Zərərçəkənlər mülklərinə sahib çıxacaqlar
“Bundan sonra torpaq sahəsində tikintiyə başlaya biləcəyik. Məhkəmənin qərarı bütün şikayətçilərə təqdim olunmalıdır”
"Sevil Massivi”nin zərərçəkmişləri, nəhayət ki, mülklərinə sahib çıxa biləcəklər. "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi dünən başa çatdı.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vətəndaşların vəsaitlərini qanunsuz mənimsəyənlərə hökm oxundu.
Hakimlər kollegiyasının hökmünə əsasən Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilənlər - Mirnemət Miradıyevin və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Məlum olub ki, təqsirləndirilən şəxslər üzərlərində olan 19 milyon manatlıq ödəmə borcunun 10 milyon 500 min manatını ödəyiblər.
Xatırladaq ki, prokuror Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirnemət Miradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, "Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işinə görə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham edilib.
"Sevil Massivi” şikayətçilərindən biri, MTK-dan dəyəri ödənməklə torpaq sahəsi alan, lakin məlum səbəblərdən torpağına sahib çıxa bilməyən Arzu Şıxəliyeva "Şərq”ə açıqlamasında məhkəmənin hökmündən razı qaldıqlarını bildirdi:
- 5 il idi ki, hüquqlarımız tapdanırdı, heç kim bizim şikayətimizi dinləmirdi. "Sevil Massivi”ndən biz də, bir çoxu kimi torpaq sahəsinə təyin edilmiş qiyməti ödəyib mülk əldə etdik. Lakin sonrakı proseslər torpaq sahəsində ev tikməyimizə mane oldu. Massivdə torpaq sahəsi almış elə şəxslər vardı ki, hətta iki mərtəbəli fərdi yaşayış evi də tikmişdilər. Lakin MTK-nın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə iş dayandırıldı, proses sanki, dondu. İllərlə etdiyimiz müraciətlər, şikayətlər cavabsız qalırdı. Nə torpaq sahəsinə ödədiyimiz pul geri qaytarılırdı, nə torpaq sahəsində tikinti aparmağa icazə verilirdi. İnsanlar hətta tikib hazır vəziyyətə gətirdikləri evə buraxılmırdı. Şükür ki, nəhayət, məhkəmə ədalətli qərar çıxardı. Bundan sonra torpaq sahəsində tikintiyə başlaya biləcəyik. Məhkəmənin qərarı bütün şikayətçilərə təqdim olunmalıdır. Bu sənədlə işə başlaya biləcəyik artıq.
A.Şıxəliyeva bildirdi ki, "Sevil Massivi” MTK-nın barəsində məhkəmə hökmü oxunduğu vəzifəli şəxsləri vətəndaşlara dəymiş 9 milyon manatlıq zərəri də ödəməlidirlər:
- Bununla bağlı da məhkəmənin hökmü var. Məhkəmə qərar çıxarıb ki, ödəmə borcu vəzifəli şəxslərin əmlakları müsadirə olunmaqla ödəniləcək. Eybi yoxdur, bunu da gözləyərik. Əsas odur ki, torpaq sahələri vətəndaşlara qaytarıldı. Vətəndaşların şikayəti təmin edildi, hüquqları tanındı. Buna görə hakim Əfqan Hacıyevə minnətdarıq.
Məlahət Rzayeva