Məhbəsdə doğulan körpələr...

Onlar 3 yaşından sonra analarının əlindən alınır
Amma bəzi qadınlar həbsxana divarlarından tez xilas olmaq üçün məhz orda uşaq dünyaya gətirirlər

Oğurluqda təqsirləndirilən və hazırda barəsində məhkəmə istintaqı aparılan Xalidə Bəkirova Bakı İstintaq Təcridxanasında körpə dünyaya gətirib. Qeyri-adi sayılmaz. Həbsxanalarda da körpələr dünyaya gəlir. Bəzən qadın hamilə olduğu vaxtda cinayət törədir, körpəsinin taleyinə həbsxana divarları arasında doğulmaq qisməti yazdırır. Bəzən də artıq həbsdə olduğu müddətdə qadın ya kiminləsə ailə qurur, ya da həyat yoldaşı cəzaçəkmə müəssisəsi qaydaları çərçivəsində görüşür. İstisnalar da olur.

Məsələn, Lamiyə Quliyeva olayında olduğu kimi. Qətl hadisəsində təqsirli bilinən L.Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin cəzasının tamamlanmasına az qalmış üzərinə yenidən 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. Cəzaçəkmə müəssisəsinin nizam-intizamını pozduğuna görə. Hər halda rəsmi açıqlamalar belə idi. Sonra isə L.Quliyevanın ana olduğu xəbəri yayıldı. Və hələ də rəsmi nikahda olmayan gənc məhbus qadının hamilə qalmasının sirri çözülməyib. O zaman da bir çoxları Lamiyənin məhz azadlığa çıxmaq üçün ana olmaq qərarına gəldiyindən yazdı. Ehtimallar doğrulmadı, demək də olmaz. Nəticə etibarilə 2015-ci ilin fevralında L.Quliyeva azadlığa qovuşdu. Körpəsi ilə birgə. Amma bu gün də cəzaçəkmə müəssisələrində dünyaya gələn və ömrünün ilk çağlarını dəmir barmaqlıqlar arxasında keçirən körpələr var. Necədir, körpələrin həbsxana həyatı?

Məhkum ana = məhkum bala?!

Öncə onu qeyd edək ki, qanun hər bir məhbusun özəl hüquqlarını tanıyır. Həbsdə olduğu müddətdə istənilən məhbus ailə həyatı da qura bilər, həyat yoldaşından boşana da bilər. Qadın məhbuslar övlad da dünyaya gətirə bilər. Qanun bunların heç birini qadağan etmir. Fəqət, qadın və kişi məhbuslara uzun müddətli görüşlər yalnız həyat yoldaşları ilə verilir. Yaxın qohumlar, tanışlar, dostlar məhbusla qısa müddətli görüşürlər. Məhbusların görüş qaydaları ilə Penitensiar Xidmətin məlumatında əksini tapıb.
Lakin əsas məqam məhbus qadınların ailə qurması, eləcə də doğulan körpələrin hansı şəraitdə, necə böyümələridir. Özü məhbəs həyatına məhkum edilən qadın nədən övladına da dəmir barmaqlıqlar arxasında böyüməyi rəva görür? Bir ananın məhbus həyatının acısını övladı ilə paylaşması nə dərəcədə humanistlikdir? 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva "Şərq”ə açıqlamasında məhkum qadının məhbus olduğu dövrdə uşaq dünyaya gətirməsi və uşağı da öz yanında saxlamasını qəbul etmədiyini dedi:

- Məhbus qadının uşaq dünyaya gətirməsini və üstəlik uşağı da öz yanında saxlamaq istəməsini mən qəbul edə bilmirəm. Niyə günahsız körpəyə bu əzab yaşadılmalıdır?! Qanuna görə uşağın südəmər dövrdə ananın yanında qalmaq hüququ var. Uşağın sonrakı həyatı isə artıq real vəziyyətdən asılıdır. Əgər uşağın atası azadlıqdadırsa və uşağa qulluq edəcəyini bildirirsə, uşağı atanın himayəsinə verirlər. Bundan başqa, yaxın qohumlar, nənə, baba, xala, əmi, dayı və s. uşağı himayəyə götürə bilər. Əgər qohumlar bunu etmirsə, uşaq dövlət müəssisəsinə yerləşdirilir. Yəni, südəmər yaş dövrü başa çatmış uşaq cəzaçəkmə müəssisəsində saxlanmır. Onu uşaq evinə, internat məktəbinə yönləndirirlər. Qadın südəmər uşağı olduğu halda cinayət məsuliyyətinə cəlb edilibsə və ya məhkəməsi keçirilibsə, körpənin ana ilə bir yerdə qalmasına icazə verilir. Məsələn, iş təcrübəmdə belə halla qarşılaşmışam ki, bir qadın məhbusun 11 aylıq körpəsi vardı, ona körpəsini yanında saxlamağa icazə vermişdilər.

Bəs körpələr üçün həbsxanada hansı şərait yaradılır?

K.Ağayeva bildirdi ki, burada hansısa xüsusi şəraitin yaradılmasından söhbət gedə bilməz:
- Cəzaçəkmə müəssisəsi, təcridxana, burada hansı şəraitdən danışmaq olar?! Orda oyuncaq yoxdu, uşaq çarpayısı, yelləncək yoxdu... Körpəyə lazım olan əşyaları, qidaları ancaq qohumları gətirə bilər. Başqa kimsə körpəyə nə uşaq qidası alasıdır, nə də uşaq bezi. Həbsxanada uşaq dünyaya gətirən qadın bunun ağırlıqlarını da bilməlidir, dərk etməlidir. Məsələn mən, 90-cı illərin sonlarında qadın cəzaçəkmə müəssisəsində olmuşdum. Orada körpəsi olan 3-4 qadının ayrıca otaqda yerləşdiyini gördüm. Adi otaqlar idi, sadəcə, digər məhkumlardan ayrı qalırdılar.
Uşağın həbsxanada böyüməsinin məqsədəuyğun olmadığını vurğulayan ekspert hesab edir ki, əks halda uşaqda psixoloji travmalar yarana bilər.

Xilaskar körpələr...

K.Ağayeva bəzi məhkum qadınların körpə dünyaya gətirməklə cəzalarını yüngülləşdirmək məqsədi güddüklərini də istisna etmədi:

- Bəli, belə hallar var. Xüsusən də insan alveri cinayəti üzrə məhkum edilən qadınlar bu üsula tez-tez əl atırlar. Bilirlər ki, himayəsində 7 yaşadək uşağı olanlara güzəşt edilir, bir neçə il fasilə ilə uşaq dunyaya gətirirlər. Qadın məhkumlar körpə dünyaya gətirməyi azadlığa çıxmaq üçün şans sayırlar. Və həqiqətən də, belə hallar olur ki, cəzasının üçdə-birini çəkmiş məhkum qadın məhz körpəsi olduğu nəzərə alınaraq əfvə düşür və ya cəzasının çəkilməmiş hissəsindən azad edilir. Bu halda dünyaya gəlmiş körpə ananın xilaskarı hesab edilir. Qadın məhkumlar çalışır ki, bu imkandan yararlansın. Körpəyə dünyaya gəldiyi ilk gündən məhbəs həyatının acısını daddırmaq hesabına olsa da.

Birlik sədri qeyd etdi ki, himayəsində azyaşlı uşaq olan məhbuslara güzəşt edilməsi praktikası da mövcuddur. Ən ağır cinayətlə həbs olunan qadınlara belə himayəsində azyaşlı uşaq var deyə, müəyyən güzəştlər edilir: "Qanunvericilik də icazə verir ki, himayəsində azyaşlı uşaqlar olan qadınların həbs müddəti saxlanılmaqla müvəqqəti azadlığa buraxılsın. Belə hallar təcrübədə də olub. Uşağın 7 yaşı tamam olduqdan sonra qadın yenidən cəzasını çəkir”.

"Hüquq dünyası” İctimai Birliyinin psixoloqu Zümrüd Əkbərova APA TV-də efirə gedən "Sosium” verilişində bildirib ki, cəzaçəkmə müəssisələrində doğulan uşaqlar 3 yaşdan sonra analarının əlindən alınır. 

Uşaq ananın əlindən alındıqdan sonra onda travmanın yaranmaması üçün lazımi psixoloji hazırlıq aparılmalıdır: "Bizdə praktiki cəhətə xüsusi diqqət yetirilmir. Uşaq internata verilir və ya ailələrə göndərilir. Nə ailələr bu məsələyə həssaslıqla yanaşır, nə də rəsmi orqanlar lazımi iş aparır. Bu prosesə ciddi nəzarət yoxdur”. Psixoloqun fikrincə, həbsxanada ana və balanın ayrılıq prosesinə də praktiki cəhətdən lazımi hazırlıq aparılmır. Azərbaycanda təxminən 350-400 nəfərə yaxın dustaq qadın olduğunu deyən Zümrüd Əkbərova bildirib ki, bu qadınlarla cəmi 2 və ya 3 psixoloq işləyir. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququ var. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.

Məlahət Rzayeva