Elşad Məmmədli: “Xəbərlərin operativliyi qədər etibarlılığı da vacibdir”
Mediada yalan xəbər doğru xəbəri üstələyəndə...
Anar İmanov: “Oxucunun etibarını biz hər gün qazanmalıyıq, amma bu etibarı bir xəbərlə itirə də bilərik”
Elşad Məmmədli: “Xəbərlərin operativliyi qədər etibarlılığı da vacibdir”
Elşad Məmmədli: “Xəbərlərin operativliyi qədər etibarlılığı da vacibdir”
Anar Rüstəmov: "Hər KİV-in öz profili var”
Kamil Həmidov: "Yeni media” deyib jurnalistikanın, medianın zibilini çıxarıblar”
İntiqam Valehoğlu: "Bəzən həmkarlar xəbərin mahiyyətini operativliyə qurban verirlər”
(əvvəli ötən sayda)
Jurnalistikanın aparıcı janrı xəbərdir. Televiziya, yazılı mətbuat, radio və internet xəbər saytları məhz xəbərçiliyin inkişafı və operativliyi ilə özlərinə geniş auditoriya toplayırlar. Bu gün dünya xəbərlə nəfəs alır. Hətta ucqar dağ kəndinin sakini həyatını xəbərsiz təsəvvür edə bilmir. Xəbər sərhəd tanımır və dünyanın bu başından o biri başına göz qırpımında çatır. Belə bir vaxtda xəbər istehsalçıları olan jurnalistlərin, informasiya agentliklərinin üzərinə xüsusi məsuliyyət düşür.
İnformasiya texnologiyasının fantastik inkişafı və qloballaşma fonunda xəbər yaradıcılığının meyarları dəyişir, standartları saf-çürük edilir. Hazırda informasiyanın işlənməsi və yayılması çox da uzaq olmayan keçmişdən köklü şəkildə fərqlənir. İnternet, sosial şəbəkələr xəbər məkanına hədsiz operativlik və dinamika gətirməklə yanaşı, ənənəvi informasiya agentliklərini güclü rəqabətlə üzləşdirirlər. İstənilən halda xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı da əsas meyar hesab olunur. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir. Xüsusən son vaxtlar informasiya işində ənənə və müasirlik ən çox müzakirə olunan, bəzən mübahisə doğuran məsələlər sırasındadır. Bir sıra ekspertlər hesab edirlər ki, ənənə və müasirliyin vəhdəti təşkil edilməli, ardıcıl xəbər yayan sosial şəbəkələrə, bloggerlərə qısqanclıqla yanaşılmamalıdır. Yəni informasiya agentliklərinin, xəbər saytlarının operativlik baxımından "Youtube”, "Facebook”, "Tvitter” və digər sosial şəbəkələrə uduzması faciə hesab olunmamalıdır. Çünki sosial şəbəkələrdən fərqli olaraq ciddi media xəbərin dəqiqliyi, səhihliyi və təhlili ilə oxucuların etimadını daha çox qazana bilirlər. İstənilən xəbərin təfsilatını qəzetdə oxumaq daha maraqlıdır. Burada psixoloji məqamlardan başqa, həm də operativliyinə görə seçilən saytlarda uzun mətnləri oxumağın yoruculuğu, müxtəlif reklamların oxucuların diqqətini yayındırması məsələsi də mühüm rol oynayır.
Media ekspertlərinin fikrincə, xəbərin qeyri-peşəkar formada çatdırılması, həddən artıq pafos və sensasiyanın xəbərə "yeridilməsi”, ən əsası da xəbər və rəy janrlarının eyni mətndə verilməsi peşəkarlıq baxımından düzgün deyil. Xəbər yayımlanarkən əvvəlcə oxucu auditoriyası nəzərə alınmalıdır. Xəbəri yayımlayarkən oxucunun reaksiyasını təxmin etmək lazımdır. Çatdırılma üsullarının, formasının fərqliliyini nəzərə almasaq, xəbərin ənənəvi yazılmış və yazılmamış qanunları var. Xəbər yeni baş vermiş hadisədir, informasiya isə müxtəlif dövrə aid olan məlumatdır. Kiçik fərqlər olsa da, xəbərin informasiyadan fərqi var.
Gündəlik qəzetlərdə çap edilən xəbərlər arasında əhəmiyyətsizləri də olur. Ancaq ən əhəmiyyətsiz xəbəri də peşəkar formada təqdim edərək oxucunu məlumatlandırmaq mümkündür. Lakin təqdim edilən xəbərin ictimaiyyət üçün daha anlaşılan olması, daha çox insanın maraq dairəsini əhatə etməsi, sensasiya xarakteri daşıması, etik çərçivələrdən kənara çıxmaması daha məqsədəuyğundur. Əsas problemlərdən biri isə bəzi hallarda informasiyanın yoxlanılmamış, ilk mənbədən dəqiqləşdirilməmiş faktlar əsasında və ya qərəzli mövqedən sifarişlə yazılması ilə bağlıdır.
"Milli.az” saytının baş redaktoru Anar İmanov "Şərq”ə açıqlamasında deyib ki, media orqanları xəbər seçimi etməlidir:
"Hazırda hər gün o qədər xəbər olur ki, onların hamısını KİV-də yerləşdirmək bəzən mümkün olmur. Oxucunun KİV-ə marağının artması bilavasitə xəbər seçilməsindən asılıdır. Hesab edirəm ki, auditoriya hansı xəbərlərə üstünlük verirsə, o xəbərlərə diqqət daha çox olmalıdır. Amma bununla bərabər maarifləndirici, vətənpərvərlik mövzusunda olan xəbərlərin yerləşdirilməsi də təmin olunmalıdır. Hadisə varsa, bu, artıq xəbərdir. Onun yayımlanıb-yayımlanmaması isə ayrı bir mövzudur. "Youtube”, "Facebook”, "Twitter” və digər sosial şəbəkələrdə gedən yarıdüz və yalan xəbərlər saytların xəbər siyasətinə birmənalı pis təsir edir. Burada əsas sözlər "yarıdüz” və "yalan” sözləridir. Dəqiqləşdirmədən xəbər KİV-də yayımlanırsa, bu halda oxucunun etimadı itir. Yalan xəbər təsdiqlənmirsə və yayımlanmırsa, burada sadəcə vaxt və bu xəbərin dəqiqləşdirilməsi üçün sərf olunan zəhmət itir. O ki qaldı pafoslu xəbərlərə, ümumiyyətlə deyim ki, belə təqdimatdan mümkün qədər uzaq durmaq lazımdır. Çünki oxucunun etibarını biz hər gün qazanmalıyıq, amma bu etibarı bir xəbərlə itirə də bilərik”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, xəbər seçimi hər bir media orqanının xəbər siyasətinə uyğun olan məsələdir:
"Əlbəttə, bəzən biz qeyri-peşəkar sayt rəhbərlərinin xəbərin dövlət, cəmiyyət üçün hansı mənfi fəsadları olacağının fərqinə varmadan onu dərc etməsinin də şahidi oluruq. İlk növbədə bu tipli xəbərlərin yayılması təhlükəli tendensiyadır. Oxucunun hansı xəbərə daha çox diqqət ayırması məsələsində isə təkcə Azərbaycanda deyil, bütün dünyada "sarı xəbərlərə” daha çox baxış sayı olur. Bu, bir psixoloji məsələdir. Yəni oxucunu hansısa siyasi xəbərdən daha çox hansısa məşhurun həyatına aid qalmaqallı xəbər çəkir. Pafoslu, sensasiya xatirinə xəbərlərin yayılması isə media orqanının populyarlıq qazanmasına hesablanıb. Təbii ki, bu, bir müddət sonra öz təsirini itirir. Ancaq istənilən bir xəbərə peşəkar yanaşaraq, onu oxucuya çatdırmaq daha doğru variantdır. Xəbərə rəylərin alınmasına gəlincə, burada adları keçən şəxslərin mövqeyinin verilməsi normaldır. Əgər xəbər ictimai əhəmiyyət kəsb edirsə, bu zaman ekspertlərin münasibətinin də öyrənilməsində qəbahət yoxdur.
Xəbərlərin operativliyi qədər etibarlılığı da vacibdir. Təbii ki, bunlar biri-birini tamamlayan məsələlər olmalıdır”.
"Azvision.az” saytının redaktoru Anar Rüstəmov deyib ki, jurnalistikanın bünövrəsi xəbər üzərində qurulub:
"Qəzetçiliklə yanaşı, onlayn mediada bu janr daha məşhur və cəlbedicidir. İnsanlar qısa və önəmli xəbərləri oxumağa üstünlük verirlər. Xəbər seçiminə gəlincə, hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin xəbər siyasəti milli dəyərlərimizə, dövlətçilik ənənələrimizə söykənməlidir. Doğrudur, elə xəbər ola bilər ki, bu, oxucular üçün maraqlıdır. Amma digər tərəfdən həmin xəbərin mövqeyimizə uyğun olub-olmamasına baxmaq lazımdır. Hər KİV-in öz profili var. Xəbərlər həmin media qurumunun profilinə uyğun şəkildə tirajlanır. Əyləncə saytında siyasi təhlil vermək sadəcə gülünc görünə bilər”.
"Gününsesi.info” saytının redaktoru, "525-ci qəzet”in əməkdaşı Kamil Həmidov deyib ki, mediada öncə peşəkarlıq, necə deyərlər işə, qələmə, yazıya yaradıcı münasibət öndə dayanmalıdır:
"Hər cümlə, hər sətir üzərində tir-tir əsilməlidir. Ancaq çox təəssüflər olsun ki, son 10-15 ildə bunu görmürük. Xüsusilə də, "yeni media” deyib jurnalistikanın, medianın zibilini çıxarıblar. Hər yerindən duran əsnəyə-əsnəyə bu sahəyə axışır və mediamız getdikcə dəyişir. Bu baxımdan, ilk növbədə digər vacib məqamlar nəzərə alınmaqla, mətbuatda, mediada peşəkarlıq artırılmalı, yüksəldilməlidir. Təbii ki, bundan sonra yerdə qalan məsələlər həllini tapmalıdır. Yəni, kütlənin səviyyəsinə enməklə yox, onun səviyyəsini qaldırmaqla məşğul olmalı, janr formasına fikir verməliyik”.
"Ölkə.az” saytının müxbiri İntiqam Valehoğlu hər dəfə dediyi ifadəni yenə təkrar edib:
"Bizim auditoriyanın sözü ilə əməli üst-üstə düşmür. Əgər belə olmasaydı, Arif Babayevin müsahibəsi Röyanın lüt fotosundan az oxunmazdı. Deməli, oxucu özü də səmimi deyil. Xəbərin məzmunu və operativliyinə gəlincə, təbii ki, hər ikisi önəmlidir. Amma internet mediada operativlik tələb
olunur. Bu səbəbdən bəzən həmkarlar xəbərin mahiyyətini operativliyə qurban verirlər. Məncə, hər hadisədən xəbər düzəltməzlər. Əgər həmin xəbərin verdiyi mesaj, çatdırdığı fikir varsa, bunu etmək olar. Ola bilsin, mənim də bu yöndə yanlışlarım olub. Amma maksimum dərəcədə çalışıb jurnalistika prinsiplərinə riayət etmək lazımdır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb