"Məhbusların öz hesabına həkim dəvət etmək hüququ da var"

"Məhkumların saxlanması, həbsxanaların şəraiti baxımından ciddi problem yoxdur”.
Bu sözləri "Sherg.az”a 4 məhkumun ölüm səbəbləri ilə bağlı danışarkən Ədliyyə Nazirliyinin yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev söyləyib.
1 nəfərin intihar etdiyini xatırladan hüquqşünas qeyd edib ki, intihar hadisələrinə ümumən cəmiyyətdə tez-tez rast gəlinir:
"Həbsxanalar da cəmiyyətin bir hissəsi olduğundan cəmiyyətdə baş verən hadisələrdən təsirlənir. Həmin məhbusun şəxsi problemləri, psixoloji gərginlikləri ola bilər. İstənilən halda həmin ölüm hadisələri haqqında araşdırılma aparılacaq. Mətbuata və cəmiyyətə bu barədə məlumat verilməsi də istisna deyil.
Xəstəlikdən dünyasını dəyişən 3 şəxsə gəlincə isə onlar uzun sürən xəstəliklər səbəbindən vəfat ediblər. Elə xəstəliklər var ki, onun müalicəsi mümkün deyil. Buna baxmayaraq, cəzaçəkmə müəssisələrində bütövlükdə xəstəxana xidmətləri ilə bağlı problem yoxdur. Hətta məhbusların öz hesabına həkim dəvət etmək hüququ da var.
Xüsusilə diqqət etmək lazımdır ki, məhbus sağalmaz xəstəliyə tutulubsa, belə məsələyə daha diqqətlə yanaşmaq lazımdır. Sağalması mümkün olmayan xəstələr məhkəmə qərarı ilə azadlığa buraxıla bilər. Bu məsələdə də diqqətli olmaq vacibdir. Çünki bəzən belə şəxslər daha ağır cinayət törədə bilərlər. Təcrübədə bu cür hallar olub”.
Qeyd edək ki, Bakıda, Qobustan həbsxanasında cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.
Aysel Aslan