Medianın əsas funksiyası məlumatlandırmaqdır

Əziz Rzazadə: "Mətbuatımız maarifləndirmə dövrünü "Əkinçi" ilə tamamlayıb"
Anar Niftəliyev: "Məncə, hazırda əvvəlki dövrlərdə nəzərdə tutulan "maarifləndirmə" işinə ehtiyac yoxdur"

Ceyhun Musaoğlu: "Sanballı yazıları ilə seçilən mətbuatı geri qaytarmaq artıq mümkünsüzdür"

(Əvvəli ötən sayımızda)

Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Təsadüfi deyil ki, jurnalistika öz yaranışından həqiqətə xidməti qarşısına məqsəd qoyub. Tirajlanan sözün məsuliyyəti böyükdür: sözü deyən üçün də, haqqında söz deyilən üçün də. Söz azadlığına hakimiyyətin hücum və təzyiqlər tarixi sözün tirajlanması prosesindən sonra daha ciddi, müntəzəm, təşkilati xarakter alıb. Çünki tirajlanma aşkarlıq deməkdir, aşkarlıq isə hakim dairələrə sərf etməyən keyfiyyətdir. Jurnalistika özünün mahiyyətində sosial məsuliyyət keyfiyyətini saxlayır. Sosial məsuliyyət mahiyyəti, beləliklə, yalnız jurnalistin deyil, bütövlükdə jurnalistikanın missiyasındadır. Lakin jurnalistikanın tarixi inkişaf yolunda, onun söz azadlığı, aşkarlamaq uğrunda apardığı mübarizə anları KİV-in missiyası barədə də düşünməyə əsas verir. Ümumiyyətlə, ilkin mərhələdə bütün dünya xalqlarının yaratdıqları çap mediasının birinci məqsədi maarifləndirmə olub. Bu, XVIII əsrin əvvəllərinə qədər davam edib və ilk dəfə olaraq Avropa intibahı dövründə Avropada siyasi azadlıqlar anlayışı yarandıqdan sonra qəzet artıq həm də azadlıqları müdafiə edən bir vasitə kimi çıxış etməyə başlayıb. İlkin mərhələdə "Əkinçi” qəzetinin məqsədi maarifləndirmə yolu ilə, ilk növbədə, cəmiyyətdə olan dini fanatizmi və mövhumatı, cəhaləti aradan qaldırmaq, xalqı elmə, tərəqqiyə maraqlandırmaq, səfərbər etmək idi. "Əkinçi” ilə başlayan Azərbaycan mətbuatı sonrakı mərhələdə milli mətbuatın digər nümunələri sayılan "Ziya”, (1879-cu ildə) "Kəşkül”, (1880-ci ildə) "Kaspi” və s. ilə zənginləşməyə başladı. Azərbaycan cəmiyyətinin yetişdirdiyi ən böyük mütəfəkkirlər, söz adamları bu qəzetlər vasitəsi ilə ölkəmizdə yeni ictimai mühit formalaşdırmaqla, bir növ, xalqların mübarizə tarixindəki yeni keyfiyyətdə düşünə bilən, mücadilə verməyi bacaran bir xalq formalaşdırmaq istəyirdilər. Bir qədər sonra isə bu cərgəyə 1900-cü ildə "Həyat”, 1905-ci ildə "Açıq söz”, 1915-ci ildə "Azad söz” və nəhayət, 1918-ci ildə "Azərbaycan” adlı qəzet qoşuldu. Əlbəttə ki, o dövrün siyasi şərtləri içərisində qəzet buraxmaq çətin məsələ idi, xüsusi fədakarlıq tələb edirdi. Amma buna baxmayaraq, bu qəzetlər Azərbaycan xalqının millət kimi var olma mücadiləsinin təzahürü olmaqla, millətin özünüifadəsinin bir forması kimi meydana çıxıb. Söz yox ki, hər bir toplum üçün maariflənmə xüsusi əhəmiyyət kəsb edir. Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır. Amma son dövrlər bəzi media qurumları maarifləndirmə istiqamətindən daha çox, digər funksiyalara, yəni məlumatlandırma və əyləndirməyə daha böyük diqqət ayırır. Halbuki müasir dövrdə maarifləndirmə prosesini həyata keçirməyin ən optimal və təsirli variantı məhz media orqanları, yəni telekanallar, qəzetlər və internet saytları hesab olunur. Əslində digər istiqamətlərlə bağlı da müəyyən problemlər var. Amma mətbuatın ən ciddi axsaqlığı məhz maarifləndirmə sahəsi ilə bağlıdır. Görəsən, mediamız maarifləndirmə sahəsinə niyə maraq göstərmir? Bu problemin həlli yolları varmı? Ümumiyyətlə, müasir dövrdə mətbuatın üzərinə maarifləndirmə tələbini qoymaq doğrudurmu? Məsələyə münasibət bildirən ekspertlərin fikirləri heç də birmənalı deyil. Maarifləndirməni media üçün önəmli funksiya hesab edənlərlə yanaşı, informasiya verməyin və əyləndirməyin cəmiyyətin, yəni oxucunun tələbi olduğunu düşünənlər də var.

Tərcüməçi-yazar Əziz Rzazadə isə həmkarlarından fərqli fikirdədir. O hesab edir ki, medianın əsas funksiyası ancaq və ancaq məlumatlandırmaqdır: "Azərbaycan mediası maarifləndirmə dövrünü "Əkinçi” ilə tamamlayıb. Bundan da o tərəfə maariflənmə? Kütləvi savadsızlıq zamanı görün nə qədər arxada qalıb. Həm də maarif orta məktəbdən ali məktəbədək davam edir. Sonrası da ki, hamıya məlumdur: - maraq dairənə uyğun maariflən, vəssalam”. Mətbuatın əyləndirmə funksiyasına isə jurnalist belə münasibət bildirib: "Əyləncə üçün məkanlar, özü də zövqə və imkana uyğun kifayət qədərdir. Medianın camaatı əyləndirməsinə ehtiyac yoxdur. Burda müşkül məsələ məlumatlandırmada, daha doğrusu, onun keyfiyyətindədir. Ucuzluqdan tutub hara qədər getmək olar ki?!

Bir halda ki, media artıq internet aləmindəki sadəcə "feyk”, yəni "yalan” adlanan xəbərləri də artıq ciddi məlumat kimi qəbul edir və ictimaiyyətə çatdırır. Bunlar düşünülməli ciddi məsələlərdir”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev isə hesab edir ki, oxucunun yeni mediadan hazırkı tələbləri tam fərqlidir və ona görə də "maarifləndirmə" adı altında nəzərdə tutulan funksiyanın istiqaməti də dəyişib: "İndi oxucu, əvvəlki dövrlərdən fərqli olaraq, daha hazırlıqlıdır, üstəlik, ən son xəbərləri anında almaq və təhlil etmək imkanındadır. Telefonu vasitəsilə bütün xəbərləri izləmək və analiz etmək imkanı olan oxucu ən son xəbəri yalnız qısa, lakonik formada istəyir və yeni media da əsl jurnalistika - xəbər çatdırmaqla məşğuldur. Məncə, hazırda əvvəlki dövrlərdə nəzərdə tutulan "maarifləndirmə" işinə ehtiyac yoxdur, bu funksiyanı qərəzsiz, tərəfsiz, dəqiq xəbərlər yerinə yetirir. Zəruri hallarda iqtisadi, sosial, siyasi müşahidəçilərin, həmçinin elm adamlarının, ziyalıların fikirlərini də yayımlayırıq. Yeni media hər bir fərdin bu açıqlamalara qoşula bilmə, fikir demə və müzakirə imkanını da tanıyır və beləliklə, istənilən sahədə dəqiq informasiya təminatı dolayısı ilə və daha uğurlu formada bu funksiyanı yerinə yetirmiş olur. Məsələn, dünyanın istənilən nöqtəsində baş verən hadisələri, kəşfləri, yenilikləri sözün hərfi mənasında ovucunun içində - telefonunda - görən oxucunun siyasi, ictimai, elmi dəyərləndirməsi də yüksək olur. Bu baxımdan media indi əvvəlkinə nisbətən daha uğurla bu funksiyanı yerinə yetirir. Sadəcə, heç kəsə diktə etmir, ənənəvi qaydadan imtina edib deyə, fərqli baxışlar yaranıb”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da deyib ki, dünyanın sürətlə qloballaşması demək olar bütün sahələrdəki qanunauyğunluqları, hətta daşlaşmış ənənələri belə üyüdüb quma döndərib. Xüsusən də media özünü yenidən yaratmağa məcbur olub: "Sovet sistemi dağılana qədər SSRİ-nin tərkibində olan ölkələrin, o cümlədən Azərbaycanın mətbuatında Qərb mətbuatından fərqli olaraq, maarifçilik jurnalistikanın ana xəttini təşkil edirdisə, müstəqillik yönümüzü dəyişdi. Hazırda dünya mətbuatının əsas istiqaməti xəbər üzərində qurulub. Dünyanın sükanını əlində bərk saxlayan güclər elə mühit formalaşdırıblar ki, KİV-in mahiyyəti onların siyasətinə uyğunlaşdırılır. Jurnalistika bir növ çıxılmazlıq içindədir. Dərd orasındadır ki, həmin xəbər də xüsusi laboratoriyalarda hazırlanır. Məsələn, "İraqı işğal etmək lazımdır” xəbəri yayılmalıdı, amma "İraq nüvə silahı istehsal edib” xəbəri yayıldı. Birləşmiş Qərb ordusu İraqa, ordan da başqa müstəqil ölkələrə qoşun yeritdilər. İşğal sona çatdı və ikinci xəbər dünyanın gündəminə ötürüldü: - ABŞ mətbuatı yanlışlığa yol verib: İraqda nüvə silahı yox imiş. Hətta ABŞ-ın müdafiə naziri səhv xəbər yayıldığı üçün üzr də istəyir. Belə vəziyyətdə mətbuatın maarifləndirmə missiyasının gücü avtomatik yoxa çıxır. Digər tərəfdən, internet vasitəsi ilə bilgi almaq imkanları genişlənib. "Google”, "Yandeks” axtarış sistemləri, "Vikipediya” məlumat bazası, o cümlədən müxtəlif sahə saytları var. Daha ənənəvi mətbuatın maarifləndirməsinə ehtiyac qalmır. Yazacağımız, araşdırıb ortaya çıxaracağımız maarifləndirmə səciyyəvi məlumatlar bir düymənin altına yerləşdirilib. Qəzet almaqdansa, həmin düyməni basmaq oxucuya daha rahatdır”.

C.Musaoğlunun sözlərinə görə, sanballı yazıları ilə seçilən mətbuatı geri qaytarmaq artıq mümkünsüzdür: "Ancaq ən azından qan saçan xəbərləri maksimum dərəcədə azaldaraq, onların yerini jurnalist əməyinin məhsulu olan yazılarla doldurmaqla, maarifçilik missiyasını geriyə qaytarmağa səy göstərmiş olarıq. Yenə də arzuladığımız nəticə əldə etmək baş tutan iş deyil. Media özü dəyişməklə oxucusunu da dəyişib. Qəzetlərin satıldığı bazarda oxucu axtarmaq əbəsdi. Oxucu xəbərlərin məngənəsinə düşüb”.

Şəymən