Medianın biri-birinə bənzəyən xəbərləri...

Ekspertlər hesab edir ki, bu proses dünya KİV-lərində də müşahidə olunur


Müasir mətbuatın müxtəlif problemləri var. Təəccüblü olsa da, media ilə bağlı mövcud problemlərin bir çoxunun ortaya çıxmasında modern dövrün texniki vasitələrinin, internetin inkişafının və onlayn medianın geniş yayılmasının mühüm "xidmətləri” var. Məlumdur ki, Azərbaycanda əksər media orqanlarında, sayt və qəzetlərdə mövzular, xəbərlər, informasiyalar təkrar, biri-birinə bənzər, hətta nöqtə-vergülünə kimi tamamilə eyni formada verilir. Media aləmində bir qədər müşahidə aparanlar bu reallığı aydın şəkildə görə bilərlər. Vurğuladığımız məsələ illər əvvəl başlasa da, son dövrlər daha geniş vüsət almağa başlayıb.

Xüsusən, müxtəlif səpkili tədbirlərdə, mətbuat konfranslarında, Milli Məclisin iclaslarında baş verən çoxlu proseslər, yaşanan maraqlı hadisələr demək olar ki, bütün saytlarda eyni tərzdə yayılır. Yəni xəbər bir portal tərəfindən hazırlanır və digər saytlara ötürülür. Ya da istinadla və ya istinadsız başqa informasiya agentlikləri tərəfindən tirajlanır. Ola bilsin, bu proses jurnalistikada "xəbər paylaşımı” və ya medianın "həmrəyliyi” kimi qəbul edilir, hətta bəzi hallarda normal sayılır. Ancaq ekspertlərin fikrincə, bu tendensiya heç də doğru deyil. Onların fikrincə, bir çox tədbirdə onlarla media qurumları iştirak edirsə, deməli, yayılan xəbərlərin qələmə alınmasında ən azından müəyyən fərqlər olmalıdır. Həmçinin, saytların əksəriyyəti sadəcə bir-iki elektron portaldan material gözləməməlidir. Çünki informasiya müxtəlifliyi və fərqliliyi oxucunu cəlb edən əsas şərtlərdəndir. Hesab edilir ki, xəbərin sayt və qəzetlərdə nəinki oxşar, hətta tamamilə eyni cür yayılmasını operativliklə bağlamaq yanlışdır. Ümumiyyətlə, jurnalist hazırladığı yazının içində də görünməli, sadəcə altına imza ataraq işini bitmiş saymamalıdır.

Məsələ ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə hesab edir ki, mövcud problemin yaranmasının başlıca səbəbi mətbuatın maddi-texniki bazasının zəif olmasıdır. Ekspertin sözlərinə görə, hamını tənqid edən media nümayəndələri mühüm məqamlarda öz fəaliyyətini də mühakimə etməkdən çəkinməməlidir: 

"Hazırda redaksiyaların əksəriyyətində əməkdaşların sayı iki əlin barmaqlarını ötmür. Səkkiz-on nəfərlə gündəlik qəzet çıxarmaq əməkdaşlardan xüsusi bacarıq, zəhmət və cəsarət tələb edir. Xüsusi istedad sahibi olan zəhmətkeş jurnalistlərin bir çoxu hələ bir neçə il əvvəl öz fəaliyyət istiqamətlərini dəyişiblər. Peşəkar jurnalistlərin mətbuatı tərk etməsi 2000-ci ilin əvvəllərinə təsadüf edir. "Media həmrəyliyi”, yaxud "xəbər paylaşımı” kimi təqdim edilən anlayış əslində, "karusel jurnalistikası” deməkdir. Mən bu cür hallarla ilk dəfə 2005-ci ildə qarşılaşmışam. Ayağını redaksiyadan bir addım kənara qoymayan müxbirin iş vaxtı başa çatanda redaktora 6-7 xəbər təqdim etdiyinin şahid olmuşam. Hələ o vaxtdan 5-6 jurnalist öz aralarında şəbəkə yaradıb, birgə fəaliyyət göstərirdilər. 2005-ci ildə "Xəzər” qəzetində redaktor işləyəndə seçdiyim sərlövhələrin ertəsi gün onlarla qəzetdə yer aldığını görmüşəm. Məncə, "karusel jurnalistika” oxucuya hörmətsizlikdir”.

JAM sədri deyib ki, "karusel jurnalistikası”nın inkişafı mətbuatın rəngini dəyişib, qəzet səhifələrini boz-bulanıq, cansıxıcı edib: 

"Bu cür "jurnalistika” oxucuların mətbuata marağının azalmasına gətirib çıxarıb. "Karusel jurnalistikası”ndan istifadə təkcə oxucuya və redaksiya rəhbərliyinə hörmətsizlik deyil, həm də jurnalistin özünəqəsd prosesinin başlanğıcıdır. Bu cür fəaliyyətlə məşğul olan jurnalist getdikcə tənbəlləşir, yaradıcılıq imkanlarını itirir, axtarışlardan geri qalır. Yalnız tələbkar redaktor korpusunun sayəsində belə mənfi halların qarşısını almaq mümkündür. Nəhayət, jurnalist özü dərk etməlidir ki, ən böyük pisliyi özünə edir. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatında ixtisaslaşma prosesi zəif gedir. İqtisadiyyatdan, idmandan, mədəniyyətdən, səhiyyədən yaxşı yaza bilən jurnalistlərin sayı çox azdır. Günün səhəri Milli Məclisin üzvü Tahir Kərimli ilə müsahibəyə gedən jurnalisti axşam müğənni Elza Seyidcahanın konsertinə göndərmək mətbuatın faciəsidir”.

Jurnalist vurğulayıb ki, tədbirlərdən hazırlanan xəbərlərin biri-birinə bənzəməsi ciddi faciə deyil. Əsas faciə odur ki, xəbərə çevrilməyə layiq olmayan tədbirlər də mətbuatda işıqlandırılır: 

"Münasibət jurnalistikasından, tədbir jurnalistikasından əl çəkmək lazımdır. Jurnalistin vəzifəsi təkcə mətbuat konfranslarından xəbər hazırlamaqdan ibarət deyil. Onsuz da informasiya agentlikləri bu işlə məşğul olurlar. Əsl jurnalist daim axtarışda olmalı, özəl xəbərləri, oxunaqlı reportajları, hadisələrə özünəməxsus yanaşma tərzi ilə oxucunu heyrətləndirməyi bacarmalıdır”. S.Verdizadənin fikrincə, sovet dövründə olduğu kimi, redaksiyalarda şöbələri bərpa etmək lazımdır: "Hər bir jurnalist konkret sahə üzrə ixtisaslaşmalıdır. Jurnalist üzümçü, ya da pambıqçı deyil ki, onun üçün plan müəyyənləşdirəsən. Təəssüf ki, bəzi redaksiyalarda jurnalistə "sağıcı” kimi yanaşırlar. Sağıcı səhər və axşam inəkdən bir vedrə süd sağdığı kimi jurnalistdən də gündə bir səhifə material yazmaq tələb olunur. Bu cür hallar mətbuatı nüfuzdan salır, jurnalistin ortaya qoyduğu işin keyfiyyətinə mənfi təsir göstərir. Redaksiyalar jurnalistlərin əməyinə yüksək qiymət verməlidir. Jurnalist aldığı məvaciblə özünü, ailəsini təmin etməlidir ki, gözü onun-bunun əlində və ya işində olmasın”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev prosesin dünya mediasında da müşahidə olunduğunu və ciddi problem olmadığını düşünür:

"Söhbət konkret olaraq Milli Məclisdən hazırlanan xəbərlərdən gedirsə, parlamentdə müxbiri olan agentlik və portallarda yalnız qanunların qəbulu və müzakirəsi kimi xəbərlər oxşar olur. O cümlədən parlamentin mətbuat xidmətinin hazırladığı materialların yayılması zamanı xəbərlərin bənzərliyi halı müşahidə olunur. Ancaq Milli Məclisdən hazırlanan reportajlarda fərqli mövzular işlənilir. Məncə, bu da normaldır. Ümumiyyətlə, tədbirdə iştirak edən jurnalistlərə əvvəlcədən prez-relizlər verilir və jurnalistlər hazırladıqları materiallarda ondan istifadə edirlər. Ona görə müxtəlif agentlik və saytlarda eyni xəbərlərə, hətta eyni cümlələrə rast gəlinə bilər. Bunu bəzən təşkilatçılar özləri də mediadan xahiş edirlər ki, ayrı fikirlər olmasın. Dünya mediasında belə praktika mövcuddur”.

Baş redaktorun fikrincə, agentliklərdə yayımlanan xəbərlərin eyni məzmunlu olması bir sıra məqamlarla bağlıdır:

"Bir misal çəkim, hər hansı olayla bağlı Türkiyə Silahlı Qüvvələrindən alınan açıqlama, məsələn, "Anadolu Agentliyi”, "Doğan Xəbər Agentliyi” (DHA) və yaxud digər nüfuzlu qəzet və portallarda hərfinə qədər eyni olur. Həmin məlumatlar yayılanda Baş Qərargahın saytında o məlumat olmaya və yaxud rəsmi açıqlama yayılmaya da bilər. Bu baxımdan prosesdə narahatedici məqam görmürəm. Jurnalistin hazırladığı materialda görünməsinə gəldikdə isə məncə, müxbir xəbərdə görünə bilməz, əgər xəbərdə jurnalistin boyu görünürsə, o artıq xəbər yox, müəllif yazısı olar”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski də "Şərq”ə açıqlamasında bildirib ki, illərdir mətbuatda yaşanan bu tendensiya düzgün yanaşma deyil: 

"Məncə, bu tendensiyanın yaranmasının bir səbəbi stimulun olmamasındadır. Yəni öz jurnalist əməyinin qarşılığına uyğun qonorar, maaş almır. Digər bir səbəb mətbu orqanlar arasında rəqabətin olmamasıdır. Operativlik, özəllik kimi anlayışlar hazırda əhəmiyyətini itirib. Jurnalist özünü oda-alova vurur, son dərəcə özəl, operativ məlumat hazırlayır, redaksiyaya təqdim edir. Aldığı qonorar isə qəpik-quruş olur. Onsuz da jurnalist redaksiyadan çıxmadan yazdığı yazıya görə, həmin pulu alır. Hazırda informasiya bazarında şorla-pendir eyni qiymətədir. Əvvəllər olduğu kimi özəl informasiyalara, cəmiyyəti silkələyən yazılara mühərrirlərin marağı itib. Vaxtı ilə özəl yazıların mükafatlandırılması praktikası geniş yayılmışdı. Özəl informasiyaya görə, əlavə 100-200 manat mükafat verilərdi. Hazırda isə vəziyyət tamam başqadır”.

Jurnalistin sözlərinə görə, qəzetlər mövcudiyyətlərini qorumaq məcburiyyəti ilə cəmiyyətin güzgüsü olmaq funksiyasını bir qədər arxa plana atıblar: 

"Çoxlu problemlərlə üz-üzə qalan mediamızda belə bir praktikanın geniş yayılmasını təbii hesab edirəm. Ona görə də hər hansı tədbirlə bağlı ümumi bir yazı hazırlanır, həmin yazıdan hər kəs çalışdığı redaksiya siyasətinə uyğun material hazırlayaraq təqdim edir. Jurnalistin hazırladığı yazının içində görünməsi isə məncə, situasiyaya uyğunluqdan qaynaqlanan məsələdir. Əsasən müəllifin görünməməsi daha uyğundur. Oxucuya baş verənləri olduğu kimi çatdırmaq ən vacib şərtdir. Nadir hallarda müəllifin fikirlərinə yazıda yer verməsi də yolveriləndir”.

(Davamı var)

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb