
Məhbus əməyi xeyir gətirə bilər
Sahib Məmmədov: “İndi qarşıda duran əsas vəzifə məhkumların hər birinin peşə qabiliyyətinə və bacarığına uyğun olaraq onların işlə təmin olunmasıdır”

Azadlıqdan məhrum etmə yerlərində saxlanılan şəxslərin əməyə cəlb edilməsi və onların peşə vərdişlərinin artırılması məsələsi aktual problem olaraq qalmaqdadır. Hansı ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Əmək Məcəlləsində məhkumların əməyə cəlb olunmasının hüquqi əsas və qaydaları müəyyən edilmişdir və bu hüquqi əsaslar beynəlxalq standartlara cavab verir.
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların əmək qabiliyyətli hissəsinin əməyə və peşə təhsilinə cəlb edilməsi ilə bağlı müxtəlif dövlət proqramlarında və onların icrası ilə bağlı həyata keçirilən tədbirlər planında müxtəlif fəaliyyətlərin nəzərdə tutulmasına baxmayaraq, mövcud problemin hələ də tam şəkildə həllinə nail olunmayıb.
Buna rəğmən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüseyn Əlixanov Penitensiar Xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunması ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirildiyini
deyib. Azərbaycanda 6 min nəfərə yaxın məhkumun işlə təmin olunduğunu vurğulayan general-mayor bu rəqəmin ümumi götürdükdə məhkumların dörddə biri olduğunu deyib.
Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların hüquqları qorunduğunu və təhlükəsizliklərinin təmin olunduğunu qeyd edən H.Əlixanovun sözlərinə görə, məhkumlar asudə vaxtının daha səmərəli keçməsi üçün əmək fəaliyyətinə cəlb olunurlar: "Amma məhkumların əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək təkcə Penitensiar Xidmətin işi deyil. Çünki bu məsələdə cəmiyyət, qanunverici orqanlar, qeyri-hökumət təşkilatları, dövlət orqanları yaxından iştirak etməlidirlər. Bu məsələnin həllində hər kəs maraqlı olmalıdır. Məhkumlar arasında çox istedadlıları olduğundan biz çalışırıq ki, onların əmək fəaliyyətinə cəlb olunması daha çox diqqətdə olsun. Cəzaçəkmə müəssisələrində məhkumlar da maraqlıdırlar ki, onların boş vaxtı az olsun. Bu onların özü üçün də böyük stimuldur. Çünki məhkumların əl işləri satışa çıxarılır, onlar da əldə etdikləri məvaciblə ailələrinə maddi yardım göstərə bilirlər”.
6 min məhkumun işlə təmin olunmasının bir o qədər də yüksək göstərici olmadığını vurğulayan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Cəzaçəkmə Müəssisələrinə İctimai Nəzarət Komitəsinin üzvü Sahib Məmmədov sovet dövründə məhkumların əməyindən daha geniş istifadə olunduğunu deyib: "O zaman cəzaçəkmə müəssisələri də İslah Əmək Müəssisələri adlanırdı və əməyə cəlb etmə islah prosesinin ən vacib elementlərindən hesab edilirdi. Onların nəzdində zavod və fabriklər, daş karxanaları fəaliyyət göstərir, məhkumlar da orada işləyirdi. Amma indi məhkumların məcburi əməyə cəlb olunması qadağan olduğu üçün bu proses könüllülük prinsipi əsasında həyata keçirilir”. Cəzaçəkmə müəssisələrində yalnız təsərrüfat işlərinin olduğunu vurğulayan Liqa sədri deyib ki, bir qismində də kiçik sexlər açılıb: "Həbsxanalarda əmək müəssisələri olmadığı üçün məhkumlar daha çox təsərrüfat işlərinə cəlb olunurlar. Əlixanov da yəqin ki, onları nəzərdə tutur. Bilirsiniz ki, mayın 4-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində Xidmətin tabe qurumlarında saxlanılan məhkumların əl işlərinə və cəzaçəkmə müəssisələrində istehsal olunan məhsulların nümayişinə həsr olunan sərgi keçirilib. Amma bunu da ancaq istedadı olan məhkumlar edə bilir. 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan qadınlar isə xalça toxumaqla məşğuldurlar. Amma bütün bunlar ümumi məhkumların dörddə biri qədər ola ya, olmaya”.
Ümumilikdə cəzaçəkmə müəssisələrində əməyin təşkilinin qənaətbəxş səviyyədə olmadığını vurğulayan hüquq müdafiəçisi İctimai Komitə adından bu məsələnin dəfələrlə gündəmə gətirildiyini vurğulayıb: "İndi qarşıda duran əsas vəzifə məhkumların hər birinin peşə qabiliyyətinə və bacarığına uyğun olaraq onların işlə təmin olunmasıdır. İşlə təmin olunma göstəricilərinin artırılması üçün zəruri olan müəssisələrdə iş yerlərinin və istehsalat sahələrinin yaradılması ilə bitmir. Bu, kompleks şəkildə həll edilməlidir. Burada əsas məsələlərdən biri də məhkumların peşə vərdişlərinin artırılması, peşə təhsilinin təşkilindən ibarətdir. Hər bir məhkum cəza çəkərkən əməyə cəlb olunursa və ya hər hansı ixtisas üzrə təhsil alırsa, deməli, o həm də cəmiyyətə qayıdış üçün hazırlaşır. Belə halda onun üçün reinteqrasiya və resosializasiya prosesi daha asan olacaq. Ölkənin tərəfdar çıxdığı və ya qəbul etdiyi müvafiq beynəlxalq normalar da azadlıqdan məhrumetmə yerlərində saxlanılanların əməyə cəlb edilməsini müsbət hal hesab edir. Amma hazırda Penitensiar Xidmətə daxil olan cəzaçəkmə müəssisələrində istehsal potensialı olsa da, istehsal sahələrinə aid olan qurğular, avadanlıqlar iri və müasir tələblərə cavab verən istehsalat imkanlarına malik deyildir. Zənnimcə, irihəcmli və davamlı dövlət sifarişlərinin olacağı təqdirdə qısa müddət ərzində yenidənqurma işlərinin həyata keçirilməsi, avadanlıq və qurğuların yenilənməsi, zəruri kadr potensialının formalaşdırılması mümkündür”.
S.Məmmədovun sözlərinə görə, bu gün üçün cəzaçəkmə müəssisələri təhsil müəssisələri üçün mebel, partalar, şkaflar, uşaq bağçaları üçün çarpayılar, o cümlədən də ordu üçün mebel, çarpayılar, postellər, geyimlər, dövlət sifarişi ilə tikilən binalar üçün plastik qapı və pəncərələr, infrastruktur üçün nəzərdə tutulan məhsullar, o cümlədən yol nişanlarının hazırlanması kimi sifarişləri yerinə yetirmək imkanındadır: "Bunlar hazırda müəssisələrin mövcud potensialla yerinə yetirə biləcəyi sifarişlərin yalnız bir qismidir. Eyni zamanda müəssisələrin kənd təsərrüfatı üçün müxtəlif təyinatlı avadanlıqlar istehsal etmək potensialı vardır. Bir çox müəssisələrdə xüsusi qabiliyyəti olan məhkumlar fərdi qaydada əl işlərindən ibarət müxtəlif hədiyyələr, o cümlədən stolüstü oyun vasitələri, tikmə və toxunma məhsullar hazırlayırlar ki, bu da həm ölkədaxili istehlak, həm də xarici turistlərin istehlakı üçün tələb olunur. Hesab edirəm ki, cəzaçəkmə müəssisələrindəki işsizliyin aradan qaldırılması üçün sözügedən qurumların dəstəyi də lazım deyil, sadəcə sifariş versələr kifayətdir”.
Şəymən