir”.

"APA” informasiya agentliyinin baş direktorunun birinci müavini Cavid İsmayıl isə deyib ki, çağdaş Azərbaycan mediasının maarifləndirmə sahəsinə meyl etməməsinin səbəbini bilmək və ya tapmaq üçün alim olmağa ehtiyac yoxdur. Çünki səbəb çox sadədir: "Hamı çox gözəl bilir ki, bu sahədə pul yoxdur. Heç bu sahəyə reklam verən də yoxdur. Amma bu o demək deyil ki, media maarifləndirmə təbliğatını davam etdirməməli, "onsuz da oxuyan yoxdur” deyib başqa sahələrə yönəlməlidir. Böyük Mirzə Cəlil deyirdi ki, "sözümü o kəslərə deyirəm ki, onlar mənə qulaq asmaq istəmirlər”. Bu problemin də bircə həlli yolu var: səbr, səbr və yenə də səbr. Bütün dinsizlər sonda imana gəldiyi kimi, bütün cahillər də sonda elmə, maarifə gəlmək məcburiyyətində qalacaqlar”.

(Davamı olacaq...)

Şəymən