“Uşağımın tərbiyəsi pozular” deyə bir anlayış yoxdur. Çünki uşağın təməli ailədən düzgün qoyulanda, o, kiminsə siqaret və başqa pis təklifi ilə pozula bilməz
Məktəbdən dışlanan uşağın sinfini yox, özünü dəyişmək lazımdır
“Bütün bu olanlar uşağa təsir etdiyi kimi onun valideyninə də mənfi təsirlər göstərə bilər”
“Uşağımın tərbiyəsi pozular” deyə bir anlayış yoxdur. Çünki uşağın təməli ailədən düzgün qoyulanda, o, kiminsə siqaret və başqa pis təklifi ilə pozula bilməz
“Uşağımın tərbiyəsi pozular” deyə bir anlayış yoxdur. Çünki uşağın təməli ailədən düzgün qoyulanda, o, kiminsə siqaret və başqa pis təklifi ilə pozula bilməz
Bir neçə gün öncə Nəsimi rayonu 14 saylı orta məktəbin 3-cü sinif şagirdi ilə bağlı yayılan xəbər geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, məktəbin rus bölməsinin 3E sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri şagirdin 3Ç sinfində oxumasına kütləvi narazılıqlarını bildiriblər.
Valideyn Ruhiyyə Mövsümova bildirir ki, Məhəmmədhəsən əvvəl 3E sinfində təhsil alıb: "Həmin sinifdə sinif yoldaşlarına qarşı yaxşı davranmadığı üçün valideynlərin şikayəti əsasında bizim uşaqların sinfinə keçirilib. Biz də istəmirik ki, o uşaq bu sinifdə oxusun. Çünki övladlarımızın tərbiyəsini pozur. O, dərsin gedişinə mane olur, şagirdlər üçün təhlükəli vəziyyət yaradır. Bir andaca kimisə yumruqlaya, cırmaqlaya bilər. Çantasında kəsici iti alətlər gəzdirir. Uşaq oğlanlara öyrədir ki, gəlin siqarət çəkək. Özüylə dərsə alışqan gətirir və deyir ki, hər yeri yandıracaq. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir”.
Baş vermiş hadisədə hansı tərəfin haqlı və ya haqsız olduğunu söyləmək çox çətindir. Məlumdur ki, hiperaktiv və yetərincə nadinc olan uşağı başqa sinfə keçirmək problemin həll yolu deyil. Sinfin dəyişdirilməsi əksinə, həmin məktəblidə daha böyük aqressiyanın yaranmasına səbəb ola bilər. Bəs belə olan hallarda həqiqətən də uşaq psixoloji travmalar ala bilərmi?
Bu cür hallarda şagirdlərlə necə davranmağın və problemin həlli yollarını araşdırmağa çalışdıq. Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan psixoloq Fərqanə Mehmanqızı belə problemlərin hər zaman baş verə biləcəyini dedi. Onun sözlərinə görə, uşaqların sinifdən sinfə dəyişdirilməsi əslində hamısına eyni dərəcədə təsir etmir. Psixoloqun qənaətincə, elə uşaqlar var ki, onlar başqa sinfə keçirilən zaman psixoloji zərbə almaya da bilərlər:
"Bu, uşağın düşdüyü mühitdən asılıdır. Bəlkə bir uşaq əvvəlki sinfində daha passiv idi və yeni sinifdə daha aktiv olur. Bu da sinif yoldaşlarının onunla necə davranmasından asılıdır. Əgər 15-20 nəfərlik sinifdə bir uşağa yuxarıdan aşağı baxırlarsa və onun ancaq qüsurlarını görürlərsə, təbii ki, həmin sinif o uşağa diskomfort yaradacaq. Şagirdi başqa bir sinfə keçirtdikdə orda ona xoş üz göstərib müsbət keyfiyyətlərini qabardırlarsa və mehriban davranırlarsa, bu, uşağa müsbət təsir edəcək. Qəti bir qanun yoxdur ki, uşağı sinifdən sinfə dəyişəndə onda mənfi travmalar əmələ gəlir. O zaman travma əmələ gəlir ki, uşağın əvvəlki sinfinə mənəvi bağlılığı yaranıb və bu bağlılıq qırılır, yeni sinif onu qəbul etmir. Amma biz həyatımızın hər nöqtəsində müəyyən insanlardan ayrılıb başqa insanlara yaxınlaşırıq. Bu əslində insan psixologiyasında normal bir şeydir”.
F.Mehmanqızı həmçinin bildirib ki, sözügedən hadisədə hərtərəfli düşünmək lazımdır. Onun sözlərinə görə, bütün bu olanlar uşağa təsir etdiyi kimi onun valideyninə də mənfi təsirlər göstərə bilər: "Bir valideynin uşağı aqressivdir və depressiyadan əziyyət çəkir, uşaq sinifdə dışlanır. Bu həqiqətən həm uşağa, həm valideynə psixoloji təsir göstərir. Onsuz da aqressiv olan uşaq ətrafındakılar tərəfindən sevilmədiyini biləndə onun aqressiyası daha da artır. Həmçinin ananın uşağa və özünə, cəmiyyətə qarşı aqressiyası çoxalır. Lakin digər valideynləri də başa düşmək olar. Onlar uşaqlarının fiziki güc tətbiq edə bilən başqa bir uşaqla eyni sinifdə olmağını istəmirlər. Burda "uşağımın tərbiyəsi pozular” deyə bir anlayış yoxdur. Çünki uşağın təməli ailədən düzgün qoyulanda, o, kiminsə siqaret və başqa pis təklifi ilə pozula bilməz. Təməli möhkəm olan uşağın tərbiyəsinin pozulması üçün onun təbiyəsiz cəmiyyətdə bir neçə vaxt qalması lazımdır. Hansısa uşağın pis təklifi ilə tərbiyə pozulmur. Ümumiyyətlə, tərbiyə asan verilmir ki, asan da pozulsun.
Eyni zamanda məktəb direktoru və müəllimlər də iki tərəf arasında qalıblar. Burda haqlı və ya haqsız kimdir deyə bir şey yoxdur. Çünki məsələyə hansı tərəfdən baxsaq, o tərəfin həm haqlı, həm də haqsız olduğunu görə bilərik. Biz bunları düşünərək məsələnin əsas və ana nöqtəsini unduruq. Hadisənin ana nöqtəsi isə uşağın üstündə ciddi işləməkdir. Uşağın sinfini, məktəbini dəyişmək yox, özünü dəyişmək lazımdır. Uşaq özü dəyişilsə, ona qarşı cəmiyyətin fikri də dəyişər. Özü dəyişilməyən uşağı hansı sinfə aparıb qoysalar, yenə eyni şey baş verəcək. Başqa məktəbə qoysalar, əminəm ki, həmin problem o uşaqla gedəcək”.
Xanım psixoloq bildirib ki, belə uşaqları ilk olaraq psixoloq yanına aparmaq, bir müddət məktəbdən uzaqlaşdırmaq və psixoterapiya seanslarından keçirmək mütləqdir: "Uşaq özünü dərk edəndən sonra isə nəticə olaraq onu yenidən həmin cəmiyyətə buraxmaq lazımdır. Bundan sonra cəmiyyətin ona qarşı olan fikrinə göz qoymaq lazımdır. Bu zaman görəcəksiz ki, cəmiyyət özü dəyişən insana qarşı avtomatik dəyişir. İnsan özü cəmiyyətə siqnal verir və göstərir ki, "mən artıq beləyəm və mənə qarşı münasibəti dəyişin”. Bu cür uşaqlar mütləq psixoloq yanında olmalıdır. Məktəb psixoloquna qalanda isə, düşünürəm ki, onlar praktiki psixoloqdur və psixoterapiya eləmir, yalnız diaqnoz qoyur. Məktəb psixoloqunun üzərinə bu qədər məsuliyyət qoymaq da düzgün deyil. Onlar sadəcə şagirdə diaqnoz qoyurlar və valideyni xəbərdar edirlər.
Hər hansı bir məktəb psixoloqu uşağın hiperaktivliyini və aqressiyasını mütəxəsis kimi müalicə edə bilməz. Bu məsələdə ilk olaraq uşağın özü və ailəsi məşğul olmaq lazımdır. Çünki ailədə problem olmasa, uşaqda da problem olmaz. Heç bir problemsiz ailənin problemli uşağı olmur. Bunu dəfələrlə işlədiyimiz şəxsi statistikada və psixoloqların ümumi statistikasında görürük”.
Yeganə Bayramova