Məktəb ləvazimatları bahalaşır, valideynlər əl-ayağa düşüb
Ekspertlər hesab edir ki, bu vəziyyətdə hökumət işə qarışmalı, süni qiymət artımının qarşısı alınmalıdır
Yeni dərs ilinin başlamasına 20 gün qalıb və təbii olaraq, valideynlərin məktəb qayğıları artıb. Artıq dükan və bazarlarda canlanma müşahidə edilir. Bahalı və keyfiyyətli məktəb ləvazimatları axtaranlar ticarət mərkəzlərinə, tanınmış mağazalara, nisbətən ucuz mal axtaranlar isə yarmarkalara, bazarlara üz tutur. Çünki yeni dərs ili yaxınlaşdıqca, uşaqların zəruri məktəbli forması və dəftərxana malları ilə təmin olunması problemi aktuallaşır.
Dərsliklər və məktəb ləvazimatları hər il məktəblilərin baş ağrısına çevrilir. Bu proses isə valideynləri əməlli-başlı əziyyətə salır.
Çünki məktəblərin açılması ilə əlaqədar hazırda ölkənin bütün bazarlarında qiymətlər od tutub yanır. Valideynlər çaş-baş qalıb. Məktəbli forması bir yandan, dəftərxana ləvazimatları da digər tərəfdən onları sözün əsl mənasında depresyona salıb. Hər kəs öz övladını məktəbə necə yola salacağını düşünür. Çünki indiki bazar qiymətləri ilə bunu düşünməmək mümkün deyil.
Hər il avqust ayının axırı, sentyabrın əvvəlləri bu problemin gündəmə gəldiyini vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, hazırda "məktəbli bazarı”nda anormallıqlar var. Onun fikrincə, bunun əsas səbəbi rəqabətli mühitin olmamasıdır: "Hər il dərs ili yaxınlaşdıqca, məktəbli formaları və dərs ləvazimatlarının qiymətində xeyli dərəcədə süni artım müşahidə olunur. Bu da haqlı olaraq valideynlər tərəfindən etirazla qarşılanır. Hesab edirəm ki, məktəb ləvazimatları ilə bağlı süni qiymət artımının qarşısını almağın yeganə yolu təklifin artırılması ilə bağlı olmalıdır.
Məktəb ləvazimatlarının əksəriyyəti xarici ölkələrdən gəlir. Çox vaxt Türkiyədən və Çindən. Azərbaycanda kifayət qədər yerli istehsal olmadığından lazımi mallar xaricdən gətirilir. Hökumət ən azından müvəqqəti də olsa, bir neçə aylıq məktəb ləvazimatlarına qoyulan vergiləri və bəzi gömrük rüsumlarını aşağı sala bilər. Yaxud da, bu malları ölkəyə gətirən şirkətlərin sayının artırılması yönündə bir təşviq oluna bilər. Əgər ölkəyə daha çox mal və məhsul gətirilərsə, rəqabət mühiti yüksələr və nəticədə qiymətlər xeyli aşağı düşər. İndiki halda isə rəqabət mühiti yoxdur. Vergi və gömrük rüsumları da yüksəkdir. İş adamları bir çox hallarda məcburən qiymətləri yüksəltməli olurlar. Çünki digər xərcləri ödəməyə başqa yolları yoxdur”.
N.Cəfərli hesab edir ki, maraqlı tərəf olsa, illərdir davam edən bu problemin qarşısını almaq mümkündür. Bunun üçün sadaladığımız addımları atmaq kifayət edir. Hər şey hökumətin verəcəyi qərarlardan asılıdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da hesab edir ki, ilk dərs günü yaxınlaşdıqca dərs və məktəb ləvazimatlarının qiymətində daha da artımlar olacaq: "Yeni tədris ilinin yaxınlaşması ərəfəsində hər dəfə Azərbaycanda məktəb və şagird ləvazimatlarının qiymətində artımlar müşahidə olunur. Güman olunur ki, bu ildə də analoji vəziyyətlə rastlaşacağıq. Çünki təəssüflə qeyd etməliyik ki, Azərbaycan sahibkarları bayramlarda, dərs ilinin başlanması ərəfəsində təklif etdikləri məhsulların qiymətini artırırlar. Tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətləri də yüksəlir. Sahibkarlar yaranmış fürsətdən istifadə edərək, daha çox gəlir əldə etməyə çalışır və bu fonda da qiymətləri qaldırırlar. Faktiki olaraq, bu vəziyyətdə uduzan tərəf isə vətəndaşlar olur. Onlar məktəbə göndərdikləri övladları üçün daha çox pul xərcləmək məcburiyyətində qalır. Buna əsasən, cari ildə də məktəb ləvazimatlarının qiymətinin artacağı proqnozlaşdırılır. Təbii ki, bunlar süni qiymət artımlarıdır. Çünki həmin məsələdə qiymətlərin artması üçün hər hansı bir iqtisadi zəmin yoxdur. Dünya bazarında məktəb ləvazimatları, çantalar, məktəbli paltarı üçün istifadə edilən xammalın qiymətində bahalaşma müşahidə edilmir. Belə bahalaşma yoxdursa, yerli bazarda da qiymət artımları olmamalıdır. Ona görə də, məktəb ləvazimatlarının qiymətinin həmişə olduğu kimi, bu ildə də bahalaşması baş verəcəksə, bunlar süni qiymət artımları olacaq. Bu fonda qiymət artımları gözlənildiyindən, olduqca vacibdir ki, belə hallara qarşı mübarizə aparılsın. Dövlət qurumları çalışmalıdır ki, süni qiymət bahalaşmasının qarşısını alsın”.
İSİM rəhbəri yaranmış bu vəziyyətdən çıxış yolunu süni qiymət artımlarına qarşı inzibati metodların tətbiqində görür: "Süni qiymət artımı Azərbaycan qanunvericiliyinə görə qadağandır. Ona görə də, belə qiymət artımlarının qarşısının alınmasına ehtiyac var. O baxımdan qanunvericilik birmənalı şəkildə belə qiymət artımlarını qanuna zidd hesab edir. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyəti var ki, qiymətlərin monitorinqini aparmaqla, qiymət artımları müşahidə edilərsə, onun azaldılması ilə bağlı sahibkarlara xəbərdarlıq etsin və qiymətin əvvəlki səviyyəyə çatdırılmasına nail olsun.
Şəymən